""Qanlı Yanvar" bizə həmin hadisələrin dəhşətlərini bir daha xatırlatdı"

""Qanlı Yanvar" bizə həmin hadisələrin dəhşətlərini bir daha xatırlatdı"
20:16 12 Yanvar 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

20 yanvar faciəsinin 26-ci ildönümü ilə əlaqədar kinorejissor Vahid Mustafa Yevin ərsəyə gətirdiyi "Qanlı Yanvar" filmi bu gün paytaxtın Nizami rayonunun orta məktəblərinin şagirdləri üçün nümayiş etdirilib.

ANS PRESS-in məlumatına görə, şəhid Kamil Eyyubovun adını daşıyan 12 saylı məktəbdə baş tutan nümayişdə rayon ərazisindəki 22 məktəbdən 10-nun şagirdləri, eyni zamanda Nizami rayonu ərazisindən deputat seçilən Sədaqət Vəliyeva, Nizami rayon icra hakimiyyəti baçısının müavini Gülnar İsrafilova, Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının baş təlimatçısı Lamiyə Əhmədova və rayonun bir sıra idarə və təşkilat rəhbərləri iştirak ediblər.

250-dən çox şagrid, eyni zamanda idarə və təşkilat rəhbərləri üçün nümayiş etdirilən film şagirdlər və rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.




Film nümayiş etdirilən vaxt


Nizami rayon veteranlar təşkilatının sədri Yəhya Ağayev film haqqında fikirlərini bölüşərək bildirdi ki, rejissor Vahid Mustafa Yevin ekranlaşdırdığı bu film xalqımızın müasir tarixdə başına gətirilən faciələrdən bəhs edən tək və ən təsirli filmdir: "Mən bundan əvvəl dəfələrlə 20 yanvar faciəsindən bəhs edən kadrlara və tamaşalara baxmışam. Ancaq bu film o qədər real və təbii şəkildə ekranlaşdırılıb ki, insan özünü o hadisələrin içində hiss edir. Düşünürəm ki, Vahid Mustafa Yevin bu filmi Azərbaycanın şanlı tarixini canlandıran ən dəyərli xəzinədir. Başda Vahid müəllim olmaq şərtilə filmin bütün yaradıcı heyətinə, belə dəyərli və təsirli bir film ərsəyə gətirdikləri üçün təşəkkür edirəm".

Filmin nümayişindən sonra çıxış edən “Qanlı Yanvar” filminin baş rol ifaçıları Tamilla Həmidova və Azər Aydəmir çəkiliş prosesindən bəhs edib, tamaşaçıların suallarını cavablandırıb.




Aktyorlar Tamilla Həmidova və Azər Aydəmir çıxış edərkən

Sonra Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirib ki, bu film gənclərimizin maarifləndirilməsində mühüm rol oynayacaq: “Bu film bizdə həmin hadisələrin dəhşətlərini bir daha xatırlatdı. Lakin düşünürəm ki, gənc nəsil burada bir şücaət və qəhrəmanlıq gördü. Azərbaycanlıların qeyrəti, döyüş əzmi, savaşa hazırlığı və ən əsası hər bir azərbaycanlının ürəyində çırpınan azadlıq eşqini gördü”.


Gülnaz İsrafilova - Nizami rayon İcra Hakimiyyəti başçısının müavini

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir: “Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi”.


Sədaqət Vəliyeva- Milli Məclisin deputatı

Deputat qeyd edib ki, bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir:

“Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, onu daimi, əbədi və dönməz etməliyik”.

Tədbirin sonunda kinorejissor Vahid Mustafa Yev və ANS Şirkətlər Qrupunun vitse prezidenti Mir Şahin Ağayev Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının fəxri fərmanları ilə təltif ediliblər.


Vahid Mustafa Yevə təqdim edilən fəxri fərman

Qeyd edək ki, filmin nümayişi sabah da davam etdiriləcək.

“Qanlı Yanvar” filmi bir neçə mötəbər film festivalında nümayiş etdirilib və uğurlar əldə edib. Dekabrın 2-də film Hindistanda, 46-cı Beynəlxalq Qoa Film Festivalında tamaşaçı rəğbəti qazanaraq 3-cü yeri tutub. Bu barədə tədbirin direktoru Sentil Rajan filmin rejissoruna xüsusi sənəd göndərib.

Bundan başqa Hindistanın ən məşhur qəzetlərindən olan “İFFİ daily” də “Qanlı Yanvar” haqqında məqalə dərc olunub.

Hindistanın Qoa şəhərində keçirilən festival Asiyanın nüfuzlu tədbirlərindən hesab olunur. “Qanlı Yanvar” filmi festivalda iştirak edən 3 tarixi filmdən biri olub. Hər il baş tutan mötəbər tədbirdə bu il 90 ölkədən 289 film nümayiş olunub.



"Qanlı Yanvar" filmi bundan əvvəl də bir çox Festivallarda nümayiş olunub və müxtəlif diplomlarla təltif olunub. Həmin festivaldan bir həftə əvvəl isə film Estoniyanın nüfuzlu "Black Nights" festivalında nümayiş olunub.

Film oktyabrın 23-də Braziliyanın San Paulo şəhərində keçirilən 39-cu Beynəlxalq Monstra film festivalına da qatılıb.

“Qanlı Yanvar” sentyabr ayında isə film Monreal Beynəlxalq Film Festivalında nümayiş edilib. Filmin nümayiş premyerasında festivalın prezidenti Serxio Lis, kommunikasiya direktoru Henri Velş və digər nümayəndələr də iştirak ediblər.

"Qanlı Yanvar" filmi festivalın xüsusi diplomuna layiq görülüb. Həmin diplomu prezident Serxio Lis Vahid Mustafayevə şəxsən təqdim edib.

Nebahət Çehrə və Lenn Deyvis kimi dünya məşhurlarının rol aldığı “Qanlı Yanvar” filmi ilk dəfə 2015-ci il yanvarın 19-da Bakıda nümayiş olunub.














Bu gün baş tutan nümayişdən fotolar

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR