Bakı, 13 yanvar, AZƏRTAC
2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin təsisçisi olduğu "Təmiz Şəhər" ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 506 min ton tullantının zərərsizləşdiriliməsi nəticəsində təqribən 182 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, istehsal olunmuş enerjinin 28,5 milyon kilovat/saatı zavodun ehtiyaclarının ödənilməsinə yönəldilib, 153,5 milyon kilovat/saat enerji isə elektrik şəbəkəsinə ötürülüb. Bu, Bakının Xətai rayonunun elektrik enerjisinə olan bir illik tələbatının tam həcmdə ödənilməsi deməkdir.
Ötən il Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənmiş tullantıların 6 min tonu xammal kimi təkrar emala yönəldilib.