Amerika təbliğat savaşında uduzur

Amerika təbliğat savaşında uduzur
08:17 12 Yanvar 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

"Rusiyanın beynəlxalq təbliğat aparatının yenidənqurması və intensivləşdirilməsi" Birləşmiş Ştatları xarici auditoriyaya xəbər yayımlayan "Amerikanın səsi" və "Azadlıq radiosu" kimi dövlət KİV-in sistemində islahatlar keçirmək barəsində düşünməyə vadar edib.

"The Washington Times" qəzetinin müxbiri Qay Teylor bildirir ki, irəli sürülən təşəbbüsün müəlliflərindən biri bu sahənin tənzimlənmə prosesini Reyqanın dövründə tətbiq olunan standartlara uyğunlaşdırılmasına və bu təşkilatların müdriyyətlərini xaricə xəbər yayımlayan KİV-in strukturlarını dəyişdirmək üçün cəhd göstərən konqresmenlərə qarşı müqavimət göstərməyə səslədi.

Xarici auditoriyaya xəbər ötürən amerikalı KİV-in tabe olduğu Yayım üzrə İdarə Heyətinin sistemində islahatların aparılmasını dəstəkləyənlərdən biri ABŞ Konqresinin üzvü, beynəlxalq əlaqələr üzrə nümayəndələr palatasının komitəsinin rəhbəri, respublikaçı Edvard Roysdur. Onun sözlərinə görə, Rusiya "düşünülmüş media hücumuna" keçib, ABŞ isə "bu hücuma effektiv şəkildə cavab vermir". O hesab edir ki, İdarə Heyətinin strukturu "nizamsız və həddindən artıq qabardılmışdır".

Məqalənin müəllifi qeyd edir ki, Roys Demokratiya partiyasından olan konqresmen həmkarı Eliot Consonla birlikdə İdarə Heyətinin tərkibini kökündən dəyişməyə qadir olan qanunun qəbul edilməsini təkid edirlər. Hazırda sözügedən heyət "Ağ Ev tərəfindən təyin olunmuş doqquz üzvdən ibarətdir, onlar ayda bir dəfə toplanırlar və boş vaxtlarında bu işlə məşğul olurlar". Roys və Encel "gündəlik rejimdə fəaliyyət göstərən və daimi" orqanın yaranması istiqamətində səylər göstərirlər. Bundan başqa, onlar İdarə Heyətinə tabe olan altmışdan artıq mətbuat mərkəzlərinin buraxdığı materiallar arasında dublikatların sayının azaldılmasının vacib olduğunu hesab edirlər.

Encel müsahibəsində qeyd etdi ki, "Soyuq müharibə zamanı "Amerikanın Səsi", "Azad Avropa Radiosu" və ABŞ-ın dəstəyi ilə fəaliyyət göstərən digər yayım vasitələrinin dünyaya yaydığı düzgün, qərəzsiz xəbərlər standartın qızıl nümunələri idi. Bu gün belə məlumatların yayılmasına olan təlabat heç də aşağı deyil".

Teylor adı çəkilməyən yüksək rütbəli diplomata istinadən bildirir ki, Roys və Encelin fikirlərini Şərqi Avropada da dəstəkləyirlər. Litvanın xarici işlər naziri Linas Linkeviçus müxbirə verdiyi müsahibədə qeyd edib ki, "İnformasiya müharibəsi gedir və biz ona uduzuruq" . Onun qiymətləndirmələrinə əsasən, Litva ərazisindəki kabel telekanallarının 60 faizi Moskvanın nəzər nöqtəsini əks edir. Linkeçivus həmçinin bildirdi ki, Amerikanın yayım vasitələrinin kontenti Şərqi Avropada radiodalğalarla deyil, internet vasitəsilə yayımlanır.

"Azadlıq Radiosu"nda bunun səbəbi olaraq ""Azadlıq Radiosu" və "Amerikanın Səsi"nin kontentini tətbiq etmək istiqamətində yayımçıları son on ildə təşviq etməyən" regional hökumətin apardığı siyasət göstərilir. Məqalədə "Azadlıq Radiosu"nun anonim əməkdaşının sözləri qeyd olunur: "2000-ci illərin əvvəlində bizim məhsullarımızı hətta Rusiyanın ərazisində yayımlayan 35-ə yaxın yerli tərəfdaşımız var idi. Lakin 3-4 il ərzində Rusiya hökuməti bizi radiodiapazondan çıxardı və hazırda bizim orada heç bir törəmə yayımçımız fəaliyyət göstərmir".

"The Washington Times"ın müsahibi internetin radio və video kontentin yayımlanma vasitəsi olaraq zəif qiymətləndirilməsi ilə razılaşmadı. O hər kəsi Estoniyada internetin aparıcı qüvvə olduğunu və ən yüksək səviyyədə istifadə olunmasını xatırlamağa səslədi və ""Azadlıq Radiosu" və "Amerikanın Səsi"nin ortaq xəbər telekanalı olan və Rusiya ilə qonşu ölkələrdə yaşayan rusdilli auditoriya üçün nəzərdə tutulmuş "Current Times"-ın ekspansiyasına" istinad etdi. "Azadlıq Radiosu"nun əməkdaşı bildirdi ki, Rusiyada 2 milyon insan bu telekanala internet vasitəsilə baxır.

Daha sonra məqalənin müəllifi ABŞ və Rusiyada xarici yayıma sərf olunan xərclərin göstəricilərini müqayisə edir. 2015-ci ildə Amerikanın Yayım üzrə İdarə Heyəti rus dilində fəaliyyət göstərən KİV-ə 23,2 milyon dollar ayırdı (bu göstərici ötən ilin göstəricisi ilə müqayisədə 49% çoxdur). Bu maddə üzrə 2016-cı il üçün verilən ərizədə büdcəyə daha 15,4 milyon dolların əlavə edilməsi qeyd olundu.

Teylorun yazdıqlarına əsasən, əgər "The Moscow Times" qəzetinin bu yaxınlarda yaydığı məlumat doğrudursa, o zaman İdarə Heyətinin fəaliyyətinə sərf olunan xərclər son illərdə 730 milyon dolları ötməyib, bu göstərici RT ("Russian Today" telekanalı) büdcəsindən çox və "Moskvanın dövlət KİV-nə sərf edəcəyi gözlənilən xərcdən 1,3 milyard azdır". Məqalənin müəllifi RT telekanalını BBC və Fox News kanalları ilə müqayisə edir və onun sözlərinə görə, ötən il SputnikNews saytının istehsal etdiyi məhsul "Amerikanın rəqəmsal aləminə müvəffəqiyyətlə daxil olur və hətta Drudge Report artıq ona istinad edir".

Məqalədə bildirilir ki, RT əməkdaşları öz işəgötürənlərinin təbliğat orqanı adlandırılması ilə razı deyillər. Telekanalın adı çəkilməyən əməkdaşının sözlərinə əsasən, "təbliğat" ifadəsini RT telekanalının ünvanına kiminsə onların dünyada baş verənlərə dair səsləndirdikləri fikirləri ittiham etməsini xoşlamayan siyasi və media qurumlarının müəyyən nümayəndələri istifadə edirlər. Onlar qeyri-dəqiq nəzər nöqtələrini inkar etməyə çalışırlar. Bundan başqa, bu kimi ittihamlar "Amerikanın Səsi", "BBC Ümumdünya Xidməti", Euronews və dövlət tərəfindən və ya zəruri fondun maliyyələşdirdiyi bir çox digər KİV-in ünvanına səslənmir.

Yayım üzrə İdarə Heyətinin rəsmi nümayəndəsi Lori Moy təşkilatının ünvanına səsləndirilən ittihamları təkzib etdi: "Agentliyimizin fərqliliyi də məhz budur. Strukturumuz dövlətə jurnalistlərə nəzarət etməyə mane olan aşkar əngəllər qurur. Biz inanırıq ki, əsl jurnalistika, qərəzsiz və senzuradan keçməmiş məlumat təbliğat üçün ən yaxşı vasitədir". Moy və İdarə Heyətinin digər əməkdaşları Roys və Encelin irəli sürdüyü qanunvericilik təşəbbüsünə qarşı çıxırlar və bu agentliyin "strukturu ilə eksperiment apararkən ehtiyatlı olmağa" səsləyiblər. Moyun fikrincə, konqresmenlərin təşəbbüslərinin həyata keçirilməsi İdarə Heyətinə lüzumsuz bürokratiyanı gətirəcək və onun iyerarxik strukturunun dağılması ilə nəticələnəcək, bu isə Rusiya və Çinin "media təşkilatlarının strukturlarının mərkəzləşdirilməsi" fonunda yolverilməzdir.

Roys bildirir ki, onun təşəbbüsü İdarə Heyətində məhz "bürokratizmin aradan qaldırılması" və dublikatların azaldılması hesabına "100 milyon dollardan çox" vəsaitin azad edilməsi üçün nəzərdə tutulub. "1980-ci illərdə Ronald Reyqanın Amerikanın yayım şəbəkəsindən necə istifadə etdiyini xatırlamaq lazımdır. Mən şəxsən Şərqi Almaniyada mübadilə ilə oxuduğum zamanı xatırlayıram və yerli gənclər üçün nəzərdə tutulmuş xəbər yayımının necə effektiv olduğunu da xatırlayıram. Mən Şərqi Berlində və Drezdendə almanlarla söhbət aparırdım. Mən bunları öz gözlərimlə görürdüm", - deyə konqresmen bildirdi.

İdarə Heyətinin rəhbəri Cef Şell noyabr ayında ABŞ Konqresinin beynəlxalq əlaqələr üzrə Komitəsində çıxış edərkən öz növbəsində bildirdi ki, onun təşkilatı artıq daxili islahatları aparmağa başladı. Mətbuatın yaydığı məlumata əsasən, "komissiyanın rəhbərinin sosial statusu və səlahiyyətlərinin institutlaşması" üzərində işlər aparılır.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/396717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR