Təhsil Nazirliyi Gürcüstandakı azərbaycanlılara 12 adda dərslik və metodik vəsait göndərib

Təhsil Nazirliyi Gürcüstandakı azərbaycanlılara 12 adda dərslik və metodik vəsait göndərib
19:48 12 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 12 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirlərini davam etdirir. Nazirlik Gürcüstana 2015-2016-cı tədris ili üçün IV, V, VI və VIII siniflər üçün 12 adda 9810 nüsxə kitab göndərib. Azərbaycan dili və ədəbiyyatı dərslikləri, müəllimlər üçün metodik vəsaitlər dekabrın 12-də Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə bu ölkənin Elm və Təhsil Nazirliyinə təqdim olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədris Resursları şöbəsinin baş məsləhətçisi Hüseyn Quliyev jurnalistlərə bildirib ki, Gürcüstandakı soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev də bu işə xüsusi diqqət göstərir. Dövlətimizin başçısının tapşırığına əsasən Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərini diqqətlə öyrənib və onların dərsliklərlə təminatı istiqamətində mühüm addımlar atır. 1994-cü ildən bu günədək Gürcüstandakı soydaşlarımıza I-XI sinif şagirdləri üçün 550 minədək müxtəlif adda dərs vəsaiti göndərilib. 2013-2014-cü tədris ilində 24 adda 18 min ədəd, 2014-2015-ci tədris ilində 18 adda 19 mindən çox, 2015-2016-cı tədris ili üçün isə 12 adda 10 minədək kitab və müəllimlər üçün metodik vəsait göndərilib. Bu kitablar Gürcüstanda yaşayan azərbaycanlı şagirdlərin mükəmməl təhsil almalarında mühüm rol oynayacaq.
Gürcüstanın Elm və Təhsil Nazirliyinin metodika və koordinasiya departamentinin məsul əməkdaşı xanım Teada Paliya deyib ki, Azərbaycanın və Gürcüstanın təhsil nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair protokola əsasən Azərbaycan tərəfi bizim ölkənin vətəndaşları olan azərbaycanlılar üçün müxtəlif dərslik və metodik vəsaitlər göndərir. Bu vəsaitlər bizim tərəfimizdən müvafiq qaydada Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblərə paylanacaq. Həmin sənədə əsasən Gürcüstan tərəfi də Azərbaycandakı gürcüdilli məktəbləri dərsliklərlə təmin edir.
Kitabların təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə attaşesi Samirə Ağayeva, təhsil nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Fərid Quluzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_Nazirliyi_Gurcustandaki_azerbaycanlilara_12_adda_derslik_ve_metodik_vesait_gonderib-917887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR