“Magistr” jurnalının birinci nömrəsi çapdan çıxıb

“Magistr” jurnalının birinci nömrəsi çapdan çıxıb
19:48 11 Yanvar 2016
65 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
“Magistr” jurnalının 2016-cı ildə birinci nömrəsi çapdan çıxıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul qaydaları” dərc olunub.
Qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda magistratura ilə bağlı dəyişiklik edilib. Dəyişikliyə əsasən, magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələri ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi elmi təşkilatda da yaradıla bilər. Dəyişiklik elm və təhsil sahəsində inteqrasiyanın təmini məqsədilə edilib. Artıq cari tədris ilindən etibarən AMEA-da da magistr hazırlığı həyata keçirilməyə başlanılıb.
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları”nın təsdiq edilməsi haqqında” TQDK-nın 2011-ci il 29 dekabr tarixli qərarında bəzi digər dəyişikliklər edilib.
Bakalavrların və digər ali təhsilli şəxslərin ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbulunu tənzimləyən qaydalara əlavə edilmiş müvafiq bəndə əsasən, ali təhsil müəssisələrində və elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün ərizə verə bilməzlər.
“Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə müsabiqədə iştirak etmək üçün bakalavrlar internet vasitəsilə TQDK-nın rəsmi saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycan Respublikasındakı ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar “Bakalavrın elektron ərizəsi”ni internet vasitəsilə özləri təsdiqləməlidirlər.
Digər bakalavrlar ərizələrini və Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, bakalavr və ya digər ali təhsil haqqında diplomu və ona əlavəni (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla) TQDK tərəfindən yaradılan Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə təsdiqlətdirməlidirlər.
Qəbul qaydalarına görə, ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına müsabiqə yolu ilə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır.
Magistraturaya sənəd qəbulu cari ilin fevralında aparılacaq. Qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsinin martda, ikinci mərhələsinin isə mayda keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. Bu mərhələdə məntiqi təfəkkür, xarici dil və informatika üzrə test bloklarına həm çoxseçimli, həm də açıq formalı test tapşırıqları daxil ediləcək. Bunlara aid nümunələr “Magistr” xüsusi buraxılışının ikinci nömrəsində veriləcək.
Qəbul qaydalarına görə, imtahanın birinci mərhələsindəki nəticələri TQDK tərəfindən müəyyənləşdirilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələdə iştirak hüququ qazanacaqlar. Həmin mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri çoxseçimli və açıq formalı test tapşırıqlarının cavablandırılması, bəzi proqramlar üzrə isə yazı işlərinin yerinə yetirilməsi vasitəsilə yoxlanılacaq. Müsabiqə və yerləşdirmə bakalavrların topladıqları ümumi ballar (imtahanın iki mərhələsində toplanılan balların cəmi) əsasında həyata keçiriləcək.
“Magistr” jurnalının birinci nömrəsində magistraturaya qəbul qaydaları ilə yanaşı, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə izahlı test tapşırığı nümunələri təqdim edilir. Magistraturaya qəbul elanı, məntiq, informatika və xarici dillər üzrə model testlər, ixtisaslaşma seçiminə dair cədvəllər, ixtisaslaşmalar üzrə qəbul proqramları və digər materiallar isə jurnalın növbəti nömrələrində dərc olunacaq.
Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Magistr_jurnalinin_birinci_nomresi_chapdan_chixib-917578

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR