Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycançılıq ideologiyasının etnoqrafik əsaslarından bəhs edən yeni kitab

Date: 13 January 2016 21:38


Bakı, 13 yanvar, AZƏRTAC
Görkəmli alimlərimiz Azərbaycan xalqının ana dili, dini, tarixi kökləri haqqında fikirlərini zaman-zaman elmi əsaslarla, tarixi qaynaqlara söykənərək sübut ediblər. Bu baxımdan AMEA-ın müxbir üzvü, Milli Məclisin deputatı, Əməkdar Elm Xadimi Nizami Cəfərovun “Azərbaycan türkcəsinin milliləşməsi tarixi”, “Azərbaycanşünaslıq məsələləri”, “Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri” və "Türk xalqları ədəbiyyatı” kitablarında xalqımızın etnogenizi, mədəniyyəti, ədəbiyyatı, dili və tarixi haqqında zəngin elmi məlumatlar toplanıb. Görkəmli dilçi və türkoloq alim bu sahədə araşdırmalarını davam etdirməkdədir. Belə ki, bu günlərdə “Elm və təhsil” nəşriyyatında Nizami Cəfərovun həmkarları Vüqar Sərdarov və Altay Cəfərovla birgə yazdıqları “Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları” əsəri işıq üzü görüb. Nəşrdə Azərbaycan xalqının milli mənlik şüurunun formalaşması, adət-ənənələri, etnik özünəməxsusluğu, ədəbi mədəniyyəti, azərbaycançılıq ideologiyası və dövlətçilik təfəkkürü kimi aktual məsələlər əksini tapır.
AZƏRTAC mövzunun aktuallığını nəzər alaraq, “Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları” kitabına yazılmış “Ön söz”ü təqdim edir.
Azərbaycançılıq Azərbaycan xalqının dərin (və mükəmməl) etnoqrafik əsasları olan, XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmış və kifayət qədər mürəkkəb, ziddiyyətli (nəticə etibarilə, uğurlu) bir təkamül tarixinə malik milli ideologiyasıdır və üç üzvi tərkib hissəsindən ibarətdir: türkçülük, müsəlmançılıq və müasirlik (dünyəvilik).
Hər hansı milli ideologiya o zaman kamil hesab oluna bilər ki, xalqın ruhundan, mentalitetindən, “tərcümeyi-hal”ından gəlsin. Azərbaycançılıq ideologiyası bu baxımdan, həqiqətən, müasir dünyanın ən mükəmməl ideologiyalarından biridir. Bu ideologiyanın min illərlə ölçülən çox dərin etnoqrafik köklərilə yanaşı, kifayət qədər əsaslı metafizikası da mövcuddur. Belə ki, onun azərbaycançılıq ideologiyasının mahiyyətində, fəlsəfəsində üç tamamilə humanist və insan cəmiyyətinin təhtəlşüur, yaxud təbii bir şəkildə, müdaxiləsiz yaratdığı dəyər komponenti və ya kompleksi ifadə olunur:
1) Etnik və ya milli mənsubiyyət;
2) Dini mənsubiyyət;
3) Ümumbəşəri və ya dünyəvi mənsubiyyət.
Bu ideologiyada öz əksini tapmış fəlsəfə və ya metafizikada, eləcə də onun mənsub olduğu və onu yaradan xalqın təfəkküründə nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm yoxdur. Yalnız o var ki, Azərbaycan xalqı da, dünyanın bütün digər normal xalqları kimi, müəyyən bir etnik mənşəyə, müəyyən bir dini dünyagörüşünə mənsubdur və bütün digər xalqlar kimi, müasir dünyanın övladıdır.
Azərbaycançılıq ideologiyasının tarixi məzmununu, yaxud tarix fəlsəfəsini aydın dərk və təsəvvür etmək üçün, fikrimizcə, üç mühüm məqama diqqət yetirmək lazım gəlir. Bunlardan biri həmin ideologiyanın etnoqrafik kökləri (qaynaqları, mənbələri, əsasları), ikincisi, artıq qeyd etdiyimiz kimi, XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edən təşəkkül və ya formalaşma dövrü, üçüncüsü isə XX əsrin 20-ci illərindən başlayan təkamül mərhələləridir.
Azərbaycançılıq ideologiyası, etnoqrafik köklərini də nəzərə alsaq, heç şübhəsiz, Azərbaycan xalqı ilə yaşıddır. O mənada ki, hər bir xalq tarix səhnəsinə çıxa-çıxa öz milli ideologiyasının etnoqrafik əsaslarını da yaradır. Bunu adət-ənənələrində, şah əsərləri olan eposlarında, dahi mütəfəkkirlərinin yaradıcılığında, böyük qəhrəmanlarının, xüsusilə, dövlət xadimlərinin fəaliyyətində və mübarizələrində əks etdirir. Sübuta ehtiyac yoxdur ki, Azərbaycan xalqının “Dədə Qorqud”, “Koroğlu” kimi eposları, Nizami, Nəsimi, Füzuli, Vaqif kimi mütəfəkkirlərinin yaradıcılığı, Atabəylər, Şah İsmayıl Xətai, Nadir şah kimi qəhrəman dövlət xadimlərinin fəaliyyəti və mübarizələri, mahiyyət etibarilə, azərbaycançılıq inersiyasının bilavasitə ifadəsi, təzahürləridir. Əgər bu zəngin, çoxşaxəli, ümumiyyətlə, ciddi tarixi varisliyi olan “ifadə”lər və “təzahür”lər olmasaydı, XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqının milli ideologiyası da formalaşa, mükəmməl müddəalarla meydana çıxa, formulə oluna və yeni tarixi şəraitdə xalqa aydın yol göstərə bilməzdi.
Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül tapıb formalaşdıqdan sonra bir əsr sürən təbəddülatlı, lakin mənsub olduğu xalqın iradəsini ifadə etdiyindən ardıcıl, davamlı bir təkamül yolu keçmişdir. Bu ideologiyanın təkamül tarixinin, fikrimizcə, aşağıdakı mərhələləri mövcuddur:
1) XX əsrin 20-ci illərinin əvvəllərindən həmin əsrin 30-cuillərinin sonlarına qədər;
2) XX əsrin 30-cu illərinin sonlarından həmin əsrin 70-ci illərinin əvvəllərinə qədər;
3) XX əsrin 70-ci illərinin əvvəllərindən həmin əsrin 80-ci illərinin sonlarına qədər;
4) XX əsrin 80-ci illərinin sonlarından XXI əsrin 10-cu illərinin əvvəllərinə qədər;
5) XXI əsrin 10-cu illərindən sonra.
Azərbaycançılıq ideologiyası , ümumiyyətlə, hansısa məhdud bir dövrdə, hansısa dahi bir ideoloqun təfəkküründə, yaxud təsəvvürlərində təsadüfən meydana çıxmış bir ideologiya deyil. Onun müəllifi Azərbaycan xalqıdır. Bu xalq həmin ideologiyanın əsaslarını bütün tarixi boyu yaratmışdır.
Azərbaycançılığın bir milli ideologiya olaraq mənsub olduğu xalqın ruhundan doğulmasını göstərən əsas əlamət azərbaycançılıq ideologiyasının dərin etnoqrafik köklərinin mövcudluğudur ki, bunu, hər şeydən əvvəl, Azərbaycan xalqının müxtəlif təkamül-formalaşma dövrlərində yaratdığı eposlar - “Dədə Qorqud”la “Koroğlu” sübut edir.
Birinci minilliyin sonu, ikinci minilliyin əvvəllərində meydana çıxmış “Dədə Qorqud” eposunda azərbaycançılıq ideologiyasının üç tərkib hissəsi olan türkçülük, müsəlmançılıq və müasirlik təsəvvür-inersiyaları bütün aydınlığı, hətta parlaqlığı və miqyası ilə öz əksini tapır. Xüsusilə o mənada ki, “Dədə Qorqud” eposu həyat və düşüncə tərzləri etibarilə müasir ümumbəşəri, indiki Azərbaycanın coğrafiyasında məskunlaşmış, islam dinini ya qəbul etmiş, ya da qəbul etmək ərəfəsində olan türklərin (oğuzların) yaradıcı təfəkkürünün məhsuludur.
Eposda türkçülük təsəvvür-inersiyasının əsas göstəriciləri aşağıdakılardır:
a) eposda oğuz (Azərbaycan) türklərinin (Oğuz elinin!) qəhrəmanlığından bəhs edilir.
Bu qəhrəmanlığın daşıyıcıları Qazan xan, Bamsı Beyrək, Basat, Dəli Domrul, Qaraca Çoban, Uruz, Burla xatun Azərbaycan (oğuz) türkləridir;
b) eposun etnoqrafiyası-təsvir olunan etnocoğrafiya, etnopsixologiya, etnososiologiya, etnoideologiya və s. bütünlüklə Azərbaycan (oğuz) türklərinə məxsusdur;
c) epos oğuz (Azərbaycan) türkcəsində - dövrün türk elitasının dilində yaradılmışdır.
"Dədə Qorqud" eposunda müsəlmançılıq təsəvvür-inersiyasi, əsasən, aşağıdakı hallarda təzahür edir:
a) "Dədə Qorqud" cəmiyyətinin - Oğuz elinin əksəriyyəti, nə qədər deklorativ təqdim edilsə də, faktiki olaraq, müsəlmandır;
b) müsəlman türklər kafirlərə qarşı mübarizə aparararaq, vaxtaşırı onların üzərinə yürüş edərək İslamı qəbul etdirməyə çalışırlar (qəzavata çıxmaq, İslam dinini yaymaq eposun əsas ideyalarından biridir);
c) eposun mətnində İslamdan, xüsusilə onun kitabı "Quran"dan gələn ideyalar, motivlər, ifadə standart-texnologiyaları kifayət qədər qabarıqdır. Nəhayət, aşağıdakılar "Dədə Qorqud" cəmiyyətinin və insanının həyat tərzi, dünyagörüşü etibarilə müasirliyini və ya dünyəviliyini təsdiq edir:
-oğuz cəmiyyətinin və ya insanının etnik mənsubiyyəti, yaxud müəyyənliyi kifayət qədər möhkəm olsa da, etnik məhdudluq kompleksi yoxdur;
-oğuz cəmiyyətinin və ya insanının hələ müəyyən qədər deklorativ şəkildə dini (İslam) mənsubiyyəti, yaxud müəyyənliyi olsa da, dini məhdudluq kompleksi müşahidə edilmir (məsələn, deyək ki, müsəlman oğuz igidləri kafirlərlə döyüşsələr də, kafir qızlarını sevib onlarla məmnuniyyətlə ailə qururlar);
- eposda humanizm, insanı ilk növbədə doğru-düzgünlüyünə, mənəviyyatına, xeyirxahlığına, igidliyinə və s. görə dəyərləndirmək, həyatilik, demokratizm (hər işi məsləhətlə görmək) əsasdır.
Orta əsrlərin sonu, yeni dövrün əvvəllərində formalaşmış "Koroğlu" eposuna gəldikdə isə buradakı türkçülük, müsəlmançılıq və müasirlik təsəvvür-inersiyaları özünü aşağıdakı şəkildə göstərir:
a) Azərbaycan "Koroğlu"su (türk xalqlarında "Koroğlu"nun müxtəlif variantları mövcuddur ki, mütəxəssislərin fikrincə, onların ən mükəmməli Azərbaycan variantıdır) Azərbaycan türklərinin coğrafi, siyasi, mənəvi və s. müstəqilliyini əks etdirən və təbliğ edən hadisə olub, mükəmməl bir Azərbaycan türkcəsində (xalq dilində) nəinki azərbaycanlılar, eləcə də qonşu xalqlar arasında geniş yayılmışdır;
b) "Koroğlu"da müsəlmançılıq zahiri deyil, daxili (hətta batini), mənəvi dəyər olaraq təzahür edir;
c) eposda müxtəlif xalqlara, onların nümayəndələrinə hər hansı ayrı-seçkilik münasibətinə təsadüf edilmir.
Azərbaycançılıq təsəvvür-inersiyası dahi Azərbaycan mütəfəkkirlərinin yaradıcılığında özünü müxtəlif formalarda göstərir. Məsələn, bütün dünyada ən böyük Azərbaycan şair-mütəfəkkiri sayılan Nizami Gəncəvinin yaradıcılıq genotipində həm türkçülüyün, həm müsəlmançılığın, həm də ümumbəşəriliyin, müasirliyin çox sıx, demək olar, möhtəşəm tarixi koordinatorluğu mövcuddur ki, bu mükəmməl, miqyaslı dəyər ondan sonrakı böyük Azərbaycan şair-mütəfəkkirlərinə - Nəsimiyə, Füzuliyə, Vaqifə də xas xüsusiyyətdir.
Şah İsmayıl Xətai isə şair-mütəfəkkir olmaqdan başqa, daha çox dahi dövlət xadimidir. Onun tarixi xidmətləri sayəsində Azərbaycan xalqı təbii olaraq formalaşdığı geniş coğrafiyada müstəqil dövlətini (imperiyasını) yaratmış, yeni dövr ərəfəsində həm özünə, həm də beynəlxalq aləmə milli mənlik, iradə və qürur nümayiş etdirmiş, Azərbaycan türkcəsinin siyasi-ideoloji mövqeyi o vaxta qədər görünməmiş bir şəkildə yüksəlmişdir.
XVII-XVIII əsrləri əhatə edən Azərbaycan intibahı azərbaycançılıq təsəvvür-inersiyasının dərinləşməsinə xüsusi təkan vermişdir.
Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları dedikdə, biz bu ideologiyanın üzvi tərkib hissələrini təşkil edən üç komponentin (etnik, dini və ümumbəşəri) mənşəyində dayanan ən mühüm "intim" təzahürləri (etnik özünüdərk şüuru, ümumünsiyyət vasitəsi olan dil, ümumi Vətən anlayışının təşəkkülü, dini mənsubiyyət birliyi və s.) nəzərdə tuturuq ki, onlar iki dövrdə araşdırılmalıdır. Birincisi və ən mühümü XIX əsrin sonu, XX əsrin əvvəllərinə, yəni milli ideologiyanın formalaşmasına qədərki dövrdür. Böyük bir tarixi əhatə edən bu dövrdə müəyyənləşmiş geno (yaxud etno) tipologiya milli ideologiyanın formalaşması üçün nə qədər həlledici olsa da, heç də tamamilə sərf olunmur və ya həmin ideologiyanın təşəkkülü ilə tarixin arxivinə verilmir. Əksinə, onun taleyinin yeni, daha intellektual dövrü başlayır. Bu dövrdə (XIX əsrin sonu, XX əsrin əvvəllərindən sonra) etnoqrafiya milli ideologiyanın təkamülünə (xüsusilə kütləviləşməsinə) nə qədər təsir göstərirsə, milli ideologiya da etnoqrafiyanın konsolidasiyasına, mütəşəkkilliyinə o qədər təsir edir.
Hər bir xalqın etnoqrafiyası kimi, Azərbaycan xalqının etnoqrafiyası da, mahiyyət etibarilə, metafizik hadisədir. Bu isə o deməkdir ki, etnoqrafiya etnosun təşəkkülü ilə formalaşdıqdan sonra, onun bütün tarixi boyu, demək olar, dəyişmir. Mənsub olduğu etnosun (millətin) ideoloji axtarışları üçün məhsuldar zəminə çevrilərək, bir növ, tükənməz ideya, məfkurə qaynağı, "generator"u olur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün dünyada aforizmə çevrilmiş "fəxr edirəm ki, mən Azərbaycanlıyam" kəlamı yüksək vətəndaşlıq şüuru kontekstində milli etnoqrafiya ilə milli ideologiyanın dialektik əlaqəsini bütün aydınlığı və mükəmməl fəlsəfəsi ilə təsbit edir.

Tags:  Azərbaycançılıq ideologiyasının etnoqrafik əsaslarından bəhs edən yeni kitab


RƏYLƏR


Top news