Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Naxçıvan şəhərindəki Xatirə Muzeyinə ekskursiya təşkil olunub

Naxçıvan şəhərindəki Xatirə Muzeyinə ekskursiya təşkil olunub

Date: 13 January 2016 13:23


Naxçıvan, 13 yanvar, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan şəhərindəki tam orta məktəblərin şagirdlərinin şəhərdə yerləşən Xatirə Muzeyinə ekskursiyası təşkil olunub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçən tədbir 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilib.
AZƏRTAC xəbər verir ki, Xatirə Muzeyinin direktoru Aynurə Məhərrəmova şagirdləri muzeydə olan eksponatlarla yaxından tanış edib.
Bildirilib ki, muzeydə 400-ə yaxın eksponat nümayiş olunur. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb.
Qeyd olunub ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar qorunur və nümayiş etdirilir. Muzeydə eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi buraya gələnlərin, xüsusilə gənc nəslin qəhrəmanlıq tariximiz haqqında ətraflı məlumat almasına imkan verir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qətliamlardan da danışan Xatirə Muzeyinin direktoru deyib ki, 20 Yanvar hadisələri təkcə azğınlaşmış Sovet qoşunlarının Bakıda törətdiyi qanlı cinayətlərlə tamamlanmayıb. Həmin gün, eyni zamanda, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə də erməni silahlılarının işğalçı hücumları olub. 1990-cı il yanvarın 18-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunub, 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə, muxtar respublikanın digər sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumları başlayıb. Bu, 20 Yanvar faciəsinin ilk qanlı səhifələri idi. Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə naxçıvanlılar düşmənə qarşı mərdliklə dayanıb, qəhrəmancasına mübarizə aparıb, şəhidlər verib, Naxçıvanı qoruyub saxlayıblar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Tags:  Naxçıvan şəhərindəki Xatirə Muzeyinə ekskursiya təşkil olunub



RƏYLƏR


Top news