Tovuz sakini həyətində "xəzinə" becərib - FOTO

Tovuz sakini həyətində "xəzinə" becərib - FOTO
15:12 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Tovuzda yetişdirilən bu ağac 150 kiloqramadək məhsul verir. Meyvəsinin çəkisi isə 1-2 kq-dır. Söhbət bu rayon üçün xarakterik olmayan Hindistan sortu limonlardan gedir. 

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, görünüşünə görə cənub zonasında yetişdirilən subtropik bitkidən fərqlənən bu limonu Tovuzun Əyyublu kəndində becərirlər. Kənd sakini Cahangir Sadıqov ağacın tingini illər öncə dostundan alıb. Ağac ilin bütün fəsillərində bar verir. Bu limonlar ürək-damar xəstələri üçün xüsusilə faydalıdır. 

Cahangir Sadıqov: "Qələm formasında əkmişdim, 5 il qulluq etdim. Artıq 3 ildir ki, məhsul gətirir. Mənim 8 ildir ki, ürək-damar problemim var. Bu limonları yeyəndən sonra dərman istifadə etmirəm". 

İstixana şəraitində yetişdirilən subtropik bitki insanların marağına səbəb olub. Kimisi ağacın tingini, kimisi də meyvəsini əldə etmək üçün Əyyublu sakinin həyətinə üz tutur.

Ramiz Çıraqlı, Tovuz sakini: "Bizim kənddə, bu iqlimdə limon ağaclarına nə qədər yaxşı qulluq etsələr də, 15-20 kq məhsul verə bilər. Ancaq bu ağac 100-120 kq məhsul gətirir. Bunun həm də biznes tərəfini fikirləşmək lazımdır. Cahangir kişi sübut etdi ki, bu rayonda təkcə kartof becərmək yox, subtropik bitki yetişdirməklə də gəlir əldə etmək olar". 

Elə Cahangir Sadıqov da gələcəkdə böyük təsərrüfat yaratmaq fikrindədir.

Qeyd edək ki, kənd sakini bitkidən gəlir də əldə edir. Bir limonun qiyməti isə ölçüsündən asılı olaraq 1-2 manat arasında dəyişir.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR