Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rektor: "Təhsil haqqlarının artırılması gündəmdə deyil"

Rektor: "Təhsil haqqlarının artırılması gündəmdə deyil"

Date: 12 January 2016 14:57

Bakı. 12 yanvar. REPORT.AZ/ "Universitetdə bir ixtisas üzrə bir neçə kafedranın olmasının tərəfdarı deyilik. Ona görə də bir neçə ixtisas üzrə kafedraları birləşdirmək qərarına gəlmişik. Artıq 10 kafedra birləşdirilib. Onların yerində 4 kafedra fəaliyyət göstərir". "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov jurnalistlərlə görüşündə deyib.
Onun sözlərinə görə, universitetdə hazırda 45 kafedra mövcuddur: "UNEC-də də 21 ixtisas üzrə tədris aparılır. Həmçinin 10-a yaxın qeyri-ixtisas kafedraları olacaq".
Rektor qeyd edib ki, universitetdə təhsil haqqlarının artırılması gündəmdə deyil: "Belə bir niyəytimiz yoxdur və təhsil haqqlarının artırılmasını nəzərdə tutan plan üzərində işləmirik".
Ə.Muradov bildirib ki, müəllimlərin əmək haqları üç mərhələdə artırılıb: "Dekanların vəzifə maaşı 2 000 manatdır. Əlavə olaraq da dərs dediklərinə görə 500 manat məvacib alırlar. Kafedra müdirinin vəzifə maaşı 1 500 manat, professorun maaşı 1 300 manatdır. Pedaqoji heyətin orta aylıq əmək haqqı 961 manat təşkil edir. Devalvasiyanı nəzərə almasaq, dollar ekvalentində kifayət qədər yüksək əmək haqqıdır. Gələcəkdə yenidən əmək haqlarının artırılması üçün universitetin ehtiyatı var".
Müəllimlərin dərs yükünün artırılmasını vacib hesab edən rektorun sözlərinə görə, bunun hesabına müəllim sayı azaldıla bilər: "Bununla da digər müəllimlərin əmək haqqı artırıla bilər. Universitetin professor və müəllim heyətinin 25 faizinin yaşı 69 və ondan yuxarıdır. Ən yaşlı müəllimin 88 yaşı var. İqtisad Universitetində 917 nəfər müəllim çalışır. Bu çox böyük rəqəmdir. Yaşı 70-dən yuxarı, elmi dərəcəsi olmayan, habelə yaşı 75-dən yuxarı dosentlərin işdən çıxarılmasını nəzərdə tuturuq. Yalnız professorlar istədikləri qədər universitetdə çalışa biləcəklər".
Rektor əlavə edib ki, rəsmi rəqəmlərə görə, universitetin məzunlarının 38 faizi 1 ay müddətində işlə təmin olunub.
Ə.Muradov qeyd edib ki, Rusiya Federasiyasının Dərbənd şəhərində tələbə qəbulu aparılması üçün artıq lisenziya alınıb: "Qaydalar hazırlanır və yaxın gələcəkdə universitetin rəsmi səhifəsində yerləşdiriləcək. Eyni zamanda, iqtisadi mühəndisliklə bağlı ixtisasların açılması da gündəmdədir".

Tags:  Rektor Təhsil haqqlarının artırılması gündəmdə deyil

RƏYLƏR


Top news