“Azərsun Holdinq” idxaldan asılılığı azaltmaq üçün hansı işlər görür?

“Azərsun Holdinq” idxaldan asılılığı azaltmaq üçün hansı işlər görür?
13:33 13 Yanvar 2016
49 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

“Azərsun Holdinq” MMC Azərbaycanda xammal məhsulunun idxaldan asılılığını azaltmaq üçün müvafiq işlər həyata keçirir. Bunu Trend-ə “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov deyib.

A.Səfərov qeyd edib ki, dövlətin dəstəyi ilə “Azərsun Holdinq” tərəfindən Şamaxı rayonunda Padarçöl adlanan ərazidə 5 min hektar sahədə böyük kənd təsərrüfatı layihəsi həyata keçirilir.

Onun sözlərinə görə, yüksək məhsuldarlıq əldə edilməsi üçün hazırda həmin ərazidə suvarma sistemləri qurulur, müasir əkinçilik metodları tətbiq edilir.

A.Səfərov bildirib ki, şəkər çuğundurunun idxalından da asılılığı azaltmaq üçün şəkər çuğunduru əkin sahələrinin genişləndirilməsi istiqamətində mütəmadi işlər aparılır: “Çay plantasiyalarının salınması istiqamətində də işlər aparılır. Bunun üçün hazırda Masallıda 100 hektarlıq ərazidə müasir çay plantasiyası salınır, İmişli-Biləsuvar bölgəsində işlər həyata keçirilir. O bölgədə yaşayan fermerlərə, kənd təsərrüfatı ilə məşğul olan əkinçilərə yüksək məhsuldarlıq əldə etmək üçün kübrə, texniki və digər dəstək göstərilir. Eyni zamanda, Qazaxda “Azərsun Holdinq”in konserv zavodu vətəndaşlardan meyvələri qəbul edir və donmuş vəziyyətdə paketlənmiş satışını həyata keçirir”.

A.Səfərov əlavə edib ki, holdinqin müəyyən ixrac problemləri var: “Rusiyada olan devalvasiya və regionda olan digər problemlər nəticəsində məhsulların ixracında müəyyən çətinliklər yaranıb. Amma biz ikinci fazaya hazır olmalıyıq. Kənd təsərrüfatı layihələrini daha da genişləndirməliyik, əkinçiliyi artırmalıyıq. Bu sahədə müvafiq qurumlar çox ciddi məsuliyyət daşımalıdırlar”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2479813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR