"Vəziyyətdən istifadə edənlər başa düşməlidirlər ki..."

"Vəziyyətdən istifadə edənlər başa düşməlidirlər ki..."
13:52 14 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan dövləti yaranmış çətin vəziyyətdən çıxmaq üçün anti-böhran tədbirlərini həyata keçirir.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf  Əliyev prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi fikirlər və qoyduğu tapşırıqlara münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, artıq bir neçə ildir ki, dünya ölkələrini iqtisadi, maliyyə və siyasi böhranlar bürüyüb. Bu illər ərzində prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan dövləti və xalqı bu böhrandan maksimum dərəcədə qoruna bilib. Amma Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir və təbii ki, dünya iqtisadiyyatında, dünya siyasətində baş verən neqativ hadisələr Azərbaycana da öz təsirini göstərir:

"Ötən il ümumdünya böhranı bir qədər də dərinləşdi. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf etdi. Amma təbii ki, əvvəlki illərdəki kimi inkişafa nail ola bilmədi. Neftin qiyməti son vaxtlar kəskin şəkildə 3-4 dəfə aşağı düşdü. Nəticədə manatın məzənnəsi devalivasiyaya uğradı ki, bu da qaçılmaz idi. Bu hadisələr bizimlə qonşu ölkələrdə də hələ bir neçə il öncə baş verib və indi də davam edir".

Lakin R.Əliyevin fikrincə, bu vəziyyətdən istifadə edən bəzi anti-Azərbaycan qüvvələr və onların xaricdəki havadarları Azərbaycanda sabitliyi pozmağa, ixtişaşlar yaratmağa cəhd göstərirlər:

"Bu qüvvələr başa düşməlidirlər ki, iqtisadi-maliyyə böhranı dünyanın əksər ölkələrini bürüyüb və Azərbaycan höküməti xalqı böhranın təsirlərindən dövləti qorumaq, onun təsirlərini minimuma endirmək üçün müvafiq tədbirləri həyata keçirib və keçirməkdə davam edir. Bu qüvvələr bilməlidirlər ki, artıq Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən, xalqla iqtidarın həmrəyliyinin yüksək səviyyəsinə çatmış güclü bir dövlətə çevrilib və bu qüvvələrin cəhdləri əbəsdir".

Komitə sədrinin müavini qeyd edib ki, Azərbaycan höküməti əvvəlki illərdə olduğu kimi yaranmış çətinliklərin aradan qaldırılması üçün lazımi tədbirləri həyata keçirir və bundan sonra da dövlət tərəfindən anti-böhran tədbirləri həyata keçirəcəkdir:

"Prezident İlham Əliyev yaranmış çətinliklərin aradan qaldırılması yolları ilə bağlı öz fikirlərini Nazirlər Kabinetinin son iclasındakı çıxışında bildirib və müvafiq qurumlara tapşırıqlar verib.

2016-cı ildə qeyri-neft sektorunun inkişafı, ixrac potensialının genişləndirilməsi, yerli istehsalın o cümlədən kənd təsərufatı məhsullarının və istehlak mallarının istehsalının artırılması nəzərdə tutulub. Vergi Məcəlləsinə edilmiş dəyişiliklər vergitutma bazasının genişləndirilməsinə imkan verəcək. Gömrük rəsmiləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılmasına, inhisarçılığın qarşısının alınmasına şərait yaradacaq. Yeni iş yerlərinin yaradılması ilə əlaqədar regionlarda sənaye zonalarının yaradılması ilə bağlı işlərin sürətləndirilməsi nəzərdə tutulub. Əhalini ən çox narahat edən məsələlərdən biri olan süni qiymət artımının qarşısının alınması məqsədi ilə bağlı ölkə başçısı tərəfindən müvafiq dövlət qurumlarına tapşırıqlar verilib. Bundan əlavə, Nazirlər Kabinetinə əmək haqlarının və pensiyaların artırılması ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.

Göründüyü kimi, ölkədəki ictimai-siyasi və iqtisadi proseslər, xalqın maraqları dövlət başçısının diqqət mərkəzindədir. İnanırıq ki, Azərbaycan dövləti prezident İlham Əliyevin rəhbərliyi ilə qarşılaşdığımız bu çətinlikləri müvəffəqiyyətlə aradan qaldıracaq və öz uğurlu inkişaf yolunu davam etdirəcək".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR