Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev: Bu il bütün sosial proqramlar tam icra ediləcək

Date: 12 January 2016 19:48


Bakı, 12 yanvar, AZƏRTAC
Biz bu il bütün sosial proqramları tam icra edəcəyik. Bu barədə heç kimin şübhəsi olmasın.
Bu fikri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlətimizin başçısı keçən il bütün sosial proqramların icra edildiyini, heç bir ixtisar olmadığını, insanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verildiyini qeyd edib. Bildirib ki, bu sahədə də islahatlar aparılıb və bu yardımı alan insanların sayı azalıb. Bunun hesabına həqiqətən bu yardıma möhtac olan ailələrə daha böyük məbləğdə yardım verilir.
Prezident diqqətə çatdırıb ki, bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artıb. Sosial infrastruktur layihələri icra edilib. “Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, ancaq biz bu sahəyə vəsaiti təşkil edə bilmişik. Altmışa yaxın tibb müəssisəsi tikilib-təmir edilib, 20-dən çox məktəb təmir edilib-tikilib və hazırda 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Sosial infrastruktur layihələrinin Dövlət İnvestisiya Proqramında nəzərdə tutulduğunu qeyd edən Prezident İlham Əliyev keçən il onların icra edildiyini söyləyib, bu il də icra olunmasının vacibliyini diqqətə çatdırıb.

Tags:  Prezident İlham Əliyev Bu il bütün sosial proqramlar tam icra ediləcək


RƏYLƏR


Top news