Seldən qurtuldular, yolsuz qaldılar - FOTO

Seldən qurtuldular, yolsuz qaldılar - FOTO
10:17 12 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad şəhəri ilə rayonun Uzuntəpə kəndini birləşdirən körpünün bağlanması kənd sakinlərinin mərkəzlə əlaqəsini kəsib.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən ilin noyabrında intensiv yağışların,  eləcə də dağlardan sel sularının ərazidəki su bəndinə dolması nəticəsində bəndin aşması təhlükəsi yaranıb. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) mütəxəssislərinin keçirdikləri birgə operativ müşavirədən dərhal sonra Cəlilabad şəhərinin aşağı hissəsində və Uzuntəpə kəndində fərdi yaşayış evlərinin, ictimai obyektlərin su altında qalmaq təhlükəsini aradan qaldırmaqdan ötrü bəndin üzərindəki körpünün qarşısından torpağı qazmaqla suyun istiqamətinin dəyişdirilməsinə qərar verilib.
 
Əlavə su xəttinin açılması ilə yüzlərlə ailə sel fəlakətindən qurtulub. Sakinlərin rahatlığını təmin etmək üçün həmin yerdə piyada keçidi də inşa olunub. Həmçinin daxili imkanlar hesabına bənddə sahilbərkitmə işləri görülüb.
 
Bununla belə, 3 aydır, körpünün hələ avtomobillərin üzünə bağlı qalaması sakinlərin narazılığına səbəb olub. Kəndə gediş-gəliş çətinləşib.
 
Cəlilabad Rayon Su-Meliorasiya İdarəsinin rəisi Mirdaməd Məmmədov APA-nın yerli bürosuna  bildirib ki, mövcud vəziyyətlə bağlı rayon rəhbərliyi tərəfindən Nazirlər Kabinetinə müraciət olunub. Nazirlər Kabineti Meliorasiya və Su Təsərrüfatı ASC-yə və Kənd Təsərrüfatı Nazirliyinə tapşırıqlarını verib: "Çox güman ki, yaxın vaxtlarda yol təmir olunacaq və körpüdə nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək". 

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR