""Xalq artisti" adı vermək istədilər, qəbul etmədim"

""Xalq artisti" adı vermək istədilər, qəbul etmədim"
17:17 12 Yanvar 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın əməkdar incəsənət xadimi, aşıq Ədalət Nəsibov report-a müsahibə verib.

Milli.Az həmin müsahibəni təqdim edir:

- İlk sazınız yadınızdadır? Hazırda saxlayırsınız, yoxsa kiməsə hədiyyə etmisiniz?

- İlk sazımı atam alıb. İndi evdə 4 sazım var. İlk sazım rayondadı, o balacadır, "cürə" adlanır. Onu nəvəmə vermişəm. İkinci sazıma "qara saz" deyirlər, onu atam düzəltdirib. Həmin sazın 58-60 yaşı var. Həmin saza "Ana dili" də deyirdilər.

- Saza olan sevginiz necə yarandı, ailənizdə başqa aşıq var idi?

- Atam fəhlə idi, ayaqqabı tikirdi. Amma şeirə, poeziyaya bələd olan, çox bilən idi, onunku bir növ vergi idi. Ona görə də evimizə çox adam gəlirdi. Uşaq vaxtı çox yaxşı oxuyurdum, zəngin səsim vardı. Xan əmi, Qurban Pirimovla çox oxumuşam. Sonra mənə dərman verdilər, bilmirəm zəhər idi yoxsa nə idi. Həmin dərman səsimi batırdı.

- Aşığın geyimi necə olmalıdır? Aşığın qədim dövrdəki kimi geyinməsinə necə baxırsız?

- Aşığın geyiminin necə olduğunu heç kim dəqiq deyə bilməz. Hələ Həmid Araslının dövründə də aşığa forma tapa bilmədilər. Sonra da "qələfeyi" geyimi icad elədilər. Onu da lağa qoydular ki, Stalin formasıdır. Bizdə onsuz da hər şeyə irad tuturlar, heç kim başqasının etdiyini bəyənmir. O geyim pis deyil. Amma bizim ata-baba aşıqlarının geyimləri düyməli, yaxalı köynək formasında tikilirdi, sinə hissəsinə də balaca cib, qollarının ağzı isə işləməli olurdu. Köynəyi üstdən salıb, üstdən kəmər taxırdılar. Kimin var idi gümüş kəmər, olmayanlar əsgər kəməri taxırdılar. 

- Sizə "Dədə Ədalət" deyə müraciət edirlər. Amma hələ də "Xalq artisti" adı almamısınız... Bu ada layiq görülmək istiyərdinizmi?

- Mənə o vaxt "Xalq artisti" adı vermək istədilər, qəbul etmədim, çünki mən artist deyiləm. Azərbaycanda ilk dəfə "Xalq şairi" adına Səməd Vurğun layiq görülüb. Mən də "Xalq aşığı" adına layiq görülmək istəyirəm. Sovet dövründə bir məsələ gündəmə gəlmişdi. O vaxt bəzi adamlar "Xalq aşığı" fəxri adının təsis olunmasına razılıq vermişdi, sonra da dedilər gərək Ali Sovet qərar versin. Ona görə də mənə "Xalq aşığı" fəxri adı vermədilər. Dedilər "Xalq Aşığı" fəxri adı yoxdur. Allah rəhmət etsin Bəxtiyar Vahabzadəyə, işə qarışdı və mənə "Əməkdar İncəsənət xadimi" adı verildi.

Mənə "Dədə Ədalət" deyirlər, elə bilirsiz XXI əsrdə bu adı almaq asandır?

Fikrət Əmirov mənə xeyir-dua verib. Mən sazda neçə dildə hava bilirəm. Muğamlar, klassiklər, rənglər ...

Mən xeyli kinoya çəkilmişəm. Komsomollara sazı zindanda çalırdım. Mən həm də yaxşı tar çalıram, amma tar məni sakitləşdirmir.

- Günümüzün aşıqlarından kimləri bəyənirsiniz?

- İndi mən deyən aşıq yoxdur. Mən 20-dən artıq dastan bilirəm. O vaxtı xanımlardan Rəhilə xanım, Növrəs İmanın dünyada əvəzi olmayıb, indi çıxıb hərə bir şey oxuyur. 20 nağıl, dastan, 3 təcnis bilməyənə niyə aşıq deyirlər?!

- Aşıq Ədalətə qiymətli saz hədiyyəsi olunubmu?

- Qazağın Dağ Kəsəmən kəndindən David Teymuroğlu mənə saz hədiyyə etmişdi. Fil sümüyündən idi. Amma bir nəfər məndən əl çəkmədi və keçə bilmədim sazı ona bağışladım.

- Əgər təklif gəlsə, Aşıq Ədalət sazınızı muzeyə verərmi?

- Muzeydən hansı sazımı istəsələr verərəm. Mənim adıma Qazaxda muzey tikiblər. Qazaxda büstümü də qoyublar. 

- Neçə ölkədə səhnəyə çıxmısınız? 

- Böyük sənətkarlara bir yerdə 70-dən çox ölkədə olmuşam. Zeynəb Xanlarova ilə bir neçə dəfə səfərdə olmuşuq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/397269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR