"TOGY Azerbaijan 2016" jurnalının heyəti SOCAR-ın emal layihələrinin inkişafı strategiyası ilə tanış olub

"TOGY Azerbaijan 2016" jurnalının heyəti SOCAR-ın emal layihələrinin inkişafı strategiyası ilə tanış olub
17:08 13 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Dünyanın neft və qaz zonaları barədə konkret ölkələr üzrə illik silsilə hesabatlar dərc edən "TOGY Azerbaijan 2016" jurnalının ölkə üzrə direktoru xanım Karen Kumbasarın rəhbərlik etdiyi redaksiya heyəti SOCAR-ın Strateji inkişaf üzrə vitse-prezidenti və Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQENKK) baş direktoru Tofiq Qəhrəmanov ilə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, tərəflər SOCAR-ın 2016-cı il üçün və 2020-ci ilədək nəzərdə tutulan emal layihələrinin inkişafı strategiyasını müzakirə ediblər. "Bu gün emal sektorunda başlıca prioritet Heydər Əliyev adına neft emalı zavodunun və “Azərikimya” İstehsalat Birliyinin istehsalat sahələrinin rekonstruksiyası və modernizasiyası, SOCAR Polymer və SOCAR Karbamid zavodlarının tikintisi və Qaradağ rayonunda NQNK layihəsi üzrə hazırlıq işlərinin yekunlaşdırılmasıdır. Ölkə xaricində prioritetlərimiz Türkiyədə "STAR" neft emalı zavodunun tikintisi və “Petkim Petrokimya Holding A.Ş.” emal kompleksinin müasirləşdirilməsini əhatə edir", - deyə Tofiq Qəhrəmanov bildirib.
Dünya bazarlarında neft qiymətlərinin aşağı düşməsi neft hasil edən ölkələrə öz iqtisadiyyatlarının şaxələndirilməsi istiqamətində daha çox səylə çalışmaq imkanını verdiyini söyləyən T. Qəhrəmanov deyib: "Daunstrim (emal) sektorunda əməliyyatlarımızın genişləndirilməsi Azərbaycanda hasil olunan neftdən əlavə dəyər əldə etməyimizə, beləliklə də neft qiymətlərinin aşağı düşməsi səbəbindən yaranan maliyyə itkilərini kompensasiya etməyimizə imkan verəcək. Bu, Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsinə dair strategiyasına uyğundur və SOCAR bu istiqamətdə işlər həyata keçirir".
Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması və genişləndirilməsi barədə danışarkən Tofiq Qəhrəmanov qeyd edib ki, bu işlərin əsas məqsədi zavodun illik istehsal gücünün 6 milyon tondan 7.5 milyon tonadək artırılması, habelə daxili və xarici bazarlar üçün Avro 5 standartına cavab verən benzin və dizel yanacağının istehsalından ibarətdir. İlkin detallı layihələndirmə öncəsi (“Pre-FEED”) işlərə "SOCAR-Foster Wheeler" birgə müəssisəsi tərəfindən 2015-ci ilin üçüncü rübündə start verilib və 2016-cı ilin yanvar ayında şirkət layihə çərçivəsində ilkin müfəssəl layihələndirmə (“FEED”) işlərinə başlayacaq. İlkin müfəssəl layihələndirmə işlərinin 2016-cı ilin sonuncu rübündə başa çatdırılacağı, sonra isə mühəndis-layihələndirmə, satınalma və tikinti işlərinin və ilk öncə neft emalı zavodunda bitum qurğusunun inşasının başlanacağı gözlənilir. İş proqramı çərçivəsində Atmosfer və Vakuum, Fluid Katalitik Krekinq və digər qurğuların əsaslı rekonstruksiya və 7-8 yeni qurğunun inşası nəzərdə tutulub. Bitum qurğusunun tez bir zamanda inşası köhnə “Azərneftyağ” neft emalı zavodunun istehsalatlarının dayandırılmasına, dənizkənarı ərazilərin boşaldılmasına və “Ağ Şəhər” kimi infrastruktur layihələrinin inkişafı üçün imkan yaradacaq.
SOCAR-ın vitse-prezidenti bildirib ki, ötən ilin oktyabr-noyabr aylarında bir sıra texnoloji qurğular üzrə “UOP”, “Axens” və “Poerner” şirkətləri ilə Lisenziya, Baza mühəndisliyi və Zəmanət sazişləri imzalanıb: “Yaxın gələcəkdə biz, neft emalı zavodunun modernləşdirilməsi çərçivəsində layihənin idarə edilməsi barədə müqavilə, eləcə də kükürd təmizləmə qurğusuna dair lisenziya müqaviləsi bağlayacağıq".
Karen Kumbasar və Tofiq Qəhrəmanov SOCAR-ın emal sektorunun şaxələndirilməsinə yönəlmiş səylərinin nümayiş etdirilməsinin əhəmiyyətini və Azərbaycanın neft-qaz sənayesinin beynəlxalq investorlara tanıdılmasında hazırkı hesabatın rolunu müzakirə ediblər.
"TOGY Azerbaijan 2016" jurnalı heyətinin Bakıya gəldiyi 2015-ci ilin sentyabr ayından etibarən K.Kumbasar özünün analitiklər komandası ilə birlikdə ölkə sənayesinin qabaqcıl nümayəndələri ilə görüşlər keçirir. Sözügedən hesabatda Azərbaycanın neft-qaz sənayesi və onun ən son inkişaf meylləri tam şəkildə öz əksini tapacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotTOGY_Azerbaijan_2016_quot_jurnalinin_heyeti_SOCAR_in_emal_layihelerinin_inkisafi_strategiyasi_ile_tanis_olub-918125

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR