Tbilisi universitetlərində təhsil alan tələbələr xalq şairi Zəlimxan Yaqubun xatirəsini anıblar

20:48 13 Yanvar 2016
44 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 13 yanvar, AZƏRTAC
Tbilisidəki İ.Cavaxişvili adına Dövlət Universitetindəki “Azərbaycanın Dostları Klubu” auditoriyasında xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Gürcüstan Texniki Universitetinin, Qara Dəniz Universitetinin və İ.Cavaxişvili adına Dövlət Universitetinin tələbələrinin təşəbbüsü və Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, azərbaycanlı və gürcü tələbələr iştirak ediblər.
Səfirliyin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva, Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva, Tbilisidəki 64 saylı Azərbaycan məktəbinin müəlliməsi, “Ceyran” rəqs qrupunun rəhbəri Ceyran Qurbanova və başqaları çıxış edərək Zəlimxan Yaqub haqqında xatirələrini bölüşüb, xalq şairinin yaradıcılığında Vətənə, xalqa, torpağa bağlılığın tərənnümündən danışıblar.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun dilimizin bütün çalarlarından və tükənməz imkanlarından faydalanaraq yazdığı şeirlər böyük təsir gücünə malikdir. Zəlimxan Yaqubun tarixi şəxsiyyətlərə həsr etdiyi poemaları onun yaradıcılığının zirvəsini təşkil edir. Şairin ədəbi-ictimai fəaliyyəti daim yüksək qiymətləndirilib. O, bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifləri olan “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. Onun yaradıcılığına Gürcüstanda yüksək qiymət verilib. Şairin bu ölkənin ali mükafatı olan “Şərəf” ordeni ilə təltif olunması buna bariz nümunədir. Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Zəlimxan Yaqubun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Sonra tələbələr Lalə Bayramova, Səid Həmzəyev, Xədicə Hacıyeva, Zeynəb Bayramova, gənc aktyor və rejissor Anar Rafiqoğlu xalq şairinin şeirlərindən parçalar söyləyiblər.
Gənc şair Əhməd İlhamoğlu Zəlimxan Yaquba həsr etdiyi şeirləri oxuyub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tbilisi_universitetlerinde_tehsil_alan_telebeler_xalq_sairi_Zelimxan_Yaqubun_xatiresini_aniblar-918249

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR