Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​İlham Əliyev: "Dövlət qurumları yerli sahibkarların işinə müdaxilə etməməlidirlər"

​İlham Əliyev: "Dövlət qurumları yerli sahibkarların işinə müdaxilə etməməlidirlər"

Date: 11 January 2016 23:57

Bakı. 11 yanvar. REPORT.AZ/ "Yerli sahibkarlar da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalıdırlar. Dövlət qurumları isə - həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları onlar üçün bütün şəraiti yaratmalıdırlar. Onların işinə müdaxilə etməməlidirlər".
"Report" xəbər verir ki, prezident bu barədə tapşırığı yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verib.
"Biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Bu, asan məsələ deyil. Xüsusilə burada səslənən fikirlər və ümumiyyətlə, keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik", - deyə dövlət başçısı qeyd edib.
İlham Əliyev vurğulayıb ki, xüsusilə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət daşıyır:
"Son illər ərzində bu istiqamətdə böyük işlər aparılıb. Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır. Əminəm ki, biz bu il ərzində bu istiqamətdə daha da böyük uğurlara nail olacağıq.
Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır. Bu, müsbət haldır. Neftdən asılılıq azalır. Ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, biz düşünülmüş siyasət, gərgin iş nəticəsində buna nail ola biləcəyik".
"Bu il biz xarici investisiyaları Azərbaycana daha böyük həcmdə cəlb etməliyik. Düzdür, bu gün dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır. Ancaq Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur. Düzdür, sərmayələr daha çox neft-qaz sektoruna qoyulur. Ancaq, eyni zamanda, son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyulması müşahidə olunur. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna. O sahələrə ki, öz növbəsində bu sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq. Hesab edirəm ki, kənd təsərrüfatı sektoruna, sənaye sektoruna, xidmət sektoruna xarici sərmayəni cəlb etmək bizim üçün daha da məqbul sayıla bilər və hökumət bu istiqamətdə ciddi iş aparmalıdır. Əvvəlki illərdə daha çox bizə olan müraciətlər əsasında xarici sərmayəni cəlb edirdik. Xarici investorlar gəlirdilər, təkliflər verirdilər, müvafiq orqanlar buna baxırdılar və ondan sonra qərar qəbul olunurdu. Ancaq indiki şəraitdə biz özümüz fəal işləməliyik. Bizim iqtisadi qurumlarımız, eyni zamanda, xaricdəki səfirliklərimiz də bu işlərə qoşulmalıdırlar, potensial investorlara Azərbaycan haqqında daha da geniş məlumat verilməlidir. Bizim imkanlarımız, artan iqtisadi inkişafımız, genişlənən daxili bazarımız, eyni zamanda, regional bazarlar hesab edirəm ki, potensial investorlar üçün cəlbedici ola bilər. Bir sözlə, bu istiqamətdə çox ciddi iş aparılmalıdır və nəticələr olmalıdır", - deyə İlham Əliyev söyləyib.
O bildirib ki, eyni zamanda, yerli sahibkarlar da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalıdırlar:
"Son vaxtlar biz bunu görürük. Xüsusilə dövlət tərəfindən verilən güzəştli kreditlər hesabına biz bunu görürük. Əlbəttə, bu, dövlət siyasətidir. Bu kreditlər sahibkarlara verildikdə də onların qarşısında şərt qoyulur ki, sərmayəni məhz bu və ya digər sahəyə yatırsınlar. Ancaq bizim artıq geniş biznes təbəqəmiz, iş adamlarımız var. Onlar da öz sərmayələrini ölkə iqtisadiyyatına qoymalıdırlar. İlk növbədə sərmayəni iqtisadiyyatın real sektoruna - istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatına, sənayenin inkişafına və xidmət sektoruna yatırmalıdırlar. Dövlət qurumları isə - həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları onlar üçün bütün şəraiti yaratmalıdırlar. Onların işinə müdaxilə etməməlidirlər, əksinə, onları təşviq etməlidirlər və mütəmadi qaydada məlumat verməlidirlər ki, hər bir bölgə üzrə nə qədər investisiya qoyulubdur, investisiyanın mənbəyi nədir. Çünki dövlət investisiyaları təbii ki, dövlət tərəfindən qoyulur. Burada yerli və mərkəzi icra orqanlarının fəaliyyəti o qədər də önəmli deyil. Ancaq əlbəttə ki, mərkəzi və yerli dövlət qurumları özəl xarici və yerli investisiyaları cəlb etməyə çalışmalıdırlar".

Tags:  İlham Əliyev Dövlət qurumları yerli sahibkarların işinə müdaxilə etməməlidirlər

RƏYLƏR


Top news