Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərsun Holdinq" 20-30 faiz qiymət artımına getməyə məcbur olub

"Azərsun Holdinq" 20-30 faiz qiymət artımına getməyə məcbur olub

Date: 12 January 2016 19:32

""Azərsun Holdinq" şirkəti Azərbaycanda çalışmağa başladığı zamandan ölkənin qida təminatı sahəsində fəaliyyət göstərərək çətin və böhranlı 90-cı illərdə ərzaq qıtlığının aradan qaldırılmasına mühüm töhfələr verib. Şirkətlər qrupunun belə bir keşməkeşli dönəmlərdə fürsətdən sui-istifadə etməyərək asan qazanc yolu tutmaması xalqımız və ümummilli liderimiz Heydər Əliyev tərəfindən təqdir edilib. Məhz onun dəstəyilə müasir Azərbaycanda milli qida istehsalı sənayesinin əsası qoyulub, "Azərsun Holdinq" tərəfindən çox sayda istehsal müəssisələri qurulub istifadəyə verilib". 

Bu barədə şirkətdən Trend-ə daxil olan məlumatda deyilir.

Qeyd olunur ki, "Azərsun Holdinq"in həyata keçirdiyi layihələr dövlət başçısı İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişaf, yoxsulluğun azaldılması və iqtisadi inkişaf, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramları çərçivəsində Azərbaycan üçün yeni və müasir sənaye sahələrinin yaranmasına səbəb olub: "Müəssisələrimizin fəaliyyəti nəticəsində on minlərlə insan daimi işlə təmin olunub, bölgələrdə yaşayan fermer və təsərrüfatlarla əməkdaşlıq nəticəsində daha on minlərlə insanın isə məşğulluğuna şərait yaranıb. Dövlət başçısı tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində, dövlətin qayğı və dəstəyi ilə qurulmuş müəssisələrimiz ölkənin təməl qida məhsullarına olan emal-istehsal təlabatını tam qarşılama gücündədir. Lakin istehsal üçün tələb olunan xammal, qablaşdırma, müxtəlif qatqı maddələrinin əksəriyyəti isə xarici bazarlardan alınır".

Bildirilir ki, son 5 ildə yerləşdiyimiz regiona göstərilən təzyiqlər, siyasi və iqtisadi proseslərlə bağlı, neftin qiymətinin 4 dəfə aşağı düşməsi və Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarına əsasən, manatın məzənnəsinin ABŞ dollarına nisbətən ucuzlaşması bütün sahələrdə olduğu kimi, qida sənayesinə də təsir göstərib: "Qeyd etməliyik ki, bütün regionda yaşanan iqtisadi böhran Rusiya, Türkiyə, Qazaxıstan və digər ölkələrdə üçrəqəmli devalvasiyaya səbəb olub. Böyük hissəsi dünya birjalarında ABŞ dolları ilə satın alınan, müxtəlif beynəlxalq daşıma şirkətləri vasitəsilə Azərbaycana gətirilən xammal hesabına ölkəmizdə istehsal olunan məhsulların qiymətində də müəyyən tənzimləmələr qaçılmaz olub. Belə ki, il ərzində baş vermiş devalvasiyanın təsiri olaraq "Azərsun Holdinq" istehsal etdiyi məhsulların qiymətində ortalama 20-30 faiz qiymət artımına getməyə məcbur olub".

Şirkət bildirir ki, mövcud vəziyyətin idarə edilməsi, təsirin minimuma endirilməsi məqsədilə "Azərsun Holdinq" bazarda tənzimləyici funksiyalar daşıyan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və digər aidiyyətı dövlət qurumları ilə mütəmadi müzakirələr aparır: "Bəyan edirik ki, dövlət başçısı cənab İlham Əliyevin ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması və sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi bütün addımları dəstəkləyir və əlbəttə ki, biz yerli istehsalçılar və digər idxal ilə məşğul olan biznesmenlər Azərbaycan dövləti və xalqı qarşısında son dərəcədə məsuliyyətli davranmalıyıq".

Milli.Az


Tags:  Azərsun Holdinq 20-30 faiz qiymət artımına getməyə məcbur olub


RƏYLƏR


Top news