Prezident İlham Əliyev: Nəzarət çox ciddi olmalıdır, pozuntulara yol verən şəxslər ciddi cəzalandırılmalıdırlar

Prezident İlham Əliyev: Nəzarət çox ciddi olmalıdır, pozuntulara yol verən şəxslər ciddi cəzalandırılmalıdırlar
00:28 12 Yanvar 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Vergi bazası genişləndirilməlidir. Buna nail olmaq üçün kifayət qədər ehtiyatlar var. Biz qeyri-formal iqtisadi fəaliyyəti leqal müstəviyə gətirməliyik və bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklər artıq qüvvəyə minmişdir və daha da gözəl imkanlar yaradır."

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalıdır:

“İnhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Hesab edirəm ki, bax, biz bu üç istiqamət üzrə fəal işləsək büdcə gəlirlərimizin məbləğini böyük dərəcədə artıra bilərik. Hesab edirəm ki, büdcəyə mövcud proqnozlardan daha çox vəsait daxil olmalıdır.

2016-cı ilin Dövlət İnvestisiya Proqramı yaxın günlərdə mənə təqdim edilməlidir. Bu proqramda əsas infrastruktur layihələri öz əksini tapacaqdır. Həmçinin dövlət sərmayəsi ölkəyə tez bir zamanda gəlir gətirə və idxalı əvəzləyə biləcək sahələrə qoyulmalıdır”.

İlham Əliyev vurğulayıb ki, maliyyə nəzarəti daha da gücləndirilməlidir: “Xüsusilə Hesablama Palatasının işi daha da səmərəli şəkildə təşkil edilməlidir. Dövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə çox ciddi nəzarət olmalıdır. Deyə bilmərəm ki, əvvəlki illərdə nəzarət lazımi səviyyədə idi. Bəzi hallarda dövlət qurumları, dövlət şirkətlərimiz lazım olmayan, səmərəsiz xərclər edirdilər. Buna son qoyulmalıdır. Burada maliyyə nəzarəti çox güclü, ciddi olmalıdır. Pozuntulara yol verən şəxslər ciddi cəzalandırılmalıdırlar”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda bir neçə dövlət qurumu, dövlət şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır:

“Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər.

Bununla yanaşı, ictimai nəzarət mexanizmləri işə salınmalıdır. Mən dəfələrlə ictimai nəzarət haqqında fikirlərimi bildirmişəm. Amma hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır.

Biz nağd pul dövriyyəsi sferasını azaltmalıyıq. Nağdsız ödəmələr genişləndirilməlidir. Müxtəlif vasitələr var. Buna nail olmaq üçün, o cümlədən fiskal təşviq mexanizmləri tətbiq edilməlidir ki, şirkətlər maraqlı olsunlar ki, nağdsız əməliyyatlar aparılsın.

Deyə bilərəm ki, bütövlükdə son illər ərzində apardığımız islahatlar öz nəticəsini verməkdədir. Beynəlxalq iqtisadi və maliyyə qurumları Azərbaycanda iqtisadi sahədə aparılan siyasəti yüksək qiymətləndirirlər. Dünyanın ən böyük və mötəbər qurumlarından biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb. Bu, doğrudan da böyük nailiyyətdir. Aparıcı reytinq agentlikləri 2015-ci ildə bizim müsbət reytinqlərimizi təsdiq ediblər. Bu, doğrudan da çox böyük nailiyyətdir. Ancaq biz daha da səmərəli işləməliyik və hansı sahədə qüsur varsa, o qüsurlar, nöqsanlar aradan qaldırılmalıdır”.

Prezident bildirib ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülməlidir:

“Ötən il çox ciddi addımlar atılmışdır. Burada bu, səsləndi. Lisenziyaların sayı azaldılıb. İcazələrin sayı azaldılır. Bürokratik əngəllər aradan götürülür. Bu il də bu istiqamətdə daha da ciddi işlər aparılmalıdır və biznes ictimaiyyətinin təklifləri də nəzərə alınmalıdır. Onlarla mütəmadi qaydada əlaqələr saxlanılır. Ancaq indiki şəraitdə onların fikirləri hesab edirəm ki, daha da böyük əhəmiyyət daşıya bilər. Hansı problemlər var, onların biznes fəaliyyəti üçün əngəllər nədən ibarətdir ki, bunu biz aradan götürək və biznes mühitini daha da yaxşılaşdıraq”.

İlham Əliyev deyib ki, sahibkarlara güzəştli kreditlərin verilməsi təmin edilməlidir:

“Keçən il güzəştli şərtlərlə təxminən 250 milyon manat məbləğində kreditlər verilmişdir. Bunun böyük əksəriyyəti aqrar sektora, regionlara verilmişdir. 5 min 240 sahibkara güzəştli kreditlər verilmişdir. Bu il bu siyasət davam etdirilməlidir. Əlbəttə, indi bizim maliyyə imkanlarımız əvvəlki illərdəki kimi deyil, ancaq biz bu sahəyə mütləq vəsait təşkil etməliyik. Çünki bu, iqtisadiyyatın real sektoruna qoyulan sərmayədir. Bu sərmayə qoyuluşunda dövlət siyasəti tam öz əksini tapır. Çünki biz dövlət üçün lazım olan sahələri inkişaf etdirməliyik ki, idxalı əvəzləyə biləcək, ixrac qabiliyyətli məhsulları yetişdirək. Ona görə güzəştli kreditlərin məqsədyönlü şəkildə verilməsi öz müsbət rolunu oynayır. Bu ilin dövlət büdcəsində bu məqsədlər üçün ən azı keçən ilin səviyyəsində vəsait ayrılmalıdır. Nəzərə alsaq ki, verilən bu kreditlərin böyük hissəsi əvvəlcə götürülmüş və qaytarılmış kreditlər hesabına verilir, burada büdcə yükü o qədər də böyük olmayacaq. Olsa da yenə də bu çox önəmli və öz səmərəsini verən sahədir.

Mən bu barədə əvvəllər də öz fikirlərimi bildirmişdim. İndiki şəraitdə buna daha da böyük ehtiyac var. Özəl banklar daha çox iqtisadiyyatın real sektoruna kreditlər ayırsınlar. Dövlət özəl bankları dəstəkləyir. Ümumiyyətlə, bank sektorunda islahatlar aparılmalıdır. Bank sektorunda konsolidasiya aparılmalıdır. Özəl banklar ölkə iqtisadiyyatının inkişafında daha da fəal iştirak etməlidirlər. Əlbəttə ki, özəl banklar gəlir qazanmalıdırlar. Onlar üçün başqa alətlər bəlkə daha da cəlbedici ola bilər. Ancaq dövlət maraqları hər şeydən üstündür. Ona görə özəl banklara tövsiyə olunmalıdır ki, daha çox iqtisadiyyatın real sektoruna vəsait ayırsınlar. Bu gün də əgər onların kredit portfelinə baxsaq görərik ki, iqtisadiyyatın real sektoruna daha da çox vəsait ayrılır. Ancaq hesab edirəm ki, biz bunu, bu siyasəti daha da gücləndirməliyik. Çünki bu gün ölkə qarşısında duran əsas vəzifələr qeyri-neft sektorunun inkişafı, idxalı əvəzləyən, ixrac qabiliyyətli məhsulların istehsalıdır ki, bu məhsullar ixrac edilərək ölkəmizə valyuta gətirir. Çünki valyuta gəlirlərimiz kəskin şəkildə aşağı düşüb. Bu sahədə əlbəttə ki, ilk növbədə kənd təsərrüfatı, emal sənayesi istiqamətinə, tikinti materialları istiqamətinə vəsait ayrılmalıdır ki, biz özümüzü bu məhsullarla daxili istehsal hesabına tam təmin edək”.

Prezident bildirib ki, istehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır: “Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. Əlbəttə ki, biz ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıyıq. Hələ ki, özümüzü tam 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə olaraq cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu, işıqlandırılmalıdır ki, buna son qoyulsun”.


Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2479101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR