Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şimali Koreyaya qarşı sərt sanksiyalar nəticə verəcəkmi?

Şimali Koreyaya qarşı sərt sanksiyalar nəticə verəcəkmi?

Date: 12 January 2016 21:47

Beynəlxalq aləmin başının Suriya və Ukrayna probleminə qarışdığı  bir vaxtda Şimali Koreya Xalq Demokratik Respublikasının (ŞKXDR) yanvarın 6-da hidrogen bombasını sınaqdan çıxarması bölgədə vəziyyətin kəskin şəkildə gərginləşməsinə gətirib çıxarıb. 

Baş verən hadisə ilə bağlı Koreya yarımadasında vəziyyətin nəzarətdən çıxmaqda olması isə Vaşinqton tərəfindən narahatlıqla qarşılanıb. Belə ki, ABŞ təcili şəkildə öz müttəfiqi Cənubi Koreyanın təhlükəsizliyini təmin etmək məqsədi ilə bölgəyə əlavə "B-52" qırıcı-bombardmançı təyyarələrini göndərib. ABŞ Prezidenti Barak Obama isə bəyanatla çıxış edərək, Şimali Koreyanın hidrogen bombasını sınaqdan çıxarmasını beynəlxalq aləm üçün yeni təhlükə mənbəyi adlandırıb. Obama vəziyyətin gərginləşməsinə səbəb olan Şimali Koreyaya qarşı ən sərt tədbirlərin həyata keçiriləcəyini bildirib. Bu arada isə Koreya yarımadasında Pxenyan tərəfindən hidrogen bombasının sınaqdan çıxarılması Yaponiyada da təşvişlə qarşılanıb. Yaponiya Şimali Koreyaya qarşı ən ağır cavab tədbirlərinə əl atılması barədə BMT Təhlükəsizlik Şurası qarşısında məsələ qaldırıb. Yaponiyanın təşvişə düşməsi isə heç də əsassız deyil. Hidrogen bombasının sınaqdan çıxarılmasından sonra Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar bölgəyə qonşu digər ölkələrdə də qeydə qalınıb. Türkiyədə də ötən gün baş verən  4,5-5 bal gücündəki zəlzələnin hidrogen bombasının sınaqdan çıxarılması ilə əlaqədar olduğu ehtimal edilir. Təbii ki, ada dövləti olan Yaponiya üçün bölgədə hər hansı səviyyədə yeraltı nüvə sınaqlarının çıxarılması böyük təhlükə mənbəyi hesab edilir. Çünki istənilən halda nüvə sınaqlarından sonra adada zəlzələ baş verməsi Yaponiya adası üçün yeni sunami təhlükəsi, dənizsahili ərazilərin suyun altında qalması təhlükəsini əmələ gətirir. Ona görə də Yaponiya BMT TŞ qarşısında məsələni daha sərt şəkildə qaldıraraq, Şimali Koreyaya qarşı yalnız sanksiyalarla kifəyətlənməməyi tələb edib. Yaponiya rəsmi şəkildə Şimali Koreyadan gələn təhlükəyə qarşı BMT bayrağı altında hərbi müdaxiləyə baş vurulmasının vacibliyini israrla bildirməkdədir.

Bu arada bölgədən uzaqda yerləşən Türkiyə də Pxenyanın hidrogen bombasını sınaqdan çıxarmasını sərt şəkildə pisləyib. Məsələ ilə bağlı bəyanat verən

Türkiyənin Xarici İşlər Nazirliyi Koreya Demokratik Xalq Respublikasının hidrogen bombasını sınaqdan keçirməsinin beynəlxalq aləmdə sülh və təhlükəsizlik üçün böyük təhlükə olduğunu  bəyan edib. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Koreya Demokratik Xalq Respublikası 2016-cı il yanvarın 6-da bir hidrogen bombasını sınaqdan keçirdiyini açıqlayıb. Bu, 2006-cı ildən bəri Şimali Koreyanın həyata keçirdiyi 4-cü nüvə sınağıdır. Türkiyə, regionda sülh və stabillik üçün ciddi təhlükə yaradan, BMT Təhlükəsizlik Şurasının 1718, 1874, 2087 və 2094 saylı qətnamələrini açıqca pozan bu hadisə səbəbindən qayğılanmaqdadır. Kütləvi qırğın silahları və onların istifadəsi üçün lazımlı aqreqatların yayılmasının qarşısının alınması cəhdlərini fəal formada dəstəkləyən Türkiyə bu sınağın beynəlxalq sülh və təhlükəsizliyə istiqamətlənmiş təhdid kimi görməkdə və kəskin şəkildə pisləməkdədir. Şimali Koreyanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə dəvət edirik".

Rusiya "narahatdır", Çin susur

Şimali Koreyanın hidrogen bombasını sınaqdan çıxarmasına bu ölkənin əsas müttəfiqlərindən biri hesab edilən və vaxtı ilə Pxenyana atom silahı əldə etməsində yardım edən SSRİ-nin varisi Rusiyanın münasibəti də özünəməxsus olub. Rusiya  Xarici İşlər Nazirliyi  Şimali Koreyanın hidrogen bombasının sınaqdan çıxarmasının regionda xoşagəlməz hadisələrə yol aça biləcəyi barədə Pxenyana xəbərdarlıq edib. Moskvada belə hesab edirlər ki, Şimali Koreya bu addımı atmamalı və bölgədə vəziyyəti yenidən gərginləşdirməməli idi. Məsələ ilə bağlı prezident Vladimir Putin isə xüsusi xidmət orqanlarına Şimali Koreyanın hərbi potensialı barədə daha dərindən araşdırma aparmağı tapşırıb. Kreml hesab edir ki, Pxenyanın bu addımı bütövlükdə Rusiyanın təhlükəsizlik konsepsiyasını dəyişə bilər. Amma bu, məsələnin zahiri tərəfidir. Çünki Moskva son 70 ildə Şimali Koreyanın əsas müttəfiqi kimi çıxış etməkdə davam edir. Heç kəsə sirr deyil ki, başda ABŞ olmaqla Qərbə qarşı açıq şəkildə meydan oxumaqda davam edən Şimali Koreya, ilk növbədə, Rusiya və Çinə arxalanmaqdadır. Yəni  Rusiya və Çinə arxayın olduğu, onlardan ən yüksək səviyyədə hərbi dəstək alacağına əmin olduğu üçün Pxenyan Qərbə qarşı açıq şəkildə soyuq savaşa girməkdən, vəziyyəti gərginləşdirməkdən çəkinmir. Bəzi hərbi ekspertlərin fikrincə, Suriyada hərbi əməliyyatlara baş vuran Rusiya Qərbin diqqətini özündən yayındırmaq üçün Pxenyan rəhbərliyini hidrogen bombasını sınaqdan çıxarmağa təhrik edib. Hər halda istər "soyuq müharibə" illərində, istərsə də SSRİ dağılandan sonra Rusiya beynəlxalq aləmdə özünə qarşı təzyiqləri azaltmaq üçün dəfələrlə müxtəlif kartlara əl atıb. Məsələn, 1979-cu ildə  SSRİ Əfqanıstana hərbi müdaxiləyə başlayandan sonra Qərbdə buna görə özünə qarşı baş vurulan güclü təzyiqləri zəiflətmək və diqqəti yayındırmaq üçün İraq rəhbərliyini İrana qarşı müharibətə şirnikləndirdi. SSRİ dağılan ərəfədə isə Moskva İraqı Küveytə qarşı hərbi müdaxiləyə təhrik etməklə Qərbin diqqətini öz problemindən yayındırmağa və bu yolla imperiyanın dağılmasının qabağını almağa cəhd etdi. O dövrdə Qorbaçov öz müttəfiqi Səddam Hüseyni müdafiə etmək əvəzinə, İraq məsələsində Qərblə alverə girdi. Nəticədə Qərblə Rusiya arasında pərdə arxasında əldə edilən razılığa əsasən, ABŞ və müttəfiqləri İraqa qarşı hərbi müdaxiləyə baş vurdular. Belə bir vəziyyətdə Bağdad öz müttəfiqi Moskvanın hərbi yardımına ümid edirdi. Lakin Moskva müttəfiqi Səddam Hüseyni Qərbin hərbi müdaxiləsi qarşısında tək qoydu və ona hər hansı səviyyədə hərbi yardıma əl atmadı. O vaxt belə bir fikir vurğulandı ki, Rusiya İraqa hərbi müdaxilə məsələsində Qərblə hansısa  sövdələşməyə gedib və nəticədə  Səddam Hüseynə hərbi yardım etməyib. Hər halda məntiqi baxımdan belə ehtimallar kifayət qədər ağlabatan görünür. Günümüzdə də Suriyadakı vəziyyətini yüngülləşdirmək üçün Rusiyanın Qərbin başını bu dəfə bölgədən yayındırmaq üçün Şimali Koreya kartını ortaya atdığı ehtimal edilir. Hər halda Suriya ətrafında vəziyyətin gərginləşdiyi bir vaxtda Şimali Koreyanın hidrogen bombasını sınaqdan çıxarmasını təsadüfi hesab etmək sadəlövhlük olardı.

Rusiyadan fərqli olaraq, Pxenyanın əsas hərbi-strateji müttəfiqlərindən biri hesab edilən Çin isə Pxenyanın hidrogen bombasını sınaqdan çıxarmasına münasibətdə susmağa üstünlük verməkdədir. Əslində ABŞ-ı özünün əsas iqtisadi, siyasi və hərbi düşməni kimi görən Pekinin son hadisələrə hər hansı reaksiya verməməsini ən azından Pxenyana dəstək  kimi qəbul etmək olar. Hər halda hazırda ABŞ-a qarşı Çinin əsas müttəfiqlərindən biri məhz Şimali Koreya rejimi hesab edilir. Bu də səbəbsiz deyil. Çin Yaponiya, Cənubi Koreya və ABŞ hərbi müttəfiqliyinə qarşı mübarizədə Pxenyana özünün müttəfiqlərindən biri kimi baxır. Bu baxımdan çətin ki, Çin Yaponiyanın tələb etdiyi kimi, BMT TŞ tərəfindən Şimali Koreyaya qarşı hərbi müdaxilə barədə qətnamə qəbul edilməsinə imkan versin. Eyni sözləri Rusiya haqqında da demək olar. Faktiki olaraq başda ABŞ olmaqla Qərb ölkələri ilə Çin və Rusiya əksər hallarda əks cəbhədən çıxış edirlər. Belə ki, bu gün istər Suriyada, istər İraqda, istərsə dünyanın digər yerlərində baş verən hadisələrə münasibətdə Çin və Rusiya eyni mövqedən çıxış edirlər.

BMT Şimali Koreyaya qarşı yeni sanksiyalara hazırlaşır

Pxenyan tərəfindən hidrogen bombasının sınaqdan çıxarılmasına cavab olaraq, BMT TŞ tərəfindən keçirilən təcili iclasda Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi qərara alınıb. Bununla bağlı hazırda yeni qətnamənin üzərində iş gedir. Qətnamədə Pxenyana münasibətdə ən  sərt tədbirlərə, o cümlədən hərbi müdaxiləyə əl atılması üzərində iş gedir. Qeyd edək ki, bu günə kimi BMT TŞ tərəfindən Şimali Koreyaya qarşı nüvə silahını, ballistik raketlərin sınaqdan çıxarılması ilə bağlı 4 qətnamə qəbul edilib. Bu qətnamələrə əsasən, Pxenyana qarşı sərt iqtisadi, siyasi, hərbi sanksiyalara əl atılsa da, bu yolla adıçəkilən ölkəni diz çökdürmək mümkün olmayıb. Sayca 5-ci olacaq yeni qətnamədə Şimali Koreyaya qarşı hərbi müdaxilə nəzərdə tutulsa belə, çətin ki, Rusiya və Çin buna imkan versinlər. Çünki hər iki ölkənin adıçəkilən məsələyə münasibətdə vetodan istifadə etmək hüququ var. Ona görə də Çin və Rusiyanın BMT TŞ tərəfindən Pxenyana qarşı hərbi müdaxiləni nəzərdə tutan qətnaməyə veto qoyacaqları öncədən aydındır. Bu isə o deməkdir ki, BMT TŞ tərəfindən qəbul ediləcək ən sərt  sanksiya ilə belə çətin ki, Şimali Koreya rəhbərliyini geriyə addım atmağa məcbur etmək mümkün olsun.
"Zaman Azərbaycan"


Tags:  Şimali Koreyaya qarşı sərt sanksiyalar nəticə verəcəkmi


RƏYLƏR


Top news