Əliyevdən sərt xəbərdarlıq: Maaş onun-bunun cibinə gedir

Əliyevdən sərt xəbərdarlıq: Maaş onun-bunun cibinə gedir
00:31 12 Yanvar 2016
120 Digər
Ölkə mətbuatı
A- A+

"Maliyyə nəzarəti daha da gücləndirilməlidir. Xüsusilə Hesablama Palatasının işi daha da səmərəli şəkildə təşkil edilməlidir. Dövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə çox ciddi nəzarət olmalıdır. Deyə bilmərəm ki, əvvəlki illərdə nəzarət lazımi səviyyədə idi. Bəzi hallarda dövlət qurumları, dövlət şirkətlərimiz lazım olmayan, səmərəsiz xərclər edirdilər. Buna son qoyulmalıdır. Burada maliyyə nəzarəti çox güclü, ciddi olmalıdır. Pozuntulara yol verən şəxslər ciddi cəzalandırılmalıdırlar".

ANS PRESS-in məlumatına görə, bunu Nazirlər Kabinetinin son iclasındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, Azərbaycanda bir neçə dövlət qurumu, dövlət şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır. Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər.


"İnsanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir".


"Bununla yanaşı, ictimai nəzarət mexanizmləri işə salınmalıdır. Mən dəfələrlə ictimai nəzarət haqqında fikirlərimi bildirmişəm. Amma hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır", - deyə prezident bildirib.

İlham Əliyev onu da qeyd edib ki, nağd pul dövriyyəsi sferası azaldılmalıdır. Nağdsız ödəmələr genişləndirilməlidir. Müxtəlif vasitələr var. Buna nail olmaq üçün, o cümlədən fiskal təşviq mexanizmləri tətbiq edilməlidir ki, şirkətlər maraqlı olsunlar ki, nağdsız əməliyyatlar aparılsın.



Dövlət başçısı bildirib ki, bu il biz struktur islahatları aparmalıyıq. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz.

"Struktur islahatları mütləq aparılmalıdır. Bəzi hallarda süni şəkildə iş yerləri yaradılır. Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Buna son qoyulmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaq", - deyə İlham Əliyev bildirib.

Həmçinin oxuyun:
Prezidentdən manat açıqlaması (FOTO)
İlham Əliyev pensiya və maaşların artırılması ilə bağlı tapşırıq verdi
İlham Əliyev: Ermənistan rəhbərliyi panikadadır (FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369447

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR