Bəhruz Quliyev: “Müxalif mətbuat ənənəsini “Səs” qəzeti yaradıb” - MÜSAHİBƏ

Bəhruz Quliyev: “Müxalif mətbuat ənənəsini “Səs” qəzeti yaradıb” - MÜSAHİBƏ
19:09 11 Yanvar 2016
36 Sosial
Ölkə mətbuatı
A- A+

“Səs” qəzetinin baş redaktoru Bəhruz QuliyevinAPA-ya müsahibəsi.

- Bu gün 25 yaşı tamam olan “Səs” qəzetinin yaranması hansı zərurətlə bağlı olub?

 

- “Səs” qəzeti müstəqil Azərbaycan mətbuatının ilk qaranquşlarından biridir. “Səs” ictimai-siyasi qəzet kimi 1990-cı ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-dən dərcinə başlanıb. Yəni qəzetin tarixi Azərbaycanın müstəqillik tarixindən bir neçə ay əvvələ təsadüf edir. Həmin dövrdə Yeni Azərbaycan Partiyası da yaranmamışdı. Qəzet Ulu Öndər Heydər Əliyevin ideyalarının cəmiyyətə çatdırılması kimi müqəddəs missiyanı yerinə yetirib, bu qəzetin ətrafında Ulu Öndəri sevənlər cəmləşib. Bütün zamanlardakı fəaliyyəti dövründə qəzetimiz sağlam ideyanın cəmiyyətə çatdırılması missiyasını şərəflə yerinə yetirib. O dövrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi, onun ideyalarının cəmiyyətə çatdırılması istiqamətində böyük, hətta deyərdim ki, əvəzolunmaz işlər görüb. Həmin dövrlərdə ziyalıların Ümummilli Liderə müraciəti, Ulu Öndərin isə ziyalılara cavabı məhz “Səs” qəzetində dərc olunurdu. Bu xidmətin nəticəsidir ki, Heydər Əliyev öz çıxışlarında hər zaman vurğulayardı ki, “Səs” qəzeti onun üçün çox əziz qəzetdir. O, qəzetin xidmətlərini xüsusi qiymətləndirir, əmin olduğunu bildirirdi ki, qəzet daim inkişaf edəcək, modernləşəcək.

 

“Səs” qəzeti o qəzetlərdəndir ki, müxalif qəzet kimi fəaliyyətə başlayıb. O dövrlərdə dəfələrlə hücumlara, təzyiqlərə məruz qalıb. Amma qəzet öz yolundan, öz mövqeyindən dönməyib. “Səs” qəzeti iqtidara müxalif olub. İndiki müxalifət qəzetlərindən fərqli olaraq, dövlətə və xalqa müxalif mövqedə dayanmayıb. Bir növ qəzet o dövrdə müxalif mətbuatın ənənəsini yaradıb. Sonradan “Səs” qəzeti iqtidar yönümlü qəzetlərə bir mayak, məktəb rolunu oynayıb.

 

Qəzetin baş redaktoru 2005-ci ilə qədər hazırda “Azərbaycan” nəşriyyatının baş direktoru olan Ağabəy Əsgərov olub, 2005-ci ildən etibarən isə qəzetə mən rəhbərlik edirəm. “Səs” çoxsaylı layihələr həyata keçirib. Sonrakı dövrlərdə qəzet modernləşərək öz bazasında “Səs” İnformasiya Agentliyini (SİA) və SƏS TV internet televiziyasını yaradıb, bir neçə portal da fəaliyyət göstərir.

 

Onu da qeyd edim ki, “Səs” qəzeti regionların sosial-iqtisadi inkişafı, problemlər, əldə olunan uğurlarla bağlı dəyirmi masalar təşkil edib. Qəzet ümumiyyətlə, ən aktual məsələlərlə bağlı dəyirmi masalar təşkil edib, bu dəyirmi masalarda görkəmli ictimai-siyasi xadimlər, deputatlar, dövlət məmurları iştirak edib. Eyni zamanda müxtəlif universitetlər, QHT-lərlə birgə layihələr keçirilib. Xüsusilə son dövrlər gənclərlə kütləvi layihələrimiz olub. “Səs” qəzeti ictimai-siyasi qəzet kimi üzərinə düşən missiyanı yerinə yetirməyə çalışıb. Bundan sonra da “Səs” qəzeti öz ənənəsinə sadiq qalacaq, özünəməxsusluğunu qoruyub-saxlamaqla, müasir zamanın yeniliklərində öz sözünü deməyi, dövlətçilik uğrunda mübarizəsini, fəaliyyətini davam etdirəcək .

 

- SİA və SƏS TV internet televiziyası özünü nə dərəcədə doğruldub?

 

- İfadə azadlığı şəraitində ölkədə çoxsaylı internet portalının olması sağlam rəqabətə imkan yaradır. Sağlam rəqabətdə SİA-nın da öz xətti, öz yeri var. Mən deyə bilmərəm ki, SİA ölkənin bir nömrəli agentliyidir. Bu, təkəbbür, yersiz, subyektiv fikir olar. Hesab edirəm ki, SİA və SƏS TV kifayət qədər auditoriyanı ətrafında cəmləyə bilib, özünün oxucu auditoriyası var. SİA və SƏS TV bu gün müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verir.

 

Bu gün Azərbaycan mətbuatının ümumi durumunu necə dəyərləndirirsiniz?

 

- Bu gün Azərbaycanda söz azadlığının təmin olunması, plüralizmin inkişafı istiqamətində dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir. Bu sahədə qanun qəbul olunub, müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib. Prezident İlham Əliyev mediaya xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki,  Azərbaycan mətbuatının inkişafına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, Fond ötən dövr ərzində mediaya dəstək verilməsi sahəsində mühüm işlər görüb. Bundan əvvəl 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Söz və mətbuat azadlığının təmin edilməsi dövlət siyasətində prioritet istiqamətlərdən biridir. Sadəcə, bu gün Azərbaycan mətbuatının özündən qaynaqlanan bir sıra problemləri var. Bu problemləri mətbuat özü tədricən aradan qaldırmalıdır. Məsələn, reketçilik yazılı mətbuatdan artıq internet portallara  keçib, təəssüf ki, bəzi internet media orqanlarında bunu açıq müşahidə edirik. Belə problemlərlə mübarizə aparmağa ehtiyac var. Digər tərəfdən, mətbuatımızın dünyaya tam inteqrasiya etdiyini, dünya mətbuatı ilə tam ayaqlaşdığını da söyləmək olmaz, bu sahədə də çatışmazlıqlar var.

 

Dövlət daim mətbuatın inkişafına, jurnalistlərin sosial problemlərinin həllinə çalışır. 2013-cü ildə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün bir qrup jurnalist mənzillə təmin olundu, növbəti bina da gələn il təhvil veriləcək. Dövlət bu addımları atırsa, bu addımlar mediamızın özündə də bir dinamika yaratmalıdır. Öyrənməyə, problemlərin aradan qaldırılması istiqamətində mətbuat olaraq özümüzün də çalışmağımıza ehtiyac var. Bu halda mediamızın daha sürətli inkişafına nail ola bilərik.

 

- Mətbuatımızın bu durumunda “Səs” qəzetinin gələcək planları nələrdən ibarətdir?

 

- Bir sıra layihələrimiz, planlarımız var. Çalışacağıq ki, ümumi xarakterli problemlərin işıqlandırılması, görülən işlərin ictimaiyyətə çatdırılması istiqamətində öz yolumuzu davam etdirək. Mətbuat bu gün cəmiyyətimizin güzgüsünə çevrilməli, ictimai nəzarət funksiyasını yerinə yetirməlidir. Prezident İlham Əliyev də çıxışlarında bunu dəfələrlə vurğulayıb. Hesab edirəm ki, “Səs” qəzeti bu gün ictimai nəzarət funksiyasını da yerinə yetirməyi bacarmalıdır və buna çalışacağıq. Bu istiqamətdə yolumuzu davam etdirəcəyik. SİA və SƏS TV-nin inkişafı da diqqət mərkəzimizdə olacaq. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR