Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Röyanı Türkiyədə məhkəmə verməkvəkilim ilə danışıqlar da apardım"

"Röyanı Türkiyədə məhkəmə verməkvəkilim ilə danışıqlar da apardım"

Date: 13 January 2016 17:47

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova ilə müğənni Röya arasında oktyabrın sonlarından başlayan qalmaqal bu günlərdə daha da qızışıb. Münasibətlərin artıq hüquqi müstəvidə həlli məsələsi gündəmdədir. Belə ki, Məlahət Abbasovanın Röyanı məhkəməyə verdiyi deyilir.
 
Milli.Az xəbər verir ki, publika.az məşhur aktrisa ilə bu qalmaqal ətrafında danışıb:
 
- Azərbaycan tamaşaçısına bir müddətdir ki, süpürgəçi obrazında təqdim olunursunuz...

- (sözümü kəsərək) Süpürgəçi obrazından ələ salaraq danışmaq ayıbdır, aktyorları təhqir etmək deməkdir. Vəfa Fətullayeva uzun illər "Azdrama" və digər teatrlarda xadimə qadınları oynayıb. O, Hökümə Qurbanovanın qızıdır. İsmayıl Osmanlı "7 oğul istərəm" filmində hamam işçisi obrazındadır. Belə bir cümlənin işlədilməsi aktyor sənətini təhqir etməkdir. Aktyor istər müəllimə olar, istər qatil, istər həkim, istərsə də süpürgəçi rolu canlandıra bilər. Rolları ayırmaq aktyor sənətinə hörmətsizlikdir. Bütün tamaşalarda xidmətçi var. Azərbaycan səhnəsində belə obrazları Lütfəli Abdullayev oynayıb. İndi biz Lütfəli Abdullayevə yaratdığı əyyaş obrazına görə qiymət verməliyik? Bu, nə deməkdir axı?  Aktyor sənətində rola fərq qoymaz.
 
- Qalmaqallı obrazınız haqda nə deyərdiniz? Elə sözügedən serial yayımlandığı vaxtlarda da azərbaycanlının niyə bu cür rola dəvət edilməsi barədə qınaqlar səsləndi...

- Söhbət mənim "1001 gecə" serialında oynadığım xidmətçi obrazından gedirsə, bilməyənlərin nəzərinə çatdırım ki, həmin serial dünyanın 50 ölkəsində tərcümə olunaraq nümayiş olunub. Filmdə mənim obrazım Azərbaycan xanımını alçaltmır, ucaldır. Türkiyədə yaşayan Şəhrizadın oğlu ölüm ayağındadır. Mərhəmətli qadın isə Türkiyədən deyil, məhz Azərbaycandan gəlir. O filmdə Qarabağda ailəsi, övladı şəhid olmuş Azərbaycan qadınını canlandırıram. Filmdə baş qəhrəman özü deyir ki, bu uşağı mən dünyaya gətirsəm də, sən ona həyat verdin. Sonda məndən onların yanında qalıb, ona bacılıq etməyimi xahiş edir. Filmdə də xidmətçi olaraq qalmıram. Filmdə Qarabağ şəhidlərindən bəhs olunur, Ulu Öndərimizin görüntüləri əks olunur. Aktyor sənətini təhqir edənlər, gözlərini dörd açıb bütün bunlara oturub diqqətlə baxsınlar. Bizim sənəti təhqir etmək olmaz! Hazırda Argentinada "1001 gecə" serialı tərcümə olunaraq nümayiş olunur. Ermənilər isə orada bu serialın nümayişinin dayandırılması üçün aksiya keçirib. Səbəb isə mənim serialda yaratdığım həmin obrazdır, Qarabağda ailəsi şəhid olmuş qadın obrazı. Məsələyə bu tərəfdən baxmaq lazımdır. Cılız şeyləri qabartmazlar. Nazirimiz Əbülfəz Qarayev, nazir müavinimiz Elçin Əfəndiyev olmaqla hamı mənim gördüyüm işlərdən xəbərdardır.
 
- Bir az o işlərdən danışardınız...

- Türkiyədə 10-dan çox Azərbaycan əsərini repertuardan keçirmişəm. Bu gün Türkiyə səhnəsində Azərbaycan əsərləri mənim sayəmdə oynanılır. Bəxtiyar Vahabzadənin, Elçin Əfəndiyevin "Şekspir" və "Qatil" əsərləri oynanıldı. Əli Həsənov və Sona Vəliyevanın məsləhəti ilə Hüseyn Cavidin "İblis" əsərinin də Türkiyədə səhnəyə qoyulmasına çalışıram. Hazırda bunun üzərində iş gedir. Bu, bilirsiz nə deməkdir? Türkiyə səhnəsində "İblis"i tamaşaya qoymaq kimə qismət olub? İşlərə bu tərəfdən baxın.
 
- Niyə seriallarda çox çəkilmirsiniz?

- Mən serial aktrisası deyiləm. Teatrdan boş qalan zamanlarımı seriala ayıra bilərəm. Mənə də böyük təkliflər gəlir. Amma bunun üçün teatrdan ayrılmalıyam. Mənə milyonlar da versələr, teatrdan kənarda qala bilmərəm. Çünki səhnə insanıyam. 2015-ci ildə "Rotari Teatro Ödülleri"ndə "İlin ən yaxşı rejissoru" mükafatını qazandım. Bunu kim edib indiyə qədər? Bu günlərdə Cəlil Məmmədquluzadənin "Ölülər", "Dəli yığıncağı" əsərləri, Elçin Əfəndiyevin "Teleskop" əsəri, Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsəri, Həsən Həsənovun "Brüsseldən məktublar" əsərini repertuardan keçirmişəm. Bunları kim edib? Elə bilirsiz birisi gəlir və bunları repertuara salır? Hər əsərin üzərində aylarla işləyirəm. Bu gün deyirəm, İstanbulun ən böyük və ən məşhur teatrında çalışan tək azərbaycanlı aktrisayam. Nə qədər ki, varam, oradayam, Türkiyə səhnəsində Azərbaycan əsərləri oynanılacaq. Buna dəyər versinlər. Yoxsa süpürgəçi... Bu sözlər bizim böyük sənətkarlarımızın ruhuna təhqirdir.
 
- Röya sizin Azərbaycanı bəyənməyib getdiyinizi yazıb.

- Bu, nə sözdür? Orada ailə qurmuşam. Ailəm, 2 övladım var. İnsan vətənini sevməyə bilər? Mənim qanımda 3 rəng var. Azərbaycanın bayrağının rəngləri! Vətən sevməyən vətən xainidir. Çox ayıb olsun. Bar verən ağac hər zaman daşlanır.
 
- Azərbaycandan Türkiyə səhnəsinə çıxmaq üçün sizə müraciət edənlər olur?

- Çox olub. Bundan sonra da əlimdən gələni edəcəm. "Mahmud və Məryəm" əsərində Fəxrəddin Manafov oynamışdı. İndiyə qədər ondan danışırlar. Deyirlər ki, necə də böyük aktyordur. Mənə müraciət edən aktyorların hamısını şirkətlərdə qeydiyyatdan keçirmişəm. Amma serial çəkmirəm. Mən serial rejissoru deyiləm. Ancaq müxtəlif teatrlarda tanıdıqlarım istedadlı aktyor və aktrisaları təklif etmişəm, qeydiyyata düşmələrinə yardımçı olmuşam. Türkiyədə tanışlıq yoxdur. Burada güclü rəqabət var.
 
- Əldə etdiyim məlumata görə köməklik üçün müraciət edənlərdən biri də Fərda Xudaverdiyev olub. Bu düzgün məlumatdır?

- Düzgün informasiyadır.
 
- Amma sizə həsr edilən verilişdə Fərda məsələyə heç bir reaksiya vermədi. Baxmayaraq ki, o, aktyordur. Tamaşaları, yumoristik "stand up"ları, çəkildiyi filmləri var. Yəni aktyor sənətində obrazın böyük-kiçikliyinin fərqi olmadığını bilən insandır. Onunla danışdınız verilişdən sonra?

- Yox, qətiyyən. Mən səssiz qaldım. Yenə də böyüklük məndə qalsın. Amma mən Fərdadan gözləmirdim. Lütfəli Abdullayev hər zaman balaca rollar oynayıb. Biz ona balaca aktyor deyə bilərik? Vəfa Fətullayeva "Mahnı dağlarda qaldı" filmində xidmətçi rolunu oynayıb. Biz ona zəif aktrisa deyə bilərik?
 
- Mətbuatda yayıldı ki, Röyanı sizə tapşıran olub. Məhz bu səbəbdən susursunuz. Belə bir fikir formalaşdı ki, qorxursunuz...

- Yox. Heç vəzifəli adam deyil. Sadəcə ortaq dostumuzdur. Mən də işin böyüdülməsini istəmədim. Bu səbəbdən susdum. Dedi-qodu arasında olmaq istəmirəm. Çünki heç kəsin ünvanına pis söz deməmişəm. Sadəcə, səhv başa düşülmüşəm. Bu isə məni çox üzdü. Qoy böyüklük məndə qalsın.
 
- Eşitdim məsələni hüquq müstəvisində həll etmək qərarına gəlmisiniz. Röyanı Türkiyədə məhkəməyə vermək istəmisiniz?

- Bəli, haqlısınız. Belə bir fikrim oldu. Röyanı Türkiyədə məhkəmə vermək üçün menecerim və vəkilim ilə danışıqlar da apardım. Mənə dedilər ki, əgər məhkəmə işi olacaqsa, qətiyyən heç bir yerdə açıqlama vermə. Sonradan fikirləşdim ki, qoy böyüklük məndə qalsın. O da mənim azərbaycanlımdır. Mənə yaraşmaz.
 
- Röya hədə-qorxu da gəldi, dedi "elə eləməsin ki, gəlib onu Türkiyədə tapım"...

- (Gülür) Mən Bakıdayam. Türkiyəyə gəlməyə ehtiyac yoxdur. Gəlsin... Çox gülünc açıqlamalardır. Xalqımın qarşısında baş əyirəm. Xalq kimin necə olmasına düzgün qiymət verir. Sənət insanı ağzından çıxan sözə diqqət etməlidir. Biz bir sözümüzlə xalqın gözündən düşə bilərik. Hər kəs başını salıb işi ilə məşğul olsa, dedi-qoduya vaxt qalmaz. Türkiyədə 24 saat mənə bəs etmir. Mən çox istəyərəm ki, Röyanın yolları da açıq olsun. Ona kömək etmək əlimdən gəlirsə, bunu da edərəm. Ucuz açıqlamalar mənə görə doğru deyil. Qalmaqal insanı yerin dibinə soxur. Səviyyə insan üçün çox önəmlidir.

Milli.Az


Tags:  Röyanı Türkiyədə məhkəmə verməkvəkilim danışıqlar apardım


RƏYLƏR


Top news