Pensiya və maaşlar nə qədər arta bilər?

Pensiya və maaşlar nə qədər arta bilər?
15:38 13 Yanvar 2016
1598 Ölkə
Ölkə mətbuatı
A- A+

13 yanvar, 2016 - "Pensiya və maaşların artırılması üçün maliyyə mənbəyi əsas etibarilə dövlət büdcəsi ola və dövlətin ehtiyat fondundan müəyyən vəsait ayrıla bilər. Təbii ki, devalvasiyanın səviyyəsi yüksək olduğu üçün bu artımı da həmin səviyyədə də etmək mümkün olmayacaq. Ona görə də ola bilər ki, maaş və pensiyalar 15-20 faiz artsın. Bu, hökumətin hesablamalarından asılıdır. Amma artım mütləq olmalıdır, çünki aztəminatlı ailələr var və onların aldığı pensiya və maaşın alıcılıq qabiliyyəti aşağı düşdüyündən bu kateqoriyadan olan əhali üçün müəyyən çətinliklər yarana bilər".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında səsləndirdiyi fikirlər və qoyduğu tapşırıqlara münasibət bildirərkən deyib.


Millət vəkilinin sözlərinə görə, 2015-ci il dünyanın həm siyasi, həm də iqtisadi həyatında çox təlatümlü il olub. Neftin qiymətinin aşağı düşməsi, dünya dövlətlərinin bir çoxunda, xüsusilə MDB-də valyutaların devalvasiya olunması və dəyərdən düşməsi dünya iqtisadiyyatına, xüsusilə, neft ixrac edən ölkələr üçün öz təsirini göstərib. Azərbaycan da dünyanın bir hissəsi olduğu üçün, neft ixrac edən ölkə olaraq bu təsirlərə məruz qaldı:

"Buna baxmayaraq, ötən il ölkəmizdə iqtisadi inkişaf qeydə alınıb. ÜDM 1 faizdən çox, kənd təsərrüfatı 6 faiz, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Amma Azərbaycan üçün ən xoşagəlməz hal neftin kəskin ucuzlaşması oldu. Bununla əlaqədar milli valyutamız dəyərdən düşdü. Təbii ki, bunların hamısı ölkənin ictimai-siyasi həyatına, insanların alıcılıq qabiliyyətinə böyük təsir göstərib".

V.Əhmədov qeyd edib ki, bütün bunları nəzərə alaraq, dövlət başçısı 2016-cı ildə Azərbaycan dövlətinin və hökumətinin qarşısında hansı məsələlərin durduğuna aydınlıq gətirdi və hansı məsələlərin tapmalı olduğuna dair bir sıra ismarıc və tapşırıqlar verdi:

"İlk növbədə prezident devalvasiya ilə əlaqədar olaraq, insanların aldığı maaş və pensiyalar öz alıcılıq qabiliyyətini itirdiyi üçün Azərbaycan hökumətinə göstəriş verdi ki, onlar artırılsın. İndi bunun üçün mənbə axtarılıb tapılmalıdır. Hökumət bu işlə məşğuldur, amma bu, nə qədər tez olsa, bir o qədər yaxşı olar.

Digər ciddi məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Bununla da bağlı ciddi göstərişlər verilib. Bununla İqtisadiyyat və Sənaye Nazirliyi bu işlə məşğuldur və bəzi işbazlar artıq məsuliyyətə cəlb edilir.

Amma burada süni qiymət artımını normal, obyektiv qiymət artımından fərqləndirmək lazımdır. Obyektiv qiymət artımı var və olacaq. Bizim istehsal etdiyimiz məhsulların komponentləri arasında idxal məhsulları var ki, bu müəyyən qədər qiymət artımına səbəb olacaq. Əsas odur ki, bu artım süni şəkildə olmasın".


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR