Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gömrük Komitəsindən Qarabağda istehsal edilən çaxırlarla bağlı Rusiyaya MÜRACİƏT

Gömrük Komitəsindən Qarabağda istehsal edilən çaxırlarla bağlı Rusiyaya MÜRACİƏT

Date: 13 January 2016 19:34

 

 

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində, “Domodedovo” hava limanının rüsumsuz ticarət mağazalarında satılan “Madatov” adlı konyakların Ermənistanın işğalı altında olan Azərbaycan ərazisində - Dağlıq Qarabağda istehsal edildiyini və Ermənistan vasitəsilə Rusiya bazarlarına çıxarıldığını müəyyənləşdirib.

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.

 

Məlumata görə, bununla əlaqədar olaraq, Dövlət Gömrük Komitəsi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyinə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

 

“Bildiyiniz kimi, iyirmi ildən artıqdır ki, Azərbaycan Respublikasının 20 faiz ərazisi Ermənistan Respublikasının işğalı altındadır. Bu ərazilərin azad edilməsini tələb edən BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, eləcə də bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, bu işğal hələ də davam etməkdədir. Beynəlxalq hüquqa əsasən işğal altında olan ərazilərdə istənilən iqtisadi fəaliyyət (istər sahibkarlıq, istərsə də qeyri-sahibkarlıq fəaliyyəti) qadağandır.

 

Bildiririk ki, Moskvanın “Domodedovo” hava limanının “Duty Free” (rüsumsuz ticarət) mağazalarında “Madatovğ” adı altında konyak məhsullarının satışı həyata keçirilir. Bu məhsul Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilən ərazilərində yerli xammal və materiallardan istifadə edilməklə hazırlansa da, bağlama üzərindəki ştrix-kod Ermənistan Respublikasına aiddir ki, bu da malın mənşə ölkəsi haqqında sənədlərin və ticarət markasının saxtalaşdırılmasına dəlalət edir. Beləliklə, belə malların Rusiyaya idxalı üçün heç bir qanuni əsası yoxdur.

 

Təəssüf hissi ilə qeyd etməliyik ki, bu kimi hallar Moskva və Rusiyanın digər şəhərlərində yerləşən ərzaq mallarının satış nöqtələrində də müşahidə olunur.

 

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Federal Gömrük Xidməti (Rusiya FGX) arasında gömrük hüquqpozmaları ilə mübarizəyə dair əməkdaşlıq haqqında Sazişin 5-ci maddəsinə istinad edərək, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilən ərazilərində istehsal edilən malların sərbəst satışının qarşısının alınması, eləcə də belə hərəkətlərə yol verilməməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş edirik”.

 

Qeyd olunub ki, aşkar olunmuş faktla bağlı Dövlət Gömrük Komitəsi rəsmi olaraq Azərbaycanın əlaqədar qurumlarını da məlumatlandırıb.







Tags:  Gömrük Komitəsindən Qarabağda istehsal edilən çaxırlarla bağlı Rusiyaya MÜRACİƏT

RƏYLƏR


Top news