Avropa bir neçə yüz min miqrantın əlində əsir-yesir qalıb

Avropa bir neçə yüz min miqrantın əlində əsir-yesir qalıb
06:51 12 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

“550 milyon əhalisi olan Avropa bu gün bir neçə yüz min miqrantın əlində əsir-yesir, çaş-baş qalıb, vəziyyəti idarə edə bilmirlər.”

ANS PRESS-in məlumatına görə, bu sözləri Nazirlər Kabinetinin son iclasındakı çıxışında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov deyib.

“Dünyada baş verən haqsızlıq və ədalətsizliklər yüz minlərlə insanın həyatını itirməsinə, il ərzində miqrantların sayının 10 milyondan çox artmasına səbəb olub. Dünyaya demokratiya, insan hüquqları dərsi keçənlərin özləri bu gün dünyanı sanksiyalarla idarə edirlər. Onların demokratiyası, insan hüquqlarının müdafiəsi bundan ibarətdirmi? 550 milyon əhalisi olan Avropa bu gün bir neçə yüz min miqrantın əlində əsir-yesir, çaş-baş qalıb, vəziyyəti idarə edə bilmirlər. Bəs kiçik əraziyə və azsaylı əhaliyə malik Azərbaycan dövləti və onun Prezidenti bir milyon iki yüz min qaçqın, məcburi köçkün problemini necə idarə edir?”

Baş nazirinin müavini Əli Həsənov çıxışı zamanı məcburi köçkünlərin ev şəraitinin yaxşılaşdırılmasından da danışıb.

“Cənab Prezident, məcburi köçkünlərlə bağlı bir problemi diqqətinizə çatdırmağı özümə borc bilirəm: 150 min nəfər məcburi köçkün Bakıda istismara yararsız yataqxana, pansionat, yarımçıq tikililərdə olduqca çətin şəraitdə yaşayır. Vaxtilə təklifimiz nəticəsində Abşeron rayonunun Qobu qəsəbəsində yaşayış massivinin layihələndirilməsinə başlanıldı. Hesab edirəm ki, Bakı şəhərində vəziyyəti yüngülləşdirməyin çıxış yolu, imkan yarananda, həmin yaşayış massivinin layihələndirilməsi və tikilməsidir.

Tapşırığınız əsasında məcburi köçkünlərə nəzərdə tutulan güzəştlərin tam təhlili aparılıb, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə qənaət edilməsi üçün təkliflər hazırlanıb. Həmin təkliflər aidiyyəti nazirlərlə müzakirədən sonra yaxın vaxtlarda Zati-alinizin diqqətinə təqdim ediləcək.

Məlumat üçün bildirirəm ki, 2015-ci ildə komitəyə ayrılmış büdcədən, yaranmış maliyyə çətinlikləri nəzərə alınaraq, 5 milyon manat vəsaitə qənaət edilib.”


Əli Həsənov çıxışında Qarabağ problemindən də danışıb.

“Cənab Prezident, bu gün ölkəmizdə əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. İnanırıq ki, apardığınız çoxşaxəli və qətiyyətli işlər öz nəticəsini verəcək. Buna görə də öz qüvvəmizə güvənmək, iqtisadiyyatımızı, hərbi qüvvəmizi daha da artırmaq siyasətiniz ən doğru yoldur. Zati-aliləri, dövlətin gücü xalqla Prezidentin birliyindədir. Bu gün ölkədə xalqla Prezident arasında monolit birlik var.

Dünyada gedən siyasi oyunlar nəticəsində, yəqin ki, 2016-cı il də çətin il olacaq. Ancaq, cənab Prezident, Sizin çox təkmil dünyəvi idarəçilik sisteminiz, təcrübəniz sayəsində bu çətinliklər dövlətimiz və xalqımızdan yan keçəcək”.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR