Vyanada bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib

Vyanada bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib
01:13 13 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Vyana, 13 yanvar, AZƏRTAC
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara bəstəkar Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında məlumat verib, onu müasir Azərbaycan estrada musiqisinin banilərindən biri kimi xarakterizə edib. O, Azərbaycanda mahnı janrının inkişafında müstəsna rol oynamış Tofiq Quliyevin yaratdığı əsərlərin bu gün də dillər əzbəri olduğunu, Azərbaycanda və ölkə hüdudlarından kənarda sevildiyini vurğulayıb.
„Mədəniyyətlərin görüşmə məkanı“ ictimai qurumunun idarə heyətinin üzvü və musiqi direktoru Fərəh Tahirova bəstəkarın yaradıcılığının bədii məziyyətləri barədə ətraflı danışıb. O, Tofiq Quliyevin 20-ci əsr Azərbaycanda musiqi sənətinin inkişafında, eləcə də ictimai həyatında oynadığı roldan, Azərbaycan muğamlarının nota köçürülməsində onun əvəzsiz xidmətlərindən, Azərbaycanda ilk estrada orkestrinin yaradıcısı kimi müasir Azərbaycan musiqisinə verdiyi töhfələrdən bəhs edib.
Konsertdə görkəmli opera müğənniləri, Azərbaycanın xalq artistləri, dövlər mükafatları laureatları Fidan və Xuraman Qasımova bacıları Tofiq Quliyevin repertuarından mahnılar ifa ediblər. Fortepianoda onları Nigar Məlikova müşayiət edib.
Dahi bəstəkarın ən tanınmış “Azərbaycan”, “Bakı”, “Axşam mahnısı”, “Dostluq mahnısı”, “Qızıl üzük” mahnıları, eləcə də digər Azərbaycan bəstəkarlarının əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Konsertdə Tofiq Quliyev haqqında çəkilmiş sənədli fimlərdən süjetlər, onun canlı fortepiano ifaları, xüsusilə də ulu öndər Heydər Əliyevin Tofiq Quliyevin 80 illik yubileyində dahi bəstəkar haqqında söylədiyi fikirlər əks olunmuş kadrlar nümayiş etdirilib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vyanada_bestekar_Tofiq_Quliyevin_xatiresine_hesr_olunmus_konsert_kechirilib-917951

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR