Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda ABŞ-dakı Koreya icmasının nümayəndələri ilə görüş keçirilib

10:53 14 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+


Los-Anceles, 14 yanvar, AZƏRTAC
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda ABŞ-da yaşayan Koreya icmasının aparıcı nümayəndələri ilə görüş keçirilib. “Dinlərarası harmoniyanın təşviqi“ devizi altında təşkil olunan görüş Koreya icması ilə bu səpkidə indiyədək keçirilən ilk tədbir kimi yadda qalıb. Görüşün məqsədi ABŞ-ın ən nüfuzlu icmalarından olan, təqribən 2 milyondan çox Koreya mənşəli amerikalını özündə birləşdirən Koreya icması ilə qarşılıqlı faydalı münasibətlərin qurulması olub.
Los-Ancelesdə fəaliyyət göstərən nüfuzlu KCCD təşkilatının dəstəyi ilə keçirilən tədbirdə Koreya icmasının aparıcı nümayəndələri və Koreya media qurumlarının təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Los-Ancelesdəki baş konsul Nəsimi Ağayev görüşdə ölkəmizin tarixi, çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələri ilə bağlı çıxış edib. Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra keçdiyi tarixi inkişaf yolundan danışan diplomat bu səpkidə xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən, Ulu Öndərin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və nəticədə Azərbaycanın dünyanın ən sürətlə müasirləşən dövlətlərindən birinə çevrilməsindən bəhs edib.
Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bu yaxın münasibətlərin Birləşmiş Ştatlarda da davam etdirilməsinin vacibliyini qeyd edən baş konsul ABŞ-ın Koreya icması ilə birgə uğurlu əməkdaşlıq üçün kifayət qədər potensialın olduğunu söyləyib. Diplomat vurğulayıb ki, Azərbaycan və Koreya dillərinin eyni dil ailəsinə – Altay dil ailəsinə mənsub olması hər iki xalq arasında qardaşlıq bağlarının yaranmasına gözəl zəmin yaradır.
Tədbirdə çıxış edən KCCD təşkilatının rəhbəri Heypin İm, təşkilatın idarə heyətinin həmsədrləri Con Park və Uqi Kim belə bir tədbirin keçirilməsindən məmnun qaldıqlarını deyib, səmərəli əməkdaşlıq üçün bu cür görüşlərin mütəmadi təşkilinin önəmini qeyd ediblər.
Onlar Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsində əldə etdiyi tarixi nailiyyətlərin təqdirəlayiq olduğunu vurğulayıb, hazırda beynəlxalq aləmdə dini və mədəni zəminlərdə cərəyan edən qanlı toqquşmalar fonunda Azərbaycanın tolerantlıq modelinin daha geniş şəkildə təbliğ edilməsinin zəruriliyini bildiriblər.
Koreyanın tanınmış televiziya kanalı, 26 milyon izləyicisi olan TVK kanalı görüş barədə reportaj yayımlayıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Los-Anceles

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Los_Ancelesdeki_bas_konsullugunda_ABS_daki_Koreya_icmasinin_numayendeleri_ile_gorus_kechirilib-918296

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR