“Qırmızı kitab”a düşən ağac və kol bitkilərinin yarıdan çoxu Hirkan Milli Parkının ərazisindədir

“Qırmızı kitab”a düşən ağac və kol bitkilərinin yarıdan çoxu Hirkan Milli Parkının ərazisindədir
10:38 13 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 13 yanvar, Bağır Əliyev, AZƏRTAC
On bir iqlim qurşağından doqquzunun mövcud olduğu Azərbaycan təbiəti zəngin biomüxtəlifliyə malikdir. Bu incilərdən biri də Lənkərandakı Hirkan Milli Parkıdır.
AZƏRTAC xəbər verir ki, zəngin flora və faunasına görə Hirkan Milli Parkı nəinki Azərbaycanın, dünyanın ən nadir milli parklarından biri hesab olunur. Burada buzlaşma dövründən qabaqkı endemik, relikt dövr bitkiləri, o cümlədən heyvanat aləmi qorunub saxlanılır.
Hirkan Milli Parkının ərazisi 40 min 358 hektardır. Park hirkan tipli meşələrə xas üçüncü dövrə məxsus qiymətli bitki növlərini olduğu kimi gələcək nəsillərə çatdırmaq, onun unikal növlərinin və bu tipdə olan meşələrin təbii formada dəyişikliklərin tədqiq edilməsi baxımından çox önəmlidir.
Azərbaycanın “Qırmızı kitab”ında olan ağac və kol bitkilərinin yarıdan çoxu Hirkan Milli Parkının ərazisində var.
Milli parkda şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (Lənkəran akasiyası, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat, və s. ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılıb.
Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fıstıq meşələri əvəz edir. Milli parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılıb. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın “Qırmızı kitabı”na daxil edilib.
Parkda təkcə nadir bitki aləmi deyil, nəsli tükənməkdə olan heyvan növləri də mühafizə olunur. Burada 40-a yaxın məməlilər sinfinə aid heyvan, müxtəlif növ sürünən və həşərat var.
Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın “Qırmızı kitabı”na salınıb. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. növlərə rast gəlmək olar.
Qeyd edək ki, Hirkan Milli Parkında 117 növ quş və heyvanat aləmi, 1204 növ nadir bitkilər və 99 növ ağac qorunur.








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qirmizi_kitaba_dusen_agac_ve_kol_bitkilerinin_yaridan_choxu_Hirkan_Milli_Parkinin_erazisindedir-917973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR