Bakını dəyişdirən görüntüyə az qaldı

Bakını dəyişdirən görüntüyə az qaldı
23:06 12 Yanvar 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

"Yaxın vaxtlarda Böyükşor gölünün təmizlənməsinin ikinci mərhələsinə başlanılacaq. Hazırda göldə müvafiq işlərin aparılması üçün sənədləşdirmə prosesi həyata keçirilir. Yəni layihədə nələrin olacağı, layihənin smetası, mühəndis işləri ilə əlaqədar lazımı sənədlər hazırlanır. Sənədləşmə işi tam başa çatdıqdan sonra isə gölün dibinin təmizlənilməsinə başlanılacaq".



Bu barədə açıqlamanı ANS PRESS-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev verib. Ümumiyyətlə Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edir. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq.


Abbas Əliyev - İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri

Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilir. Bu gölün ekoloji bərpasının ilk mərhələsi 2014-2015-ci illərdə həyata keçirilib. Nəticədə Olimpiya stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın ərazi bərpa olunub, yəni neftlə çirklənmiş sahə təmizlənərək abadlaşdırırlıb. Ərazinin qərb sərhədini müəyyən edən altı xətli magistral şose isə Ziya Bünyadov prospekti, digər tərəfdən Balaxanı-Binəqədi şosesi ilə birləşərək nəqliyyatın yükünü xeyli azaldıb.


Böyükşor gölü

Paralel olaraq bu cür işlər Zığ gölündə də aparılır. Burada da sənədləşmə işləri başa çatdıqdan sonra çirklənmiş ərazilər təmizlənəcək. Yerində isə yaşıllıq zolaqları salınaraq abadlıq işləri görüləcək.

Ölkədə "Ekalogiya ili" elan olunmasından artıq 5 il ötsə də bölgələrlə paralel paytaxtda da, ağacəkmə aksiyası hələ də davam edir. Bu cür aksiyalar əsasən ildə iki dəfə yaz və payız fəsillərində keçirilir. Buna səbəb əkilən ağacların mövsümə uyğun bitməsidir. ETSN -nin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanovun sözlərinə görə paytaxtdaki yaşıllıq zolaqları Yaşıllaşdırma idarəsi tərəfindən mütəmadi aparılır.

"Əsasən meşə əmələ gətirən palıd, vələs, fıstıq, akasiya, söyüd ağacları əkilir. Sözsüz ki, iqlim şəraiti nəzərə alinaraq bu ağacların əkilməsi həyata keçirilir. Bunun üçün əlimizdə illik plan olur, plana müvafiq ağaclar əkilir. Məsələn, 3 ha sahədə əkin işləri görülməlidisə, ağacların bitmə prosesinə uyğun olaraq bu işlər iki mərhələdə aparılır. Yəni plandakı ərazidə ağaclar hissə-hissə əkilir", - deyə Sadiq Salmanov bildirdi.


Gəncədə ağacəkmə aksiyası

Təkcə ötən il departament əməkdaşları tərəfindən 10141 ha ərazidə meşə zolaqları salınıb. Bunun 2636 ha-ı əkin-səpinin, yerdə qalan digər hissə isə rekonstruksiya işlərinin üzərinə düşüb.



Ekoloji tədbirlərin mütəmadi aparılmasının vacibliyi dövlət başçısının keçirdiyi sonuncu iclasda da vurğulanıb. Ötən il 4 milyondan çox ağac əkildiyini deyən prezident, bu siyasətin davamlı aparılmasını zəruri hesab edib.

"Bu siyasət davam etdirilməlidir. Yadımdadır, əvvəllər biz buna kampaniya deyirdik, “Ekologiya ili”ndə biz bu işə fəal başlamışdıq. Ancaq hələ o vaxt mən deyirdim ki, bu, kampaniya olmamalıdır, bu, daimi proses olmalıdır. Bakıda və Abşeron yarımadasında ağacəkmə daimi proses olmalıdır. "


İlham Əliyev - Azərbaycan prezidenti


Ölkə başçısı çıxışı zamanı Böyükşor və Zığ gölünün təmizlənməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsinin ötən il uğurla həyata keçirilib..Hazırda qarşıda duran əsas məsələ hər iki gölün çirkli sahələrdən təmizlənməsidir.Buna görə dövlət büdcəsində bu məqsədlər üçün vəsait toplanılmalıdır.


Böyükşor gölü

Xatırladaq ki, 2010 -cu il ölkədə “Ekologiya ili” elan olunub. Buna görə Dövlət Neft Fondunun büdcə xərcləri 20 mln. manat artırılıb. Artım üçün nəzərdə tutulan vəsait ekoloji tədbirlərin və dövlət proqramlarının maliyyələşdirilməsinə, ekoloji-təmiz alternativ enerji mənbələrinin yaradılması ilə bağlı xərclərə yönəldilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369504

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR