Xorasan türklərinin min illik yurdu Nişapurda saz sənəti - REPORTAJ

Xorasan türklərinin min illik yurdu Nişapurda saz sənəti - REPORTAJ
16:14 13 Yanvar 2016
26 Sosial
Ölkə mətbuatı
A- A+

Nişapur... Xorasan türklərinin min illik yurdu... Onlar bu torpaqlarda əsrlərdir yaşayırlar... Doğma olan təkcə danışdıqları dil deyil. Xorasan türklərinin musiqisi də doğmadır...

 

Musiqini Səfəvi şahı I Abbas tərəfindən tikdirilən karvansarada dinləmək başqa bir zövqdür...

 

Xorasan türkləri subetnos olaraq İranın Şimali Xorasan, Rəzavi Xorasan, Gülüstan ostanlarında, Türkmənistan və Özbəkistanda yaşayır. İranda yaşadıqları ərazi keçmişdə Xorasan bölgəsi adlanıb. Onların İranda ümumi saylarının 2,5 milyon olduğu bildirilir. Dilləri Xorasan türkcəsidir. Oğuz yarımqrupuna daxildir. Azərbaycan türkləri Xorasan türkcəsini asanlıqla başa düşür.

 

Xorasan türkləri Azərbaycanı, xüsusi ilə Bakını sevirlər. Onlarda ölkəmizə, kinomuza, musiqimizə bu sevgini asanca görmək olur.

 

Saz ustası Rza Nəcəfi deyir ki, Şimali və Rəzavi  Xorasanda, Nişapurda yaşayanlar hamısı türkdür: “Biz Türkmənistan sərhədlərinə yaxınıq. Sizin musiqinizdən, kəlamınızdan istifadə edirik. Sizin musiqi və kəlamınız bizimki ilə biri-birinə xeyli yaxındır. Biz Azərbaycan musiqisinə qulaq asırıq. Elə bilirik öz musiqimiz, öz kəlamımızdır. Sazlarımız da çox fərq etmir. Azərbaycan aşıqlarına televiziyalardan qulaq asmışam”.

 

Xorasan türkləri daha çox Azadşəhr, Ramiyan, Əliabad Kətul, Minudəşt, Şirva,  Bocnurd, İsfərayen, Kəlat, Cuveyn, Çağatay dərgəz, Nişapur, Qoçan şəhərlərində, o cümlədən bölgənin şəhərətrafı qəsəbələrində, kənd və obalarında yaşayır.

 

Mövlanə Cəlaləddin Ruminun və Xorasanda doğulan İzzəddin Həsənoğlunun dili Xorasan türkcəsidir.

 

Xorasan türklərinin bu bölgədə yerləşməsi Səlcuqlular, Toğrul dövrünə aid edilir. Ancaq Rza Nəcəfi türklərin bu torpaqda yaşam tarixinin yeddi min il olduğunu deyir.

 

“Bizim qrup Nişapur şəhərində fəaliyyət göstərir. Bu sazın adı dutardı. Xorasana aid musiqi alətidir. Şimali və Cənubi Xorasanda fərqlidir. Bu saz ki, əlimdədir, Cənubi Xorasan sazıdır. Qardaşımın əlində olan isə Şimali Xorasan sazıdır. Türklər, Azərbaycan türkləri, türkmənlər o sazla çalar”.

 

Xorasan türkcəsi ilə Azərbaycan türkcəsi biri-birinə nə qədər yaxın olsa da, İranda yaşayanlar öz ləhcələrini ayıra bilir.

 

“Azərbaycanlı görəndə biz Azərbaycani danışarıq. Qalan vaxtlarda Xorasani, Xorasani türkü kimi  danışarıq. Öz məntəqəmizdə, evimizdə türkcə danışırıq, amma şəhərdə tam əksinə, farsca danışırıq”.

 

Məşhur “Əsli və Kərəm” dastanı Xorasanda da geniş yayılıb.

 

“Xorasan türk kəlamlarından Kərəm-Əsli, Cəfərqulunun bir divanı var. Şəms Təbrizi, Olyaquli, bunlar tam türkcə yazıb. Öz türkcəmizdə. Azərbaycanda da “Əsli-Kərəm” dastanı var”.

 

Rza Nəcəfi deyir ki, rəhbərlik etdiyi qrup  Nişapurda toylara gedir, mahnı oxuyub, oynayır, şeirlər söyləyir.

Axşam oldu gün çəkildi qəzaya
Qadir Allah qoydu bizi cəzaya
Axşam oldu tapa bilməm yolumu,
Soyuq vurdu əllərimi, qolumu.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR