Qarabağda biznes quran isveçrəliyə cinayət işi açılıb

Qarabağda biznes quran isveçrəliyə cinayət işi açılıb
16:36 12 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

"Ermənistan Azərbaycana qarşı müharibəyə başlamağa, gücdən istifadə edərək ölkəmizin ərazilərini işğal etməyə, işğal olunmuş ərazilərdə kütləvi miqyasda etnik təmizləmə və digər ağır cinayətlər törətməyə görə məsuliyyət daşıyır. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərində Ermənistan tərəfindən özünə tabe qondarma rejim yaradılıb".

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət ilə əlaqədar KİV-in sorğusunu cavablandıran XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələri əsasında həlli üzrə aparılan danışıqlara baxmayaraq, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xaricdən insanların gətirilməsi ilə süni məskunlaşdırma aparması, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini məhv etməsi və onların mənşəyini dəyişdirməsi, qeyri-qanuni kommersiya fəaliyyətini həyata keçirməsi və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına imkan verməməsi bir daha ona dəlalət edir ki, Ermənistanın məqsədi işğal olunmuş torpaqların ilhaq edilməsidir.

"Beynəlxalq hüquqa görə gücdən istifadə edərək, ərazi əldə edilməsi və ya dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir. Beynəlxalq hüququn imperativ normalarının kobud şəkildə pozulması nəticəsində yaranmış vəziyyət heç bir halda qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası işğal olunmuş əraziləri üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyə malik yeganə dövlətdir. Hər hansı digər hərbi işğal kimi, Ermənistanın da Azərbaycan ərazilərini işğalı müvəqqəti xarakter daşıyır.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və digər işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət ilə əlaqədar Ermənistan, onun orqanları, hüquqi və fiziki şəxsləri və ya qondarma separatçı rejimlə hər hansı təmasa girən və kommersiya əlaqələri quran şəxslər və ya şirkətlər ölkəmizin ərazi bütövlüyü və suverenliyini, müvafiq qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, inzibati və hüquqi məsuliyyət daşıyırlar. Beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdə bu cür fəaliyyətin həyata keçirilməsi cinayət məsuliyyətini ehtiva edən hərbi cinayət kimi tövsiv oluna bilər".

H.Hacıyev qeyd edib ki, korporativ sosial məsuliyyət və biznes etik qaydalarını da pozaraq, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən əcnəbi hüquqi və fiziki şəxslər Ermənistanın Azərbaycana qarşı işğalı, etnik təmizləmənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlının öz torpaqlarına geri qayıda bilməməsi və onların mülkiyyət hüququ da daxil olmaqla, bütün digər fundamental hüquqlarının pozulmasının davam etməsinə xidmət edirlər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyəti ilə bağlı Baş Prokurorluq tərəfindən İsveçrə Konfederasiyasının vətəndaşı “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesin bağlı cinayət işi açılıb. Eyni zamanda Rusiya Federasiyasının vətəndaşı Qerman Sterliqovun da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti ilə əlaqədar cinayət işi açılıb və zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət əməlləri hökumətlərarası birgə komissiyaların da gündəliyinə salınır və müvafiq dövlətlər qarşısında bu məsələ qaldırılır.

Beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərə uyğun olaraq, bütün dövlətlər hüquqi və fiziki şəxslərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən, bu ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətdən kənar tutmalı və orada hazırlanmış məhsulların ərazilərinə ixrac olunmasına imkan verməməlidirlər.
Görülmüş tədbirlər və məlumatlandırma işinin artırılması nəticəsində bir çox hüquqi şəxslərin işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətinin qarşısı alınıb.

Azərbaycan Respublikası tərəfindən işğal olunmuş suveren ərazilərində bu kimi qeyri-qanuni əməllərin qarşısının alınması üçün milli və beynəlxalq səviyyədə bütün hüquqi və siyasi imkanlardan istifadə ediləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR