Neft Daşları və Çilov adasında neftçilərin xatirəsi anılıb

Neft Daşları və Çilov adasında neftçilərin xatirəsi anılıb
12:19 14 Yanvar 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Yanvarın 14-də Neft Daşları və Çilov adasında dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 nömrəli, ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi anılıb.

 

Lent.az SOCAR-a istinadən xəbər verir ki, Çilov adasında keçirilən anım mərasimində iştirakçılar əvvəlcə, 1997-ci ildə helikopter qəzası nəticəsində həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər. Mərasimdə çıxış edən “28 May” NQÇİ-nin sosial məsələlər üzrə rəis müavini Mətləb Qarayev, eləcə də NQÇİ-nin Həmkarlar Komitəsinin sədri Emin Məmmədov və başqaları təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı itkin düşən və həlak olan neftçilərin yaxınlarına, doğmalarına səbr diləmiş, həyatlarını xalqımızın xoşbəxtliyi naminə qurban vermiş insanların xatirəsini anmışlar. Natiqlər itkin düşmüş neftçilər barədə xatirələrini bölüşmüş, onların tapılması üçün bütün mümkün variantlardan istifadə olunduğunu bildirmişlər.

 

Neft Daşlarında isə iştirakçılar 1957-ci il noyabrın 21-də baş vermiş faciəli gecədə həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə toplaşmış, buraya tər çiçəklər düzmüşlər. “Günəşli” yatağındakı 10 nömrəli, ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. SOCAR-ın Nəqliyyat İdarəsinin rəis müavini Yusif Hacıyev, “Neft Daşları” NQÇİ-nin rəis müavini Zeynal Abdullayev, NQÇİ-nin Həmkarlar Komitəsinin sədri Hüseyn Əhmədov baş vermiş faciənin bütün xalqımızın qəlbində dərin iz buraxdığını, hərkəsi dərindən sarsıtdığını söyləmiş, neftçilərin ailələrinə dözüm və səbr diləmişlər. Qeyd olunmuşdur ki, baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlər davam etdirilir. Bu hadisələrin neftçilərin əhval-ruhiyyəsinə təsir etdiyini söyləyən natiqlər vurğulamışlar ki, itkin düşən neftçilərin axtarışı, eləcə də “Günəşli”dəki 10 nömrəli özüldə yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR