Samir Şərifov: "Manatın məzənnəsinin enməsi..."

Samir Şərifov: "Manatın məzənnəsinin enməsi..."
22:37 11 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Maliyyə naziri Samir Şərifov çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

Yola saldığımız 2015-ci il qlobal maliyyə-iqtisadi qurumlarının proqnozlarına rəğmən dünya iqtisadiyyatının inkişaf templərinin artımı ilə deyil, gözlənilməz azalması ilə səciyyələnib.

Belə ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu 2015-ci ilin qlobal iqtisadi artım tempi üzrə 3,8 faiz artım proqnozunu azaldaraq hazırda 2,4 faiz təşkil edəcəyini bəyan ediblər ki, bu da 2014-cü illə müqayisədə 1 faiz azalma deməkdir. 2008-ci ildə başlamış və daha çox inkişaf etmiş ölkələrin iqtisadi və maliyyə-bank sistemlərini sarsıtmış qlobal maliyyə-iqtisadi böhranın mənfi fəsadlarının beynəlxalq miqyasda əlaqələndirilmiş səylərə baxmayaraq tam aradan qaldırılmasına nail olunmayıb.

İnkişaf etmiş ölkələr son 6 il ərzində olduqca yumşaq monetar və ucuz pul siyasətinin yürüdülməsi hesabına iqtisadiyyatlarının böhrandan çıxmasına yenicə nail olur.

İnkişaf etməkdə olan ölkələr isə böhranın residivləri və 2016-cı ilin ilk həftəsində dünya fond birjalarında yaşanan təlatümlərə nəzər salsaq, hətta böhranın yeni dalğası ilə üz-üzə gəlirlər. Qlobal böhranın yeni fazasının əsas cəhəti dünya istehlakının artım templərinin və qlobal ticarətin zəifləməsi, bununla əlaqədar qiymət şoklarının, əsasən də xammallar üzrə qiymətlərin kəskin enməsinin ərsəyə gəlməsidir. 2015-ci ildə enerji, metal və bitki əmtəələrinin qiymətlərində son 5 ilin ən yüksək səviyyəsi ilə müqayisədə orta hesabla 45 faiz geriləmə müşahidə olunub.

Ölkəmizin əsas ixrac məhsulu və xarici valyuta daxilolmalarının mənbəyi olan xam neftin qiyməti 3 dəfədən artıq azalıb, 2000-ci illərin əvvəllərindəki səviyyələrədək enib.

Qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, 2015-ci ildə ölkə iqtisadiyyatının artımı, büdcə - fiskal dayanıqlılığı təmin edilib. Ümumi daxili məhsulun 1,1 faiz artım səviyyəsi əvvəlki illərdəki artımla müqayisədə az olsa da, mürəkkəb xarici iqtisadi mühit, ölkəmizin makroiqtisadi sabitliyinə artan təzyiqlər və olduqca əhəmiyyətli dərəcədə azalan xarici valyuta gəlirləri şəraitində əldə edilib. Buna görə qənaətbəxş hesab edilə bilər.

Möhtərəm Prezident, hökumətin qarşısında qoyduğunuz vəzifələrə uyğun olaraq 2015-ci ildə dövlət büdcəsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları və prioritet kəsb edən layihələr tam həcmdə maliyyələşdirilib.

Hesabat ilində dövlət büdcəsinin gəlirləri nəzərdə tutulduğundan 2,3 milyard manat və ya 11,6 faiz az olub.

Gəlirlərin azalmasının əsas səbəbi neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşməsi nəticəsində hökumət tərəfindən Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertin azaldılması və bununla Neft Fondunun valyuta ehtiyatlarına qənaət etməsi qərarı olub.

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətləri ilə təmin edilən daxilolmalar 100,1 faiz səviyyəsində icra olunub və müvafiq olaraq dövlət büdcəsi gəlirlərinin 41,5 və 9,3 faizini, mütləq ifadədə isə 7 milyard 118 milyon manat və 1 milyard 592 milyon manat təşkil edib.

Qeyd edilməlidir ki, 2015-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 6 milyard 950 milyon manat və yaxud 103,0 faiz icra edilməklə proqnozla nəzərdə tutulduğundan 200,0 milyon manat, 2014-cü illə müqayisədə isə 694,0 milyon manat və ya 9,5 faiz çox təşkil edib.

Ümumən vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 40,5 faiz təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 6,5 faiz-bənd çoxdur.

Ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasətinin davam etdirilməsi və təsdiq olunmuş büdcə xərclərinin 3,1 milyard manat və ya 15,0 faiz ixtisar edilməsi qərarına gəlinib.

Bununla belə, sosialyönümlü xərclərin prioritetliyi saxlanılaraq, həmin məqsədə büdcə xərclərinin 32,1 faizi və ya 5 milyard 752 milyon manatı yönəldilib ki, bu da 2014-cü illə müqayisədə 5,0 faiz çoxdur.

2015-ci ildə dövlət büdcəsindən təhsil xərclərinə 1 milyard 605 milyon manat vəsait sərf olunub ki, bu da əvvəlki illə müqayisədə 51,3 milyon manat və yaxud 3,3 faiz çoxdur.

Ayrılmış vəsaitin 190,0 milyon manatı bu sahə üzrə nəzərdə tutulan dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatına yönəldilib.

Azərbaycan Prezidentinin müvafiq Fərmanının icrası olaraq ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının artırılması və onların maddi rifahının yaxşılaşdırılması məqsədilə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmaqla onların həftəlik dərs yükünün norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılmasına Bakı şəhərində hesabat ilində başlanılıb, cari ildən isə digər 12 şəhər və rayon bu sistemlə əhatə olunacaq. Bu artımlar ümumi təhsil müəssisələrində çalışan 52 min nəfər müəllimə şamil olunub.

2015-ci ilin dövlət büdcəsində səhiyyə xərclərinə 708,0 milyon manat və yaxud 2014-cü illə müqayisədə 6,4 faiz çox vəsait yönəldilib, səhiyyə sahəsi üzrə 13 dövlət proqramı və tədbirlərin maliyyələşdirilməsinə 161,0 milyon manat sərf edilib.

Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin davamlı kursuna uyğun olaraq 2015-ci il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat xərclərinə 1 milyard 857 milyon manat vəsait yönəldilib.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün keçən ildə icmal və dövlət büdcələrindən bütövlükdə 378,0 milyon manat, o cümlədən dövlət büdcəsinin cari və əsaslı xərclərindən 228,0 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 150,0 milyon manat vəsait sərf olunub.

Şəffaflığın təmin edilməsi məqsədilə aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının təyinatı zamanı ilk dəfə olaraq elektron qaydalar qəbul edilib və yeni qaydalarla 415 min nəfər şəxsdən ibarət olan ailələrə dövlət büdcəsinin vəsaiti hesabına 206,0 milyon manat ünvanlı sosial yardım verilib.

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib, 18 yaşa çatmış və valideyn himayəsindən məhrum olmuş uşaqların mənzil problemlərinin aradan qaldırılması üçün "Məzun Evi" Sosial Müəssisəsi yaradılıb.

Möhtərəm Prezident, xüsusi diqqətiniz sayəsində ölkəmizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi dövlətimizin ən ümdə vəzifəsi kimi gündəmdə qalmaqdadır. Bu məqsədə 2015-ci ildə dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində və yaxud 2014-cü illə müqayisədə 2,7 faiz-bənd çox vəsait ayrılıb.

Ölkə Prezidentinin müvafiq Fərmanının icrası olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə 744 mənzil verilib.

Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 331,0 milyon manat vəsait ayrılıb ki, bunun da 33,0 milyon manatı muxtar respublikada həyata keçirilən investisiya layihələrinə sərf edilib.

Hesabat ilində 3 milyard 659 milyon manat dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması layihələrinin icrası davam etdirilib.

Ötən il dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına ölkənin 25 məktəb, 10 uşaq bağçası, 50 məktəbdə əlavə korpuslar, sinif otaqları, 1 incəsənət məktəbi tikilib istifadəyə verilib, 27 məktəb, 24 uşaq bağçası və 1 kollecin binalarının yenidən qurulması həyata keçirilib.

Əlillərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə gözdən əlillər üçün 132 mənzilli ev, respublikanın digər şəhər və rayonlarında əlillər və şəhid ailələri üçün 82 fərdi ev və 199 mənzil inşa edilərək onların istifadəsinə verilib.

Ötən il səhiyyə müəssisələrinin tikintisi və yenidən qurulması işləri davam etdirilib, Ağsu Mərkəzi Rayon Xəstəxanasının tikintisi, Gəncə, Mingəçevir və Göyçay şəhər və rayon xəstəxanalarının əsaslı təmiri başa çatdırılıb.

2015-ci ildə hökumət tərəfindən cəlb olunmuş kredit xətləri hesabına 1,7 milyard manat, Dövlət Neft Fondunun vəsaiti hesabına 994,0 milyon manat məbləğində vəsait iri infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün istifadə edilib.

Regionlarda, xüsusilə də kəndlərdə yaşayan əhalinin ticarət-iqtisadi münasibətlərində mühüm yer tutan və həmçinin əhalinin rahat hərəkətini təmin edən yol infrastrukturlarının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin bir qisminin icrası ötən il başa çatdırılıb, ölkənin müxtəlif regionlarını, kənd və qəsəbələrini birləşdirən ümumi uzunluğu 348 kilometr olan avtomobil yolları əhalinin xidmətinə verilib.

Bakı şəhərində və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişində və şəhərdaxili hərəkətində mühüm əhəmiyyət kəsb edən Bakı-Sumqayıt-Bakı dəmir yolu xəttinin yenidən qurulması, metro "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışının inşası, Bakı şəhərində avtomobillərin hərəkətinin asanlaşdırılması tədbirləri çərçivəsində Ziya Bünyadov prospektinin tikintisi və genişləndirilməsi, yeni bulvar yolunun və Qala-Pirallahı yollarının tikintisi kimi iri layihələr 2015-ci ildə başa çatdırılaraq istismara verilib.

Yuxarıda qeyd edilənlərlə yanaşı, "Cənub" qaz dəhlizi layihəsinin icra qrafikinə uyğun maliyyələşdirilməsi davam etdirilib, habelə qeyri-neft gəlirlərində əsas mənbələrdən ola biləcək "Yeni İpək Yolu" dəhlizinin fəaliyyətə başlanılması tədbirləri çərçivəsində Ələt qəsəbəsində yerləşən beynəlxalq dəniz ticarət limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tərkib hissəsi olan Bakı-Böyük Kəsik dəhlizinin tamamilə yenidən qurulması və dəhlizin enerji təchizatının və işarəvermə sisteminin yenilənməsi, habelə Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun birinci kateqoriyaya uyğun genişləndirilməsi istiqamətində işlərin icrası sürətləndirilib.

Hesabat dövründə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kənd təsərrüfatının dəstəklənməsi, kəndlərarası yolların tikintisi üçün üst-üstə 228,0 milyon manat vəsaitin ayrılmasına dair sərəncamlar imzalanıb.

Sahibkarlığın inkişafı diqqət mərkəzində qalmaqdadır. Sahibkarlığın inkişafına mənfi təsir edən süni maneə və əngəllərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrası sürətlə davam etdirilib, 2 il müddətinə sahibkarlıq sahəsində əsassız yoxlamaların aparılması dayandırılıb, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq tələb olunan növlərinin sayının 59-dan 37-dək azaldılmasına və sənədləşmə prosedurlarının sadələşdirilməsinə, bu işlərin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsinə, həmçinin "Elektron lisenziya" portalının yaradılmasına başlanılıb.

Vergilər Məcəlləsinə edilən dəyişikliklərlə ticarət, ictimai iaşə, mülki tikinti sahələrində sahibkarların fəaliyyəti üçün sadələşdirilmiş vergi rejiminin tətbiqinə 2016-cı il yanvarın 1-dən başlanılıb.

2015-ci ilin ilkin yekunlarına görə ölkə sahibkarlarına dövlət büdcəsinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları üzrə kredit portfeli 1 milyard 15 milyon manat, o cümlədən Sahibkarlığa Kömək Milli Fondu üzrə 945,0 milyon manat, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti üzrə 70,0 milyon manat təşkil edib.

Ötən il həmin mənbələrdən və dövlət büdcəsindən ayrılmış vəsait hesabına 5243 sahibkara 249,0 milyon manat məbləğində güzəştli kredit verilib.

Verilən kreditlərin 40,0 faizi və yaxud 100,0 milyon manatı dövlət büdcəsindən, 60,0 faizi və yaxud 149,0 milyon manatı isə kredit portfelinin vəsaiti hesabına, yəni, qaytarılmış kreditlər hesabına olub.

Bütövlükdə ayrılan güzəştli kreditlərin 85,6 faizi aqrar sektorun, 14,4 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib.

Bununla yanaşı, 2015-ci ildə 5160 sahibkara 56,0 milyon manat məbləğində kiçikhəcmli güzəştli kredit verilib.

2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilib, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası üçün dövlət büdcəsindən 186,0 milyon manat vəsait ayrılıb. Onu da qeyd etmək istərdim ki, proqramın əhatə etdiyi dövr ərzində isə bütövlükdə 914,0 milyon manat vəsait ayrılıb. "Aqrolizinq" Acıq Səhmdar Cəmiyyətinə 71,0 milyon manat, o cümlədən iribuynuzlu damazlıq heyvanların idxalının həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 15,0 milyon manat və kənd təsərrüfatı texnikasının alınması üçün 16,0 milyon manat, yüksək keyfiyyətli sortluq toxum və tinglərin yetişdirilməsi məqsədilə toxumçuluq və tinglik təsərrüfatlarına dövlət büdcəsindən subsidiya qismində 5,3 milyon manat vəsait ayrılıb.

2015-ci ildə meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin maliyyələşdirilməsi diqqətdə saxlanılıb, bu məqsədə dövlət büdcəsinin cari xərclərindən 275,0 milyon manat, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 116,0 milyon manat, xaricdən və daxildən cəlb edilmiş kreditlər üzrə isə 100,0 milyon manat, cəmi 491,0 milyon manat vəsait sərf olunub.

Son illərin ənənəsinə uyğun olaraq 2015-ci ildə ölkəmiz bir çox mötəbər beynəlxalq səviyyəli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və xarici ölkələrdə keçirilən tədbirlərdə təmsil olunub.

Təkcə yola saldığımız ilin yox, müasir tariximizin ən əlamətdar idman hadisələrindən biri ölkəmizin ilk Avropa Oyunlarına ev sahibliyi etməsi olub. Ümummilli həmrəyliyin göstəricisinə çevrilən bu möhtəşəm idman bayramı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olmaqla yanaşı, respublikamızın mədəniyyətlərarası və dinlərarası dialoqun mərkəzi, qlobal siyasi, iqtisadi, humanitar problemlərin müzakirə olunduğu məkan kimi rolunu və əhəmiyyətini təsdiqləməkdədir.

Ölkəmizdə və xaricdə keçirilən digər beynəlxalq tədbirlərin maliyyə təminatı üçün 2015-ci ilin dövlət büdcəsindən 21,5 milyon manat, o cümlədən Bakı şəhərində beynəlxalq əhəmiyyət kəsb edən Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 48-ci illik toplantısının, 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasının, şahmat üzrə Dünya Kubokunun keçirilməsinə, "Milan EXPO-2015" Beynəlxalq Sərgisində ölkəmizin iştirakına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı (UNESCO) ilə əməkdaşlıq çərçivəsində fəaliyyətin həyata keçirilməsinə və bu kimi digər tədbirlərin maliyyələşdirilməsinə vəsait ayrılıb.

Möhtərəm cənab Prezident, dünya bazarlarında xam neftin qiymətinin kəskin enməsi nəticəsində xarici valyutada daxilolmaların azalması ölkənin tədiyyə balansında keyfiyyətcə yeni vəziyyət yaradıb və manatın məzənnəsinin əhəmiyyətli enməsini qaçılmaz edib.

Qlobal iqtisadi proseslərin ölkəmizin iqtisadi inkişafına mənfi təsirləri ilə əlaqədar hökumətin və Mərkəzi Bankın atdığı kəsərli addımlar yaranmış makroiqtisadi duruma adekvatdır. Bunu oxşar təsirlərə məruz qalmış digər neft istehsal və ixrac edən dövlətlərin timsalında da görə bilərik.

Qlobal kredit reytinq agentlikləri Azərbaycanda gedən iqtisadi prosesləri yaxından izləyir. Sevindirici haldır ki, agentliklərin üçü də - "Standard & Poor's.", "Moody's" və "Fitch" kredit reytinq agentlikləri ölkəmizin uzunmüddətli yerli və xarici valyutada reytinqlərini investisiya səviyyəsində saxlayıblar.

Neftin qiymətinin ucuzlaşmasının davam etməsi, həmçinin Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində bir sıra dəyişikliklərin edilməsini şərtləndirir.

Bu dəyişikliklər icmal və dövlət büdcəsi gəlirlərinin yeni şəraitə uyğunlaşdırılması, son illər aparılmış büdcə yığcamlaşdırılması siyasətini davam etməklə büdcə xərclərinin səmərəliliyinin artırılması, valyuta ehtiyatlarına qənaət edilməsi, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına əlavə təkan verilməsi kimi hədəfləri güdməlidir.

Bu zaman manatın məzənnəsinin enməsi ilə əlaqədar gündəlik tələbat malları qiymətlərinin inflyasiyasının əhalinin həssas qruplarına ola biləcək mənfi təsirlərinin neytrallaşdırılması tədbirlərinin Sizin tapşırığınıza əsasən həyata keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, möhtərəm cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə alınmaqla 2016-cı il və sonrakı üç il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanmalı, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməklə maliyyə nizam-intizamı gücləndirilməli, israfçılığa, izafi xərclərə yol verilməməli, həmçinin dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət mülkiyyətində olan şirkətlərin idarəetməsində islahatların aparılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası və ona olan etimadın artırılması kimi məsələlərin həllinə nail olunmalıdır.

Cənab Prezident, icazə verin çıxışımın sonunda Sizi əmin edim ki, bugünkü iclasda verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla, qlobal iqtisadi çağırışların ölkə iqtisadiyyatına mənfi fəsadlarının yumşaldılması, 2016-cı ilin dövlət və icmal büdcələrinin prioritetləri üzrə müəyyən etdiyiniz hədəflərə nail olunması, çətinliklərə baxmayaraq, müəyyən etdiyiniz iqtisadi inkişaf hədəflərinin təmin olunması üçün Maliyyə Nazirliyinin kollektivi səylərini əsirgəməyəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR