Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qalib Bağırovun ölümünün təfərrüatları - kombinat direktoru izlənildiyini bilirmiş (FOTO)

Qalib Bağırovun ölümünün təfərrüatları - kombinat direktoru izlənildiyini bilirmiş (FOTO)

Date: 12 January 2016 09:33

Yanvarın 8-də səhər saatlarında Bakının Hövsan qəsəbəsindəki bağ evində xüsusi amansızlıqla öldürülən Bakı Taxıl Kombinatının direktoru Qalib Bağırovun qətlinin bəzi təfərrüatları məlum olub.

Trend-in əldə etdiyi məlumata görə, 8 bıçaq zərbəsi ilə qətlə yetirilən Q.Bağırov hadisə zamanı onu bıçaqlayan şəxs və ya şəxslərə müqavimət göstərib. Belə ki, meyitə baxış zamanı onun əllərində bıçaqla kəslimiş-deşilmiş yaralar aşkar edilib. Meyitin üzərində iplə boğulma izləri də aşkar olunub. Məlum olub ki, hadisəni törədən şəxs tək olmayıb. Yəni bir nəfər Q.Bağırova bıçaq zərbəsi endirərkən mərhum kombinat direktoru qatilə müqavimət göstərib, daha bir nəfər isə onu iplə boğub. Q.Bağırovun öldüyünə tam əmin olandan sonra onu qətlə yetirən şəxs və ya şəxslər izi itirmək məqsədilə mərhumun mobil telefonunu da götürüb hadisə yerini tərk ediblər.

Məlumata görə, Qalib Bağırov son günlər izlənildiyini bilib və bu barədə yaxınlarına da xəbər verib. Ölümündən bir neçə gün əvvəl Q.Bağırov qohumlarına deyib ki, onu bağ evində kimlərsə izləyir və dəfələrlə ayrı-ayrı şəxslərin bağ evinin hasarından həyətə baxdığını görüb. Lakin öldürüləcəyini zənn etməyən mərhum kombinat direktoru bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməyib. Q.Bağırov izlənilməsindən sonra evinin qarət ediləcəyini zənn edib və bağ evindəki bütün pullarını götürərək iş yerində seyfdə saxlayıb. Ölümündən sonra polis Q.Bağırovun ofisindəki seyfdə olan pulları götürərək ailə üzvlərinə təhvil verib.

Məlumatda Q.Bağırovun bağ evində tək yaşamasının səbəbləri də açıqlanıb. Belə ki, Q.Bağırovun bir neçə ay əvvəl həyat yoldaşı ilə mübahisəsi olub və bundan sonra ailəsindən ayrı, bağ evində yaşamağa qərar verib.

Qeyd olunur ki, Q.Bağırov öldürüldüyü gün günorta saat 12 radələrinə qədər "Facebook" sosial şəbəkəsində qohumları və dostları ilə yazışıb.

Xatırladaq ki, yanvarın 8-də Hövsan qəsəbəsi, yeni yaşayış massivində yaşayan 1963-cü il təvəllüdlü Bağırov Qalib Afil oğlunun meyiti tapılıb. Naməlum şəxslər Q.Bağırovu evində 8 bıçaq zərbəsi ilə qətlə yetiriblər.

Meyitə baxış keçirilərkən məlum olub ki, bıçaq zərbələrindən əlavə, meyitdə boğulma əlamətləri də aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11 (qəsdən adam öğldürmə-quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (Quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır. Hələlik faktla bağlı dindirilmələr osa da, hadisədə şübhəli şəxs qismində saxlanılan olmayıb.


Tags:  baki taxil kombinatinin direktoru baxi taxil kombinatinin direktorunun qetli qalib bagirovun qetli


RƏYLƏR


Top news