“EurActiv”: Qərb Azərbaycan kimi regional tərəfdaşları ruhlandırmalıdır

“EurActiv”: Qərb Azərbaycan kimi regional tərəfdaşları ruhlandırmalıdır
02:48 14 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Brüssel, 14 yanvar, AZƏRTAC
Belçikanın geniş oxucu kütləsinə malik olan “EurActiv” xəbər portalında ukraynalı müstəqil siyasi və enerji analitiki Taras Nazarenkonun “Ukraynadan sonra, Qərb Azərbaycan kimi regional tərəfdaşları ruhlandırmalıdır” (“After Ukraine, the West must encourage regional partners like Azerbaijan”) (http://www.euractiv.com/sections/global-europe/after-ukraine-west-must-encourage-regional-partners-azerbaijan-320826 əlavə olunur) başlıqlı məqaləsi dərc edilib.
Məqalədə müstəqillik əldə etdikdən sonra Azərbaycanın müdrik qərar qəbul edərək, Qərblə daha sıx əlaqələr qurmağa başlaması, neft və qazın Avropaya çatdırılmasında əvəzsiz rol oynaması, Qərbin neft və qazla təchiz olunmasına verdiyi töhfələrlə yanaşı, Əfqanıstanda koalisiya qüvvələrinə dəstək vermək üçün qeyri-öldürücü sursat və materialların üçdə bir hissəsinin Azərbaycan ərazisindən keçərək həmin ölkəyə gətirilməsi, Kosovo, İraq və Əfqanıstanda ABŞ silahlı qüvvələri ilə birgə mübarizə aparmaq üçün sülhməramlı qüvvələr göndərməsi və s. bu kimi atdığı müsbət və təqdirəlayiq addımların müqabilində Qərbin və Avropanın tənqid hədəfinə tuş gəlməsinin heç də ürəkaçan olmadığı vurğulanır. Həmçinin Azərbaycan hökumətinin göstərdiyi bu səylərin ABŞ və Avropa ictimaiyyəti tərəfindən daha çox tanınmasına nail olmaq istəyinin əvəzində Qərb ictimaiyyətinin ölkədə insan hüquqları və mətbuat azadlığının vəziyyətini pisləyən fikirlər səslədirməsi ilə üzləşməsindən bəhs olunur. Bu səbəbdən də bir çox azərbaycanlının ölkələrinə qarşı münasibətdə Qərbin ikili standartlar tətbiq etdiyini vurğulayan müəllif, insan hüquqları probleminin misal üçün Qazaxıstanda da mövcud olmasına baxmayaraq, Qərbin özündə olan bir çox qüsur və çatışmazlıqlarına məhəl qoymadan yalnız Azərbaycanı tənqid etməklə heç də ədalətli yanaşma nümayiş etdirmədiyini bildirir.
Məqalənin sonunda “Qərb liderləri günü-gündən Rusiyanın nüfuzunun artdığı bu qeyri-sabit regionda yerləşən Azərbaycanın onlara həqiqətən kömək etdiyini və dəstək göstərdiyini anlasaydılar müdriklik etmiş olardılar” deyən müəllif, onların sərt sözlərinin əməkdaşlıq üçün əlverişsiz şərait yaratdığını və Qərbin Azərbaycana qarşı səsləndirdiyi fikirlərinin balanslaşdırılmış yox birtərəfli olmağa davam edəcəyi təqdirdə, “Bakının öz əllərini yuxarı qaldıracağı (ümidlərini itirərək, çarəsizlikdən) və yenidən “ayı” ilə rəqs etmək barədə düşünəcəyini” bildirir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/EurActiv_Qerb_Azerbaycan_kimi_regional_terefdaslari_ruhlandirmalidir-918284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR