​Prezident: "Bəzi hallarda dövlət qurumları lazım olmayan, səmərəsiz xərclər edirdilər"

​Prezident: "Bəzi hallarda dövlət qurumları lazım olmayan, səmərəsiz xərclər edirdilər"
00:12 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ "Bəzi hallarda dövlət qurumları, dövlət şirkətlərimiz lazım olmayan, səmərəsiz xərclər edirdilər. Buna son qoyulmalıdır. Burada maliyyə nəzarəti çox güclü, ciddi olmalıdır. Pozuntulara yol verən şəxslər ciddi cəzalandırılmalıdırlar".
"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
"Biz ölkəmizin valyuta ehtiyatlarını qoruyuruq və qorumalıyıq. Əvvəlki illərdə Neft Fondundan dövlət büdcəsinə böyük məbləğdə transfert olunurdu. Bunun da təbii səbəbləri var idi. Biz çalışırdıq ki, əsas infrastruktur layihələrini maksimum tez bir zamanda icra edək və buna nail ola bilmişik. Bu gün deyə bilərəm ki, Azərbaycanda əsas infrastruktur layihələri icra edilibdir. Elektrik enerjisi ilə bağlı generasiya güclərimiz kifayət qədər böyükdür, qazlaşdırma uğurla aparılır, içməli su layihələri, yolların tikintisi. Yəni, Dövlət Neft Fondunun transfertlərinin məqsədi bundan ibarət idi ki, infrastruktur, biznesin inkişafı üçün daha yaxşı şərait yaradılsın və biz buna nail ola bilmişik. İndiki şəraitdə biz Neft Fondunun vəsaitini qorumalıyıq. Əvvəlki illərdə apardığımız siyasət davam etdirilə bilməz. Neft Fondundan dövlət büdcəsinə transfertlər bu il azalır və biz gələcəkdə də xüsusilə hər bir layihəyə, onun əhəmiyyətinə baxmalıyıq və məhz ondan sonra qərar qəbul edilməlidir", - deyə prezident qeyd edib.
O bildirib ki, vergi bazası genişləndirilməli, maliyyə nəzarəti daha da gücləndirilməlidir:
"Buna nail olmaq üçün kifayət qədər ehtiyatlar var. Biz qeyri-formal iqtisadi fəaliyyəti leqal müstəviyə gətirməliyik və bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklər artıq qüvvəyə minmişdir və daha da gözəl imkanlar yaradır.
Gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalıdır. İnhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Hesab edirəm ki, bax, biz bu üç istiqamət üzrə fəal işləsək büdcə gəlirlərimizin məbləğini böyük dərəcədə artıra bilərik. Hesab edirəm ki, büdcəyə mövcud proqnozlardan daha çox vəsait daxil olmalıdır.
2016-cı ilin Dövlət İnvestisiya Proqramı yaxın günlərdə mənə təqdim edilməlidir. Bu proqramda əsas infrastruktur layihələri öz əksini tapacaqdır. Həmçinin dövlət sərmayəsi ölkəyə tez bir zamanda gəlir gətirə və idxalı əvəzləyə biləcək sahələrə qoyulmalıdır.
Maliyyə nəzarəti daha da gücləndirilməlidir. Xüsusilə Hesablama Palatasının işi daha da səmərəli şəkildə təşkil edilməlidir. Dövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə çox ciddi nəzarət olmalıdır. Deyə bilmərəm ki, əvvəlki illərdə nəzarət lazımi səviyyədə idi. Bəzi hallarda dövlət qurumları, dövlət şirkətlərimiz lazım olmayan, səmərəsiz xərclər edirdilər. Buna son qoyulmalıdır. Burada maliyyə nəzarəti çox güclü, ciddi olmalıdır. Pozuntulara yol verən şəxslər ciddi cəzalandırılmalıdırlar".
Dövlət başçısı vurğulayıb ki, "Azərbaycanda bir neçə dövlət qurumu, dövlət şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır. Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər".
Onun sözlərinə görə, bununla yanaşı, ictimai nəzarət mexanizmləri işə salınmalıdır.
"Mən dəfələrlə ictimai nəzarət haqqında fikirlərimi bildirmişəm. Amma hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır.
Biz nağd pul dövriyyəsi sferasını azaltmalıyıq. Nağdsız ödəmələr genişləndirilməlidir. Müxtəlif vasitələr var. Buna nail olmaq üçün, o cümlədən fiskal təşviq mexanizmləri tətbiq edilməlidir ki, şirkətlər maraqlı olsunlar ki, nağdsız əməliyyatlar aparılsın.
Deyə bilərəm ki, bütövlükdə son illər ərzində apardığımız islahatlar öz nəticəsini verməkdədir. Beynəlxalq iqtisadi və maliyyə qurumları Azərbaycanda iqtisadi sahədə aparılan siyasəti yüksək qiymətləndirirlər. Dünyanın ən böyük və mötəbər qurumlarından biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb. Bu, doğrudan da böyük nailiyyətdir. Aparıcı reytinq agentlikləri 2015-ci ildə bizim müsbət reytinqlərimizi təsdiq ediblər. Bu, doğrudan da çox böyük nailiyyətdir. Ancaq biz daha da səmərəli işləməliyik və hansı sahədə qüsur varsa, o qüsurlar, nöqsanlar aradan qaldırılmalıdır".

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/prezident-bezi-hallarda-dovlet-qurumlari-lazim-olmayan-semeresiz-xercler-edirdiler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR