Kisənə bərəkət, Şaxta baba...

Kisənə bərəkət, Şaxta baba...
17:19 30 Dekabr 2014
110 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Şaxta baba! Darıxmışam. O xeyli böyüyüb axı. Daha üzə çıxarmağa utanır məni. Bilirsən ki, ana da olub. Amma məni heç yerə getməyə qoymadı. Hələ burdayam. Düz ürəyinin içində. Hər il bir yerdə səni gözləyirik. Hər il havalar soyuyanda səninlə söhbətə başlayır. Qış boyu sənə qısılıb o qədər dərdləşir, xəyallarını bölüşür, arzularını pıçıldayır ki...

Sən elə bilmə ki, mən bunu özbaşına eləyirəm. Yəni səninlə söhbətləşməyi deyirəm.  Yoox, onun dedikləridir məndən eşitdiklərin. Özü də əmindir ki, hamısı olacaq. İçində böyük, lap böyük sevgisi var hamıya, sənə də. Bəlkə “olmayacaq” deyilib alnına yazılan çox yazıların heç olmasa bir hərfini əlinin dalıyla silməyi arzulayıb hərdən. Bəlkə sən inanmazsan: elə yazı olub ki, bir hərfini poza bilib də. Baş barmağını gicgahına dirəyib işarə barmağını alnına sürtmək vərdişidir o üzdən. Pis öyrətmisən onu. Bütün arzularını qışa saxlayır. Amma içində bir qorxusu da var: Ya bir gün üstünə qar yağarsa o arzuların?! Sən nə onun, nə başqalarının, kimsənin arzularına qar yağdırma, Şaxta baba...

 

Hərdən adamın ürəyi üşüyür haa. Təkcə onun yox, hamının ürəyini deyirəm. Onda düşünür ki, o sərinliyi, o soyuqluğu sən gətirirsən. Çox üşüyəndir Şaxta baba. Sən ona heç soyuq gətirmə. Kimsəyə soyuq gətirmə... 

 

Bilirəm soyuq gətirirsən ki, səni unutmasınlar, yaddaşlardan silinməyəsən. Amma öz aramızdı, səni unutsaydılar nə onun, nə də yaşıdı olan o biri “uşaqların” ürəyində nə gəzirdik ki, ikimiz də?! Bəlkə elə o “uşaqların” ürəyində qalmışıq təkcə. Sən o ürəklərdə ki, biz varıq, onlara heç soyuq gətirmə. Donar ürəkləri. Evsiz qalarıq sən də, mən də...

 

Tez-tez bilirsənmi nə düşünür? Yox, düşünmür, əmindir ki, yaşıdı olan bütün “uşaqların” hamısının ürəyində varıq ikimiz də. Amma hamı utanır bizdən danışmağa. Düz eləyirlər, yoxsa sonra bizimlə nə danışarlar?!..

 

“Adamlar böyüdü, dünya çirkləndi, biz də bulaşdıq” deyirlər çoxu o “uşaqların”.  O bulaşığı illərdir deyənlərin çoxunda görə bilmirəm. “Bulaşmışam” deyənlərin çoxu zərrə kimi görünən çirki ümman bilər, bulaşmışlar eləcə susar, bulaşmağa davam edərlər. Bax, bunu unudurlar. Bəlkə ruhunda zərrəcən çirk yoxdur kimsənin. Sən gətirən qarlara dözməz o bulaşıqlar. Həmişə qar gətir, Şaxta baba. Çirkli insanlar da təmiz görünmək şansı qazansın qoy...

 

Bu böyük “uşaq” qırxa salam verəcək bir-iki günə. Mən dördün yanındakı sıfırı gizlətmək istəyirəm. Sıfırsız dörd mənim yaşımdı axı. Bir də zamanın varsa, onun yuxusuna gir, Şaxta baba. De ki, onu sevirsən. Həmişəki dəcəl qız cocuğudur o sənin gözündə...

 

***

Yazdım bitirdim! Öz-özümə söylədiyim bu söz bir az hesabat verməyə bənzədi. Mən kimə hesabat verirdim ki?! Kimə olacaq, özümə. Stolun üstündə uşaqların divara söykəyib saxladıqları gəlinlik güzgümə sataşdı gözüm. Lap gülməyim gəldi gördüyümə. On aylığımda atamın köməyi ilə fotoqrafın çəkdiyi bir şəklim var. Elə bildim güzgüdən mənə baxan elə o uşaqdır. Və yəqin ki, mən də bu “yazdım bitirdim” hesabatını o uşağa verirdim.

***

...Və yan otaqda belə bir dialoq:

 

- Bunları bizə ataynan anam alıb.

 

- Yox, Şaxta baba gətirib, yolkanın altına qoyub.

 

- O gün Dəniz dedi ki, bizi aldadırlar, Şaxta baba yoxdur.

 

- Yox, ana deyir ki, var. O bizə yalan deməz.

 

Bu, iki qızımın söhbəti idi. Oğlum da qoşuldu söhbətə:

 

- Sakit olun, ana orda yazır. İkiniz də səsinizi kəsin. Atayla ana seçib, Şaxta baba pulunu verib...

 

***

 

Nə deyim, kisənə bərəkət, Şaxta baba! Sən elə bizim babamızsan. Yaşıdım olan bütün “uşaqlar və balaca bildiyimiz bütün “böyüklər”, bayramınız mübarək !..

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189163

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR