Xuraman və Fidan Qasımovalar Vyanada - foto

Xuraman və Fidan Qasımovalar Vyanada - foto
11:41 13 Yanvar 2016
34 Şou
Ölkə mətbuatı
A- A+

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara bəstəkar Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında məlumat verib, onu müasir Azərbaycan estrada musiqisinin banilərindən biri kimi xarakterizə edib. O, Azərbaycanda mahnı janrının inkişafında müstəsna rol oynamış Tofiq Quliyevin yaratdığı əsərlərin bu gün də dillər əzbəri olduğunu, Azərbaycanda və ölkə hüdudlarından kənarda sevildiyini vurğulayıb.

“Mədəniyyətlərin görüşmə məkanı” ictimai qurumunun idarə heyətinin üzvü və musiqi direktoru Fərəh Tahirova bəstəkarın yaradıcılığının bədii məziyyətləri barədə ətraflı danışıb. O, Tofiq Quliyevin XX əsrdə Azərbaycanın musiqi sənətinin inkişafında, eləcə də ictimai həyatında oynadığı roldan, Azərbaycan muğamlarının nota köçürülməsində onun əvəzsiz xidmətlərindən, Azərbaycanda ilk estrada orkestrinin yaradıcısı kimi müasir Azərbaycan musiqisinə verdiyi töhfələrdən bəhs edib.

Konsertdə görkəmli opera müğənniləri, Azərbaycanın Xalq artistləri, dövlət mükafatları laureatları Fidan və Xuraman Qasımova bacıları Tofiq Quliyevin repertuarından mahnılar ifa ediblər. Fortepianoda onları Nigar Məlikova müşayiət edib.

Görkəmli bəstəkarın ən tanınmış “Azərbaycan”, “Bakı”, “Axşam mahnısı”, “Dostluq mahnısı”, “Qızıl üzük” mahnıları, eləcə də digər Azərbaycan bəstəkarlarının əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Konsertdə Tofiq Quliyev haqqında çəkilmiş sənədli filmlərdən süjetlər, onun canlı fortepiano ifaları, xüsusilə də ulu öndər Heydər Əliyevin Tofiq Quliyevin 80 illik yubileyində bəstəkar haqqında söylədiyi fikirlərin əks olunduğu kadrlar nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44148

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR