Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədəki dəhşətli terroru Rusiya törədib?

Türkiyədəki dəhşətli terroru Rusiya törədib?

Date: 14 January 2016 15:22

Son günlər Türkiyə qanlı terror məkanına çevrilib. Bir neçə gün ərzində ölkə üzrə 10-a yaxın terror hadisəsi baş verib. Yanvarın 12-də İstanbulun Sultanahmet meydanında, ötən gün isə Diyarbəkir vilayətinin Çinar rayonunda silsilə terror aktları törədilib. Nəticədə onlarla insan ölüb, yüzə yaxın Türkiyə vətəndaşı isə yaralanıb. 

Rəsmi Ankara hadisələrin İŞİD və PKK terror qruplaşması tərəfindən törədildiyini bəyan etsə də, hazırkı gərgin durumda olayın arxasında başqa dövlətlərin olması versiyası qaçılmazdır.

Milli.Az azvision.az-a istinadən bildirir ki, politoloq Elçin Mirzəbəyli hesab edir ki, terror hadisələrinin törədilməsində məqsəd Türkiyənin artan nüfuzuna zərbə vurmaqdır: "Türkiyəyə qarşı mübarizə aparan, bu ölkənin regiondakı proseslərə təsir imkanlarını azaltmaq istəyən qüvvələrin sayı yetərincədir. Bu sıraya Bəşər Əsəd rejimi, İŞİD, PKK, Rusiya və İranı daxil etmək olar. Son dövrlər Rusiyanın PKK terrorçuları ilə əlaqələrinin intensivləşdməsi istiqamətində atdığı addımlar törədilən terror aktlarında əli olduğuna dair şübhələr yaradır".

Politoloq qeyd edib ki, İstanbuldakı terror aktını İŞİD-in törətdiyi dəqiqləşsə də, terrorçu qruplaşma bu addımı sifarişlə həyata keçirib.

"İstanbulda törədilmiş terror aktı birbaşa Türkiyənin turizm potensialına yönəlmiş addımdır. Burada üçüncü qüvvələrin iştirakı da mümkündür. Doğrudur, ehtimalları Rusiyanın üzərinə yönəldərək iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirmək niyyəti ola bilər. Çünki, Rusiya Türkiyənin turizm potensialına zərbə vurmaqda maraqlı olan ölkədir. Amma bu veriysa özünü doğrultmaya da bilər. Çox mürəkkəb bir şərait yaranıb. İndiki halda Türkiyənin sərt addımlar atmasına ehtiyac var. Hesab edirəm ki, bu olaylardan dolayı PKK-ya qarşı aparılan sərt mövqenin yumuşaldılması böyük fəsadlara səbəb ola bilər", - deyə E.Mirzəbəyli vurğulayıb. 

Türkiyədə mürəkkəb hadisələrin baş verdiyini deyən politoloq Qabil Hüseynli hesab edir ki, qardaş ölkədə terroru törədən qüvvələrin arxasında böyük dövlətlər durur. 

"Rusiya uzun müddətdir Türkiyəni hədələyir və PKK vasitəsi ilə böyük zərbə vuracağını bəyan edir. Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdü. Bunlar onu göstərir ki, Rusiya başda olmaqla Avropanın müxtəlif dövlətləri PKK-ya dəstək verirlər". 

Politoloq əlavə edib ki, Türkiyədəki terror olaylarında İranın da əli ola bilər: "Bu ölkə də PKK-ya dəstək verən dövlətlər sırasındadır. Hesab edirəm ki, həm bölgənin böyük dövlətləri, həm də dünyanın müxtəlif güc mərkəzləri Türkiyəni zəiflətmək istəyir. Onlar terror aktları ilə Türkiyədə sabitliyi pozmaq, eyni zamanda turizm potensialına zərbə vurmaq niyyətindədirlər. Bütün bunlar xalq arasında Türkiyə rəhbərliyinə etibarsızlıq yaratmaq məqsədi daşıyır". 

Milli.Az


Tags:  Türkiyədəki dəhşətli terroru Rusiya törədib


RƏYLƏR


Top news