Quraşdırılmış smart tipli su sayğaclarının sayı 400 min ədədi keçib

Quraşdırılmış smart tipli su sayğaclarının sayı 400 min ədədi keçib
13:43 13 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
İstehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart tipli) su sayğaclarının quraşdırılması istiqamətində işlər 2015-ci ildə intensiv qaydada davam etdirilib.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, il ərzində ASC tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 52 min 359 smart tipli su sayğacı quraşdırılıb. Quraşdırılan sayğacların 48 min 519 ədədi əhali, 3840 ədədi isə qeyri-əhali qrupunun payına düşür. Hesabat dövründə Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə 40 min 764 ədəd, regionlarda isə 11 min 595 ədəd smart-kart sayğacı quraşdırılıb.
Ümumilikdə smart sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılan sayğacların sayı 404 min 702-ə çatıb. Smart sayğacların quraşdırılması əhali və qeyri əhali qrupu abunəçiləri üçün paralel aparılır. İndiyə qədər quraşdırılan sayğacların 369 min 286 ədədi əhali, 35 min 416 ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür.
Təhlillər göstərir ki, smart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artıb.
Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə eləcə də bölgələrdə smart sayğacların quraşdırılması davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qurasdirilmis_smart_tipli_su_saygaclarinin_sayi_400_min_ededi_kechib-918039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR