Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

20 Yanvar – Azərbaycan xalqının qanlı və şanlı səhifəsi

20 Yanvar – Azərbaycan xalqının qanlı və şanlı səhifəsi

Date: 13 January 2016 18:53


Naxçıvan, 13 yanvar, AZƏRTAC
Xalqımıza qarşı törədilmiş Qanlı Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində, min bir qurbanlar bahasına qazanılan dövlət müstəqilliyinin qorunmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub.
Naxçıvan Dövlət Universitetindən (NDU) AZƏRTAC-a bildirilib ki, bu fikirlər ali təhsil ocağında keçirilən 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş konfransda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tərəfindən səsləndirilib.
Konfrans öz işinə Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının ruhunu yad etməklə başlayıb.
Sonra Saleh Məhərrəmov Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatı və müstəqillik tarixindəki yerindən, milli müstəqilliyin əldə olunmasındakı əhəmiyyətindən ətraflı söhbət açıb.
Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru Zəhmət Şahverdiyev “20 Yanvar: xalqımızın qan yaddaşı” mövzusunda məruzə edərək, tarixdə hər bir xalqın milli azadlıq mücadiləsi zamanı qanlı faciələrlə üzləşdiyini xatırladıb. Məruzəçi qeyd edib ki, 20 Yanvar faciəsi ötən yüzilliyin sonlarındakı ictimai-siyasi proseslərin, işğalçı sovet imperiyasının son dirənişinin, ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətinin nəticəsi idi. 1990-cı il yanvarın 19-da blokadada olan Naxçıvan Muxtar Respublikası erməni işğalçılarının hücumlarına qarşı təkbaşına mübarizə aparmalı olub. Bu hadisələr xalqın öz istiqlalı, suverenliyi, müstəqil və demokratik dövlət qurmaq uğrunda şanlı mübarizəsini əks etdirir.
İnformasiya texnologiyaları mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi, universitet Tələbə Elmi Cəmiyyətinin sədri Bilgin Həsənov “Müstəqilliyimizin şəhidlik zirvəsi” adlı məruzəsində bildirib ki, 1990-cı il yanvarın 19-da SSRİ–nin cinayətkar rəhbərliyinin hazırlayıb həyata keçirdiyi hərbi təcavüz nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər vəhşicəsinə öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. 20 Yanvar gününü Azərbaycan tarixinə zülm və əsarətə qarşı mübarizə günü kimi tarixə yazan qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi xalqımız tərəfindən daim hörmətlə yad ediləcək.
Konfransda 20 Yanvar faciəsini əks etdirən slaydlar göstərilib, tələbə teatr studiyasının hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


Tags:  Yanvar Azərbaycan xalqının qanlı şanlı səhifəsi


RƏYLƏR


Top news