“Bandotdel”: Azərbaycanda şəriət dövləti yaratmaq istəyən birlik ifşa olunub

“Bandotdel”: Azərbaycanda şəriət dövləti yaratmaq istəyən birlik ifşa olunub
16:22 14 Yanvar 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda konstitusion quruluşun zorla dəyişdirilərək şəriət qaydaları ilə idarə olunan dövlət yaratmaq niyyətində olan cinayətkar birlik ifşa olunub. ANS PRESS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində keçirilən əməliyyat müşavirəsində bildirilib. Müşavirədə hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin nəticələri barədə çıxış edən Baş İdarənin rəisi, polis general-mayoru Seyfulla Əzimov belə deyib.

Onun sözlərinə görə, həmin birliyin üzvlərindən hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimətdə istifadə etməyə hazırlaşdıqları xeyli sayda odlu silah və partlayıcı maddə götürülüb. Gələcəkdə analoji neqativ meyillərin yaranmasının qarşısının alınması üçün tədbirlər görülür.

Kriminogen duruma mənfi təsir göstərmək baxımından odlu silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə də xüsusi diqqət yetirilib. Hesabat dövründə respublika üzrə qanunsuz silah saxlama ilə bağlı qeydə alınmış cinayətlərin 8,9 faizi Baş İdarə tərəfindən aşkar olunub. Baş İdarənin bu sahədə əvvəlki hesabat dövrü ilə müqayisədə göstəriciləri cinayətlərin sayında 2,7 dəfə, götürülmüş silahların sayında isə 2,5 dəfə yaxşılaşıb.

Satış və ya satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 43 fakt aşkar olunub, ümumilikdə, qanunsuz dövriyyədən 40 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bildirilib ki, keçirilmiş tədbirlərlə Bakı şəhərində, habelə Sumqayıt, Qəbələ və Ağsuda bir sıra mülkiyyət əleyhinə cinayətlər törətmiş, ümumilikdə, 19 nəfərdən ibarət 2 dəstə zərərsizləşdirilib. Quldurluq və qəsdən adam öldürmə, dələduzluq, habelə keçmiş illərdən adam oğurluğu və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə axtarılan 6 nəfərin tutularaq istintaqa təhvil verilməsi təmin olunub. Adam oğurluğu və hədə-qorxu ilə tələb etmə ilə mübarizəyə də xüsusi diqqət yetirilib, 18 hədə-qorxu ilə tələb etmə cinayəti aşkar edilib.

Ölkənin iqtisadi təhlükəsizliyinə zərbə vuran saxta pul əskinaslarının dövriyyəyə buraxılmasına qarşı mübarizə davamlı olub, bu sahədə respublika üzrə 45 cinayət faktı qeydə alınıb. Dövriyyədən çıxarılmış saxta əskinazların 50 faizindən çoxu Baş İdarənin əməkdaşları tərəfindən aşkar olunub.

İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 98,3 faizinin və ya 2 milyon 755 min manatın ödənilməsi təmin olunub.

Müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, hesabat dövründə Azərbaycan Beynalxalq Bankından külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə Baş İdarədə başlanılmış cinayət işinin istintaqı DİN rəhbərliyinin nəzarəti altında davam etdirilir, vurulmuş maddi ziyanın ödətdirilməsi istiqamətində bütün mümkün tədbirlər görülür. Hazırda cinayət işinin ibtidai istintaqının yekunlaşma mərhələsində olmasına baxmayaraq, əlavə cinayət faktlarının aşkar olunması, eləcə də bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri gündəlik nəzarətdə saxlanılır.

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2015-ci ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirədə iştirak edib.

Nazir ötən il din pərdəsi altında radikalizmi, fanatizmi, cəmiyyətdə ayrı-seçkiliyi və qarşıdurmanı təbliğ edən şəxslərin və təriqətlərin hüquqazidd fəaliyyətinin qarşısının alınması sahəsində fəaliyyətin nəzərəçarpan olduğunu, ilin sonlarında Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyat zamanı Baş İdarə əməkdaşlarının cinayətdə şübhəli şəxslərin tutulmasında, zərərsizləşdirilməsində, qanunsuz saxlanılan odlu silahların və partlayıcı maddələrin yığılmasında, istintaq-əməliyyat tədbirlərində fəal iştirak etdiyini diqqətə çatdırıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR