Prezident İlham Əliyev: Avropa Oyunlarının çox böyük praktiki nəticələri olacaq

Prezident İlham Əliyev: Avropa Oyunlarının çox böyük praktiki nəticələri olacaq
08:43 12 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
2015-ci ildə ölkəmizin həyatında tarixi hadisə baş vermişdir. İlk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Azərbaycan bu Oyunları ən yüksək səviyyədə keçirə bilmişdir. Baxmayaraq ki, Oyunların keçirilməsi üçün cəmi 2 il yarım vaxtımız var idi, biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirdik.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlətimizin başçısı bildirib ki, bütün Avropaya və dünyaya müstəqil ölkəmizin imkanlarını, xalqımızın qonaqpərvərliyini, gözəl Bakı şəhərimizi göstərdik. Azərbaycan reallıqlarını 6 min idmançı, minlərlə qonaq öz gözləri ilə görə bilmişlər. Bu reallıqlar bizim nüfuzumuzu daha da artırır və gələcəkdə Azərbaycana qoyulacaq investisiyaların həcmini, Azərbaycana gələcək turistlərin sayını artıracaq. Yəni, Avropa Oyunları sadəcə olaraq, dünyaya bizim təqdimatımız deyildi. Onun çox böyük praktiki nəticələri olacaqdır. Biz müasir idman, xidmət və nəqliyyat infrastrukturu yaratmışıq. Yəni, bütün bunlar Azərbaycan xalqının sərvətidir və bu Oyunlar əlbəttə ki, müstəqil ölkəmizin qüdrətini göstərmişdir. Bu Oyunlar göstərdi ki, biz ən mötəbər beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə bilərik.
“Əlbəttə ki, idmançılarımız da bizi sevindirdilər. Azərbaycan komanda hesabında ikinci yeri tutub. İdmançılarımız 56 medal qazanmışlar ki, onlardan 21-i qızıl medaldır. Biz idman gücümüzü də göstərdik. Əslində idman hər bir ölkənin ümumi inkişafını əks etdirir. İnkişaf etmiş ölkələr idman meydanlarında daha çox qələbə qazanırlar. Azərbaycan idman dövlətidir, inkişafda olan dövlətdir və biz bu tarixi missiyanı şərəflə yerinə yetiririk”, – deyə Prezident İlham Əliyev vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Avropa_Oyunlarinin_chox_boyuk_praktiki_neticeleri_olacaq-917639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR