Saxlanılan şəxs: “Polis məni əxlaqsız hərəkətlə hədələdi”

14:49 12 Yanvar 2016
11 Digər
Ölkə mətbuatı
A- A+

Polis və prokurorluq isə bu iddiaları rədd edir

“Polis Bölməsində mənə bildirdilər ki, əgər istədikləri kimi ifadə verməsəm, şalvarımı çıxarıb, əxlaqsız hərəkətlər edəcəklər”.


Bu sözləri Lent.az-a dekabrın 13-də Bakının Nizami rayonu, C. Naxçıvanski küçəsi 34 ünvanında yerləşən beş mərtəbəli binada baş verən partlayışla bağlı saxlanılan şəxslərdən biri, əslən Cəbrayıl rayonundan olan Samir Kərimov deyib.


S. Kərimovun sözlərinə görə, polis bölməsində onlara işgəncə verilib: “Mən, xalam oğlu, şəhid ailəsi olan Şirxan, qohumum Pərviz Zülfüqarov və yeznəm Elman Niftəliyev binada yerləşən 27-ci mənzildə bir ay əvvəl təmir işlərinə başlamışdıq. Hadisə zamanı evimizdə oturmuşdum. Mobil telefonuma bir nəfər zəng edib özünü həkim kimi təqdim elədi və bildirdi ki, Şirxanı xəstəxanaya aparırlar. Biz də Klinik Tibbi Mərkəzə, oradan isə hadisə yerinə getdik. Bizdən və evin sahibi Əsgər Ələsgərovdan orada izahat aldılar. Bildirdik ki, təmirə başlayarkən mənzilə daxil olan qaz borularını bağlamışdıq və mənzildə qazla işləyən soba olmayıb.


Oradan bizi Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə gətirdilər. Bütün günü orda əlimiz qandallı gözlədikdən sonra, axşam Bakı Şəhər Prokurorluğundan bizdən izahat almaq üçün nümayəndə gəldi. Bizi rəisinin otağına aparanda yenə də bildirdik ki, mənzildə qazla işləyən soba olmayıb. Ümumiyyətlə, həmin mənzildə qaz olmayıb. Bu zaman rəis iki nəfər mülki geyimli şəxsi otağa çağırıb bildirdi ki, bunları aparıb başa salın. Həmin şəxslər məni otağa salıb döydülər. Əsasən də ayaqlarıma vururdular. Sonra bildirdilər ki, istədikləri ifadəni verməsəm, mənə nalayiq hərəkətlər edəcəklər. Mən də məcbur olub onların istədikləri kimi ifadə verdim. Guya biz mənzildə lak vurmuşuq. Sonra da lakı qurutmaq üçün sobanı yanılı qoymuşuq. Bu zaman da qaz sızıb.


Lakin bir daha təkrar edirəm, həmin mənzildə qaz sobası olmayıb. Heç təmir gedən evdə qaz sobası yandırmaq olmaz axı. Bütün ev yenidən hisə bulaşar. Mən və Pərviz Zülfüqarov istədikləri kimi ifadə verdikdən sonra heç yerə getməmək barədə yazılı iltizam alıb bizi sərbəst buraxdılar. Pərviz Zülfüqarovu isə ayaqlarından asıb şunurla döyüblər. Lakin yeznəm Elman Niftəliyev ifadəsini dəyişmədiyinə görə, yenə də orada saxlanılır”.

Onu da qeyd edək ki. S. Kərimov hazırda yeriyə bilmir. O, həkimdən müayinədən keçmək istəyib. Lakin həkimlər məsələni biləndən sonra onu müayinə etməkdən çəkiniblər. Bunda başqa S. Kərimov bölmədə mobil telefonun və pulunun əlindən alındığını deyir.



İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Lent.az-a məsələ ilə bağlı Nizami Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovla görüşmək istədiyini, ancaq rəisin imtina etdiyini deyib: “Rəis görüşməyə razılıq verdi. Mən də idarəyə getdim. Lakin sonradan telefonlarıma cavab vermədi”.


Nizami Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov isə Lent.az-a bildirib ki, həmin şəxslər Bakı Şəhər Prokurorluğunun istintaq qrupu tərəfindən dindirilib: “Həmin dindirmələrdə mən də iştirak etmişəm. Orada heç kimə təzyiq edilməyib. Bunu tam məsuliyyəti ilə deyə bilərəm. Bu ağır qətl deyil, qəsdən törədilən cinayət deyil. Kiməsə cinayəti boynuna almağa görə, niyə fiziki təsir göstərilməlidir. Bu bədbəxt hadisədir, baş verib, istintaq gedir. Araşdırmalardan sonra kim günahkardırsa, cəzalandırılacaq. Əgər onlara işgəncə verilibsə, şikayət ərizəsi ilə polisə müraciət edə bilərlər”.

E. Behbudovla görüşə gəldikdə, rəis hüquq müdafiəçisi ilə görüşməyə həmişə hazır olduğunu bildirib: Həmin gün iclasda olmuşam. Ona görə də telefona cavab verə bilməmişəm”.


Nizami Rayon Prokurorluğunun köməkçisi Eldar Rəhimov isə yayılan məlumatları həqiqətdən kənar adlandırıb: “Faktla bağlı Bakı Şəhər Prokurorluğunda araşdırma aparılır. Bu partlayışdır, hər şey göz qabağındadır. İstintaqdan sonra hər şey bəlli olacaq. Mən inanmıram ki, kiməsə təzyiq olunsun. Bununla bağlı bizə rəsmi müraciət edilməyib”.

Bakı Şəhər Prokurorluğunun köməkçisi Ramiz Rzayev isə məsələ ilə bağlı açıqlama verməyib.



Şəhriyar ƏLİZADƏ


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/14245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR