Əlahiddə Çevik Polis Alayı ictimai təhlükəsizliyin və sabitliyin təminində önəmli rol oynayır

Əlahiddə Çevik Polis Alayı ictimai təhlükəsizliyin və sabitliyin təminində önəmli rol oynayır
19:23 12 Yanvar 2016
76 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 12-də Əlahiddə Çevik Polis Alayında 2015-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Əməliyyat müşavirəsində çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ötən ilin ölkəmiz üçün uğurlu olduğunu, Azərbaycanın beynəlxalq imicinin daha da yüksəldiyini, insan hüquq və azadlıqların etibarlı qorunduğunu, bunun daxili işlər orqanlarının fəaliyyətinə də müsbət təsir göstərdiyini diqqətə çatdırıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, R.Usubov ölkəmizin qanunlarının, Azərbaycan Prezidentinin fərman, sərəncam və tapşırıqlarının DİN tərəfindən rəhbər tutularaq, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlərin davam etdirildiyini, kriminogen durumun bütövlükdə nəzarətdə saxlanıldığını, planlaşdırılan məsələlərin yerinə yetirildiyini, əvvəlki illərin müsbət nəticələrinin qorunub saxlanıldığını və fəaliyyətin bir çox istiqamətləri üzrə inkişaf etdirildiyini xatırladıb.
Nazir son illər cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Əlahiddə Çevik Polis Alayının peşəkarlıq, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəsinin xeyli artdığını, qanunla qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə qadir olan mobil quruma çevrildiyini, respublikamızda, onun paytaxtında ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində önəmli rol oynadığını vurğulayıb. Bunun nəticəsi olaraq keçirilmiş bir çox beynəlxalq və yerli əhəmiyyətli tədbirlər zamanı ictimai asayişin yüksək səviyyədə qorunduğunu, görülən işlərdə, qazanılan uğurlarda Əlahiddə Çevik Polis Alayının da böyük əməyi olduğunu qeyd edib.
Bildirilib ki, mühüm funksiyalar həyata keçirməsi, xidməti fəaliyyətinin respublikanın bütün ərazisini əhatə etməsi nəzərə alınaraq Azərbaycan Prezidentinin 2015-ci il dekabrın 30-da imzaladığı fərman və sərəncamla Alay əlahiddə nizami polis hissəsi statusunda müəyyən olunub. DİN rəhbərliyi tərəfindən həmin qurumun yeni Əsasnaməsi təsdiq edilib.
Ötən il görülmüş işlər və əldə olunmuş nəticələr barədə Əlahiddə Çevik Polis Alayının komandiri, polis polkovniki Zaur Abdullayev məruzə ilə çıxış edib. O deyib ki, hesabat dövründə Alayın patrul bölüklərinin xidmət apardığı paytaxtın inzibati ərazilərində cinayətlərin dinamikasında və strukturunda müsbət təmayüllər qeydə alınıb, kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsi ilə birgə razılaşdırılmış vahid dislokasiya planına uyğun həyata keçirilən tədbirlər çərçivəsində 27 min 564 şəxs, o cümlədən müxtəlif cinayətlər törətmiş 835, inzibati xətalara yol vermiş 26 min 729 nəfər saxlanılaraq barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilib. Həmin şəxslərdən 86-sı axtarışda olanlar, 243-ü xuliqanlıq, 81-i dələduzluq, 103-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 245-i oğurluq, 26-sı soyğunçuluq və s. cinayətləri törətdiklərinə görə saxlanılanlardır. Eyni zamanda, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş 5803, o cümlədən 2399 piyada, məişət səs-küyünə yol vermiş 2173, qanunla müəyyən edilməmiş yerlərdə küçə ticarəti ilə məşğul olan 3115, digər inzibati xətalara görə 13 min 239 nəfər müəyyənləşdirilərək rayon polis idarələrinin aidiyyəti polis bölmələrinə təhvil verilib.
Cari ilin mayında Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı xilasetmə işlərinə və hadisə yerinin mühafizəsinə cəlb olunmuş DİN-in digər qurumları ilə yanaşı, Alayın əməkdaşları da xidməti vəzifələrin öhdəsindən layiqincə və mərdliklə gəliblər. Yanan binada köməksiz vəziyyətə düşmüş 4 nəfəri xilas edərək xəsarət almış polis serjantı Şahin Qocayev Azərbaycan Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Bildirilib ki, daxili işlər orqanları üzrə təşkil olunan idman yarışlarında qazanılan uğurlar ötən il də davam etdirilib. Belə ki, xidməti idman tədbirlərinin təqvim planına əsasən keçirilən sərbəst güləş, silahsız özünümüdafiə, xidməti çoxnövçülük və estafet qaçışı üzrə yarışlarda Alayın komandası birinci yer tutub. Bununla yanaşı, polis serjantı İbrahim Məmmədov İtaliyada kikboksinq üzrə keçirilən dünya çempionatında və Bakı şəhərində muay-tay üzrə beynəlxalq turnirdə birinci yerə layiq görülüb, kikboksinq üzrə dünya kəməri uğrunda gedən yarışlarda çempion adını qazanıb. Karatenin şotakan növü üzrə Gürcüstanda keçirilən dünya çempionatında polis nəfəri Səbuhi Şükürov ən yüksək pilləni tutub.
Alayın əməkdaşlarının vətənpərvərlik ruhunda tərbiyə olunması və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətində tədbirlər də davamlı olub, gənc əməkdaşların xidmətdə möhkəmlənməsi, praktiki iş vərdişlərinə tam yiyələnmələri üçün lazımi şərait yaradılıb. Yeri gəlmişkən, bu gün Alayın zabit heyətinin 90 faizi ali hüquq təhsillidir.
Bildirilib ki, ötən il ölkəmizdə keçirilən ilk Avropa Oyunları zamanı da şəxsi heyət asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi funksiyalarını layiqincə yerinə yetirib, avqustda Mingəçevirdə asayişin qrup halında pozulmasının qarşısının alınmasında fəal iştirak edib.
Ötən ilin sonlarında paytaxtın Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyatlardan sonra Alayın əməkdaşları cinayətdə şübhəli şəxslərin tutulmasında, zərərsizləşdirilməsində, qanunsuz saxlanılan odlu silahların və partlayıcı maddələrin yığılmasında, istintaq-əməliyyat tədbirlərinə qüvvə dəstəyinin verilməsində də öz səylərini əsirgəməyiblər.
Bakı Baş Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirilən tədbirlərlə 5 avtomat, 6 tüfəng, 3 tapança, 22 qumbara, 368 patron, 16 “Molotov kokteyli”, 1 partlayıcı qurğu, 2 qutu barıt, 7 qutu alışdırıcı patron, 8 ədəd müxtəlif növ soyuq silah, 1 beşbarmaq, 300 qramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Qeyd olunub ki, ümumən xalqa xidmət funksiyalarının səmərəli yerinə yetirilməsi, insan hüquq və azadlıqlarına ciddi riayət olunması, əməkdaşlara diqqət və qayğı göstərilməsi, peşə və döyüş hazırlığı səviyyəsinin durmadan yüksəldilməsi kimi qarşıda duran vəzifələrin uğurlu həlli üçün lazımi tədbirlər görülməkdədir.
Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin hesabat ilindəki fəaliyyətini müsbət qiymətləndirib, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən, onların həlli yollarından danışıb.
General-polkovnik R.Usubov Alay rəhbərliyindən əməkdaşların xidməti, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işini ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, xidmətqabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsini, yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı təşəbbüskarlıq göstərilməsini, eyni zamanda, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsini, lazımi təhlillər aparılmaqla qüvvə və vasitələrin yerləşdirilməsi planına korrektələr edilməsini tələb edib. Nazir bildirib ki, Bakıda ictimai yerlərdə baş verən cinayətlərin profilaktikası diqqət mərkəzində olmalı, ictimai təhlükəsizlik əleyhinə olan digər cinayətlərin qarşısının alınması üzrə tədbirlər daha da gücləndirilməli, insanların daha çox toplaşdığı və digər izdihamlı yerlərdə xidmət aparan post-patrul naryadları daim ayıq-sayıq olmalı, şəxsi heyətin peşə hazırlığı daha da artırılmalıdır. Qeyd olunub ki, əməkdaşlar qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən bilməli, eyni zamanda, vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməlidir.
Bu gün xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bütün lazımi şərait yaradıldığını, şəxsi heyətin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu nəzərə çatdıran nazir dövlətimizin başçısının daxili işlər orqanlarına göstərdiyi böyük etimada cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin, Vətənə və xalqa ləyaqətlə xidmət etməsinin vacibliyini vurğulayıb.
Daxili işlər naziri Prezident İlham Əliyevi əmin edib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqlar.
Tədbirin sonunda nazirliyin Baş Kadrlar İdarəsinin rəis müavini, polis polkovniki Səfər Əliyev ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşın mükafatlandırılması barədə daxili işlər nazirinin müvafiq əmrini elan edib.
Mükafatlar nazir R.Usubov tərəfindən təqdim olunub.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alahidde_CHevik_Polis_Alayi_ictimai_tehlukesizliyin_ve_sabitliyin_temininde_onemli_rol_oynayir-917878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR