Dağlıq Qarabağda istehsal edilən konyakların Moskvada satışı ilə əlaqədar Rusiya Federal Gömrük Xidmətinə müraciət edilib

19:52 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

DGK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla əlaqədar olaraq Dövlət Gömrük Komitəsi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyinə müraciət ünvanlayıb.
Müraciətdə deyilir: "Bildiyiniz kimi, iyirmi ildən artıqdır ki, Azərbaycan Respublikasının 20 faiz ərazisi Ermənistan Respublikasının işğalı altındadır. Bu ərazilərin azad edilməsini tələb edən BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, eləcə də bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, bu işğal hələ də davam etməkdədir. Beynəlxalq hüquqa əsasən işğal altında olan ərazilərdə istənilən iqtisadi fəaliyyət (istər sahibkarlıq, istərsə də qeyri-sahibkarlıq fəaliyyəti) qadağandır.
Bildiririk ki, Moskvanın “Domodedovo” hava limanının “Duty Free” (rüsumsuz ticarət) mağazalarında “Мадатовь” adı altında konyak məhsullarının satışı həyata keçirilir. Bu məhsul Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilən ərazilərində yerli xammal və materiallardan istifadə edilməklə hazırlansa da, bağlama üzərindəki ştrix-kod Ermənistan Respublikasına aiddir ki, bu da malın mənşə ölkəsi haqqında sənədlərin və ticarət markasının saxtalaşdırlmasına dəlalət edir. Beləliklə, belə malların Rusiyaya idxalı üçün heç bir qanuni əsası yoxdur.
Təəssüf hissi ilə qeyd etməliyik ki, bu kimi hallar Moskva və Rusiyanın digər şəhərlərində yerləşən ərzaq mallarının satış nöqtələrində də müşahidə olunur.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Federal Gömrük Xidməti arasında gömrük hüquqpozmaları ilə mübarizəyə dair əməkdaşlıq haqqında Sazişin 5-ci maddəsinə istinad edərək, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilən ərazilərində istehsal edilən malların sərbəst satışının qarşısının alınması, eləcə də belə hərəkətlərə yol verilməməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş edirik".
Xatırladaq ki, aşkar olunmuş faktla bağlı DGK rəsmi olaraq respublikamızın əlaqədar qurumlarını da məlumatlandırıb.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/dagliq-qarabagda-istehsal-edilen-konyaklar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR