Prezident manat haqda danışdı: "Bu qaçılmaz idi..."

Prezident manat haqda danışdı: "Bu qaçılmaz idi..."
23:31 11 Yanvar 2016
52 Şou
Ölkə mətbuatı
A- A+

“Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır”.

Axşam.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı keçən il xarici ölkələrə 20 rəsmi və işgüzar səfər etdiyini diqqətə çatdırıb:
 
“Xarici ölkələrin dövlət və hökumət başçıları Azərbaycana səfərlər etmişlər, 15 dövlət və hökumət başçısı Azərbaycanda olmuşdur. Bizim beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox uğurlu olmuşdur. Azərbaycan bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini bildirir, ifadə edir. Bizim mövqeyimiz haqq-ədalət, beynəlxalq hüquq əsasında formalaşır.

Bu gün burada regionda gedən proseslərlə bağlı öz fikirlərimi bildirərkən, eyni zamanda, ictimaiyyətə çatdırmaq istəyirəm ki, Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynamağa çalışacaq. Çalışacaq ki, risklər azalsın, əməkdaşlıq daha da dərinləşsin.

2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Bu da mümkün deyildi. Çünki qeyd etdiyim kimi, neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Manatın məzənnəsi devalvasiyaya uğramışdır. Bu da qaçılmaz idi. Çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Eyni zamanda, bizim qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğramışdır. Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərmişdir. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək”.

Dövlət başçısı bildirib ki, buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb: “Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Bu, məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir, aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir.

Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Bunun yarısı xarici sərmayədir. Bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni, 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alsaq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir.

Keçən il bütün sosial proqramlar icra edilmişdir. Heç bir ixtisar olmamışdır. İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Bu sahədə də islahatlar aparılıb və bu yardımı alan insanların sayı azalıb. Bunun hesabına həqiqətən bu yardıma möhtac olan ailələrə daha da böyük məbləğdə yardım verilir. Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artmışdır. Sosial infrastruktur layihələri icra edilmişdir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, ancaq bu sahəyə biz vəsaiti təşkil edə bilmişik. Altmışa yaxın tibb müəssisəsi tikilib-təmir edilib, 20-dən çox məktəb təmir edilib-tikilib və hazırda 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam edir. Yəni, sosial infrastruktur layihələri Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuşdur və onlar icra edildi, bu il də icra edilməlidir”.

İlham Əliyev bildirib ki, regionların inkişafı 2015-ci ildə sürətlə getmişdir:

“Mən dəfələrlə bölgələrdə olmuşam. Vəziyyətlə tanış olurdum, görürdüm ki, hər bir yerdə inkişaf, tərəqqi var, yeni sənaye müəssisələri açılır. Yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir. Bununla bərabər, onu da deməliyəm ki, 40 min iş yeri bağlanmışdır. Ancaq buna baxmayaraq, 84 min daimi iş yeri açılmışdır, 40 min iş yeri bağlanmışdır. Yenə də burada biz müsbət dinamikanı görürük. Ancaq bununla bərabər, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44044

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR