Evində kitabxana yaradan müəllim: "Şəraitim olsa..."

Evində kitabxana yaradan müəllim: "Şəraitim olsa..."
14:09 12 Yanvar 2016
28 Sosial
Ölkə mətbuatı
A- A+

Abasət Babayev 1959-cu ildə Quba rayonunda anadan olub. 21 ildir biologiya fənnini tədris edir. Quba şəhər 6 saylı tam orta məktəbdə və Quba şəhər Texniki Təmayüllü Liseydə müəllim vəzifəsində çalışır. Təhsil sahəsindəki xidmətlərinə görə 2013-cü ildə "Tərəqqi" medalına layiq görülüb.
 
Abasət müəllim Qubada təkcə işindəki uğurlarına görə deyil, həm də evində şəxsi kitabxanasının olması ilə məşhurdur. Pedaqoq dərs zamanı kitabxanasındakı ədəbiyyatlardan da istifadə edir.
 
Müəllim hər gün işdən sonra öz kitabxanasına baş çəkir və burada mütaliə edir. Onun kitablara sevgisi uşaqlıqdan yaranıb. Ziyalı ailəsində böyüdüyündən, ailədəki mütaliə ab-havası ona da təsirsiz ötüşməyib: "Bu kitabxana mənə valideynlərimdən qalıb. Mənim ixtisasıma aid kitablar da var. Bunun yaranması nə cürdür? İnsanlarda gərək kitaba maraq olsun. Əslində atamın kitaba olan marağı da onun atasından gəlib. Babam savadlı adam olub, ali təhsilli adam olub. Onun kitablarının üzərində də atam öz kitabxanasını yaradıb. Bəzi kitablar bizə gəlib çatmayıb. Qədim Azərbaycan əlifbası ilə yazılar kitablar var. O kitablardan çox hissəsi itib".
 
Pedaqoqun kitabxanasında 3500-ə yaxın ədəbiyyat var. Kitabların böyük qismi valideynlərindən qalıb. Burada Azərbaycan, rus, ingilis, türk, fars, ərəb ədəbiyyatına aid müxtəlif əsərlərə rast gəlmək mümkündür: "Çox istərdim bu kitabxananı bir az genişləndirim, Azərbaycanda latın qrafikasında olan əsərlərdən əlavə edim. Bu gün çox yaxşı ədəbiyyat və tarixə aid kitablar var. Evdə bir qədər şərait olmadığından, kitablarımın bir hissəsini burda yox, aşağıda saxlayıram. Çox istərdim ki, qəşəng bir kitabxana olsun. Şəraitim olsa, daha böyük kitabxana yaradacam".
 
Kitabxanadan təkcə Abasət müəllim deyil, tələbələr və gənc müəllimlər də istifadə edir. O deyir ki, evinin qapısı mütaliə etmək istəyən hər kəsin üzünə açıqdır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR