Həccin də xərci artır

Həccin də xərci artır
17:46 11 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün xərclər artacaq.

Bu barədə ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli məlumat verib. Onun sözlərinə görə, yanvarın sonunda Həcc ziyarəti ilə bağlı təşkilati məsələlərin müzakirəsi üçün QMİ-nin nümayəndə heyəti Səudiyyə Ərəbistanına yola düşəcək. Məhz bu səfər çərçivəsində həm də Həccin xərcləri ətrafında da danışıqlar aparılacaq.

Bununla belə, artıq ötən ildən Həcc ziyarəti üçün səfər xərcləri dollar hesabı ilə aparıldığından, bu il də qiymətlərdə bahalaşma olacağı istisna edilmir:



“Hələlik bu barədə dəqiq bir məlumat yoxdur. Qiymətlər Səudiyyə Ərəbistanına gedəcək nümayəndə heyətinin aparacağı danışıqlardan sonra müəyyənləşdiriləcək. Amma bildiyiniz kimi, Həcc ziyarəti üçün qiymətlər dollarla hesablanır. Bu valyutanın məzənnəsində də dəyişiklik olduğu üçün yəqin müəyyən artımlar olacaq” deyə QMİ-nin səlahiyyətli nümayəndəsi bildirib.


Hacı Şahin - Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi

Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna fevralın 10-dan sonra başlanılacaq.

Həcc ziyarəti üçün xərclər hələ ötən il təxminən 500-550 dollar (782-860 AZN) artmışdı. Belə ki, Məkkədə VİP xidmətli hotellərdə qalmaq zəvvarlara 5750 dollara (8994 AZN), nisbətən ucuz şəraitli hotellərdə qalmaq isə 4700 dollara (7352 AZN) başa gəlmişdi.

Ötənilki bahalaşmanın bir tərəfdən Məkkədə hotellərin qiymətlərinin qalxması, digər tərəfdən də aparılan tikinti-abadlıq işləri ilə bağlı olduğu bildirilmişdi.

2015-ci ildə Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar getmişdi ki, onlardan 3-ü Məkkədə dünyasını dəyişib.




Hər il dünya ölkələrindən Həcc ziyarətinə 2 milyondan çox zəvvar gəlir. 2013-cü ildə Məkkənin 3.1 milyon ziyarətçisi olmuşdu. 2025-ci ilə qədərsə Həcc ziyarətinə hər il 17 milyon zəvvarın qəbul edilməsi düşünülür.

Səudiyyə Ərəbistanı hər il Həcc ziyarətindən milyardlarla dollar gəlir əldə edir. 2012-ci ildə bu ölkə Həcc və Ümrə ziyarətlərindən 16.5 milyard gəlir əldə edib. Bu isə 2011-ci ildəki gəlirdən 10 faiz artıqdır. 2014-cü ildə Həcc ziyarətlərindən gələn gəlir 8.5 milyard dollar təşkil edib.


Hər il Məkkəni milyonlarla zəvvar ziyarət edir


Amma dünyada mövcud iqtisadi böhrana, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda devalvasiyanın baş verməsinə baxmayaraq, səfər xərcləri artsa belə, bu, Həccə getmək istəyənlərin sayına bir o qədər təsir etməyəcək. Çünki İslamın ən vacib əməllərindən birini yerinə yetirmək üçün imkanı çatan müsəlmanlar hər bir maddi sınağı aşmağa hazırdır.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369419

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR